Demokratik.az saytının həbsdə olan rəhbəri aclıq aksiyasını dayandırıb

  • 04 avq 2023, 21:48

Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında saxlanılan "Demokratik.az" saytının redaktoru Osman Nərimanoğlu (Rzayev) keçirdiyi aclıq aksiyasını 12 gündən sonra, avqustun 4-də dayandırıb.

Bu barədə "Turan"a redaktorun həyat yoldaşı Arzu Rzayeva deyib.

“Bizim xahiş və təkidimizlə Osman bu gün aclıq aksiyasının 12-ci günündə aclığı dayandırdı. O, hüquqi müstəvidə mübarizəni davam etdirəcək. Təəssüf ki, 12 gün ərzində nə Ombudsman Aparatından, nə də Baş Prokurorluqdan onun tələbləri ilə bağlı heç kəs maraqlanmayıb", - Rzayeva deyib. 

Onun sözlərinə görə, aclıq nəticəsində Osmanın səhhəti pisləşib, halsızlıq, təzyiqin kəskin aşağı düşməsi, mədəsində ağrılar, baş gicəllənməsi yaradıb. 

O qeyd edib ki, avqustun 3-də Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən növbəti məhkəmə iclasında o ayaq üstə güclə dayanırdı. 

Məhkəmənin növbəti iclası hakimlərdən birinin məzuniyyətə çıxması səbəbindən sentyabrın 7-nə təyin edilib.

2022-ci il iyulun 5-dən həbsdə olan Osman Nərimanoğlu bəyan edib ki, Göygöl rayon məmurlarının ona qarşı başlatdığı qarayaxma kampaniyasının qurbanı olub. 

Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Ondan şikayət Göygöl xəstəxanasının direktoru Vasif Əliyev, rayon Suvarma Sistemləri İdarəsinin keçmiş rəisi İlqar Məhərrəmov və daha iki həkim tərəfindən verilib.

Turan.az

Oxşar xəbərlər