Həbsdə olan jurnalistin səhhətində problem yarandığı bildirilir
- 04 mart 2024, 20:13
Demokratik.az saytının təsisçisi, Gəncə Şəhər İstintaq Təcridxanasında saxlanılan Osman Nərimanoğlunun (Rzayev) vəziyyəti pisləşib. Bu barədə onun xanımı Arzu Rzayeva bildirib.
O qeyd edib ki, Nərimanoğlu revmatik xəstəlikdən əziyyət çəkir və son vaxtlar oynaqlarında ağrılar artıb, gecələr yatmır. İstintaq təcridxanasında saxlanıldığı 20 ay ərzində bir dəfə də olsun tibbi müayinə edilməyib. Hətta 15 gün aclıq etdiyində belə müayinə olunmayıb.
"Osman dəfələrlə təcridxana rəhbərliyinə müraciət edib ki, ona tibbi yardım göstərilsin. Ancaq ona ağrıkəsici dərmanlar da verilmir",- Rzayeva deyib.
Rzayeva Nərimanoğlunun Bakıda hospitala köçürülməsi xahişilə Ədliyyə Nazirliyi, Penitensiar Xidmət və Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəhbərliklərinə müraciət edib.
Osman Nərimanoğlu 5 iyul 2022-ci ildə hədə-qorxu ilə tələb etmə ittihamı ilə həbs edilib. Həbsdən sonra o bildirib ki, ittihamlar yalandır və Meliorasiya İdarəsinin məmurları, habelə Goranboy və Göygöl rayonlarının həkimləri (saytda onların korrupsiya əməlləri barədə materiallar dərc edilib) ona böhtan atıblar. Yanvarın 25-də məhkəmə onu 6,5 il müddətinə azadlıqdan məhrum edib. Hüquq müdafiəçiləri Osman Nərimanoğlunu siyasi məhbus kimi tanıyıblar.