“Hökumət qadının çiyninə məsuliyyət qoymalıdır”

  • 05 dek 2016, 19:42
Azərbaycanda qadın sahibkarlığı ümumi sahibkarların  19,4 faizini təşkil edir. İnkişaf etmiş ölkələrdə isə mənzərə fərqlidir.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin tədqiqatçıları ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində müəyyənləşdiriblər ki, Fransa və Böyük Britaniyada bütün firmaların dörddə birinə, Almaniyada üçdə birinə qadınlar rəhbərlik edir. Yaponiyada bu rəqəm 23 faiz, ABŞ-da 38 faizdir.

Tədqiqatçılar bu nəticəyə gəliblər ki, Azərbaycanda qadın sahibkarlığını dəstəkləyən dövlət proqramları yoxdur, biznesmen qadınların üzləşdikləri çətinliklər daha çox ümumi sahibkarlıq kontekstində təhlil olunur. 

Azərbaycanda qadınların sahibkarlarlıqla məşğul olmasında hansı problemlər mövcuddur, iş adamı olmaq istəyən xanımlar hansı çətinliklərlə üzləşirlər?

"Şəms” ev tekstilinin rəhbəri Mehparə Məmmədova uzun illərdir biznes sahəsindədir. Özünü həm restoran sektorunda, həm inşaat, həm tekstil, həm də daş karxanası sahəsində sınayıb, daha doğrusu, bu istiqamətlər üzrə biznesini qurub. O, "Bizim Yol”a müsahibəsində sahibkarlıqda qadın olmanın çətinliyindən tutmuş bir iş adamının təfəkkür tərzinə qədər cəmiyyəti narahat edən hər şeydən danışdı. 

-Mehparə xanım, biznesə nədən başladız və ilk kapitalı hardan aldınız?

-İnanmazsınız, inşaat sektorundan başladım. Mən yaxşı ev dizaynları çəkirəm. Marağım vardı, öyrənmişdim, atamla həyat yoldaşım məni həvəsləndirdi ki, bu işi bacararam. O vaxt mənə çox böyük pul verdilər, 32 yaşımda mən 500 min manatla inşaata başladım.  Yoldaşım dedi ki, sən bunu bacaracaqsan. Onun inamı mənə dəstək oldu. Mən də işə başladım və itirmədim. Ordan qazandığımı digər sahələrə yönəldib iş yerləri açdım. Məsələn, o zaman gördüm ki, bir çox rus mühasiblər çıxıb getdilər, bu sahədə boşluq yarandı. Mühasib qadınları yığıb kiçik bir iş qurdum. Paltarlarımı özüm tikirdim, hamı da çox bəyənirdi. Moda atelyesi açdım. Bu yaxın illərdə daş işinə girdim, açığı, bu sahəni heç bilmirdim. Ancaq işlədikcə, öyrəndim və uğur qazandım. 

-Tabularla üzləşmisizmi?

-Əlbəttə. Tenderlər olur, qatılıram, şirkətin rəhbəri mənəm deyə məcburam çox yerə özüm gedəm. Belə yerlərdə də əksəriyyəti kişi olur. Özünü diskamfortda hiss edirsən. Elə bu daş karxanası məsələsində. Gedirəm, hamısı kişilərdir. Hətta bir dəfə yoldaşımın qabağını kəsib demişdilər ki, xanımın "karyera qalxıb”. Əlbəttə, o cavabını verib, ancaq istər-istəməz narahat olursan. Uğurlu iş karyerası quran qadınlar haqqında hansısa şayiələr yayırlar. Bunlar hamısı azərbaycanlı sahibkar qadın üçün bir diskomfotdur. Ancaq iş həyatına atılmaq istəyən qadın ailəsindəki kişilərin dəstəyini görsə, daha çox uğur qazanar. Təbii ki, mən də bəzi maneələrdən keçmişəm, vaxt olub deyiblər ki, filan məclisə gedəmməzsən, maşın sürəmməzsən.  

"Mühit onları boğur, iş həyatından iyrənirlər”

-Bunlar sizi işdən çəkindirir?

-Yox, belə çətinliklər adamı işdən çəkindirməməlidir. Düzdür, mən güclü qadınam, amma bütün qadınlar belə deyil. Mühit onları boğur, iş həyatından iyrənirlər. Bəzən görürsən ki, kişilər qadınları əzmək istəyirlər. Buna da hər qadın tab gətirə bilmir. Ona görə istəməzdim Azərbaycanda qadınlar kişilərin daha çox təmsil olunduğu sahəyə girişsin.  Ancaq əksinə, qadının işləməsi, ailə büdcəsini artırması vacibdir. Üstəlik, sahibkar fəaliyyəti adamın çiyninə bir ictimaiyyətçi, xeyriyyəçi missiyası da yükləyir. Bilirsən ki, bunun xeyri var, şəri var. Ehtiyacı olan insanlara əl uzadırsan. 

-Qadın sahibkarın özəlliyi nədir?

-Qadınlar daha məsuliyyətli olurlar, həm dövlətinə, həm xalqına qarşı. Onlar daha humanistdirlər. Məsələn, doğuşa gedən qadın işçim olubsa, ona dəstək olmuşam,  övladına toy eləyəndə qabağa durmuşam, ev almaq istəyəndə yanına düşüb daha ucuz almaslna çalışmişam. Bankdan kredit götürəndə zamin durmuşam. Üstəlik, nə qədər qadının biznes həyatına atılmasına kömək olmuşam, hətta özümə rəqiblər də yetişdirmişəm. Kişi iş adamları, inanmıram ki, bu qədər xırdalıqları düşünsün. Məncə, onlar daha çox fikirləşir ki, gedim hardasa yeyim-içim, ya ev alım, ya daha bahalı maşın sürüm. 

"Banklar qadına etibar eləmir”

-Mehparə xanım, bəs qadın sahibkarlar kredit almaqda çətinliklə üzləşirlərmi?

-Müşahidələrimdən və təcrübəmdən danışa bilərəm. Sahibkarlığa Kömək Milli Fondundan kredit götürmüşəm. Mənə 15 min manatdan artıq verməyiblər. Banklar qadınlara etibar eləmirlər ki, ona 1 milyon, 2 milyon vermək olmaz, bu yükü qaldıra bilməz, pulu batırar. Amma xüsusi bacarığı olmayan kişiyə kişidir deyə dərhal etibar edirlər. Gəlib biznesə baxmır ki, burda 100 nəfər işləyir. Qadın işlədir də bu adamları. Problemlərdən biri də odur ki, kredit istəyəndə səndən girov üçün daşınmaz əmlak istəyirlər. Sahibkar daşınmaz əmlakı neyləyir? Əsl iş adamı əldə etdiyi gəliri daşınmaz əmlaka verib öldürməz, əksinə, yeni iş yerləri açıb fəaliyyətini genişləndirər. Mən 22 ildir sahibkarlıqla məşğulam, hələ iflas etməmişəm, mənə etibar edilməlidir axı... 

-Tədqiqatçılar hesab edirlər ki, Azərbaycanda qadın sahibkarların problemlərinə gender baxış bucağından yanaşılmır,  onların fəaliyyətini, xüsusilə kiçik biznesə gəlməsini dəstəkləyən proqramlar yoxdur. Bu məsələyə sizin fikriniz necədir? 

-Elədir, hökumət əgər yoxsulluğu aradan qaldırmaq istəyirsə, məhz qadınların biznesə gəlməsini dəstəkləməlidir, bunun üçün proqramlar olmalıdır. Qadınlar uzunmüddətli və güzəştli, hətta girovsuz kredit ala bilməlidirlər. Lap hökumət də nəzarət eləsin ki, verdiyi krediti hara xərcləyəcəm. Şəxsi ehtiyaclarıma xərcləyəsi olsam, geri alsın. Mən sahibkarlarla bağlı xaricdə konfranslarda oluram, görürəm ki, hansısa ölkənin biznesmen qadını təcrübəsindən danışır, deyir ki, dövlət kredit verib, müəyyən vaxtdan sonra  ödəməyi istəyib. Hökumət qadının çiyninə məsuliyyət qoymalıdır, deməlidir ki, al bu 5 mini, özünə iş qur. Evdə corab toxuyub satan, toyuq-cücəsiylə dolanan hər bir qadını kiçik biznesə gətirməlidir ki, öz işini qur, genişləndir. Girovsuz kredit versin. 

-Kiçik biznesə başlamaq üçün nə qədər pul lazımdır?

-Məncə, 5 min manat. Özü də mən deyirəm ki, əlinizə pul düşdümü, dərhal alıb-satmağa getməyin, xidmət sahələri var, burda da fəaliyyət göstərə bilərlər. Kiçik istehsalla məşğul olmaq olar. Özü də təkcə Bakıya yox, bölgələrə də diqqət ayırmaq lazımdır. 

S.Mehdiyeva
Oxşar xəbərlər