Ermənini də Allah xəlq edibsə...

  • 21 fev 2017, 08:41

Xocalı həftəsinə girmişik. Pafossuz-filansız, bu faciə bizim qan yaddaşımızda həmişəlik öz "Kərbəla müsibəti”miz kimi qalacaq. Çünki 1992-ci il fevralın 25-26-da Xocalıda, azərbaycanlı çocuqların təzəcə yuxuya getdiyi o şaxtalı qış gecəsində, düşmənlə qeyri-bərabər döyüşdə təkcə igidlərimiz həlak olmayıb, erməni ikiayaqlı vəhşiləri yüzlərlə günahsız insanı - məsum körpələri, qadınları, qocaları qətlə yetiriblər.

Onların hamısının tək suçu azərbaycanlı olmaq idi. Bu üzdən Xocalı qətliamı müsibət olmaqla bahəm, yüzdə yüz xalqımıza qarşı məqsədli şəkildə planlaşdırılan və həyata keçirilən dəhşətli soyqırım aktı sayılır. Daha doğrusu, bu, 100 il öncə başlamış soyqırım aktlarının davamı idi.

Hədəf isə yerli azərbaycanlı əhalini qorxutmaq və onu başqa kənd-şəhərləri də sürətlə boşaltmağa vadar eləmək idi. Erməni yırtıcıların sağ qalanlara verdikləri ağlasığmaz işgəncələr, meyitlər üzərində təhqiramiz hərəkətləri və alçaqlıqları da eynən buna hesablanmışdı - azərbaycanlılarda heç vaxt unutmayacaqları xof yaratmaq.

Milli qəhrəmanlarımız Mübariz İbrahimovun, Çingiz Qurbanovun cəsədlərini qaytarmaqdan aylarla imtina edən, meyitdən belə qisas alanlar onlar idi - katolikosuna kimi türkə nifrətlə yaşayan ermənilər. Bu dəst-xəttin, insanlığa sığmayan hərəkətlərin müəllifi sözsüz ki, onlar idi! Bu məsələdə tərəddüdlərə, şübhələrə, ikinci söhbətə əsla yer ola bilməz. Təəssüf ki, hər ildönüm yaxınlaşanda içimizdə bu xüsusda şübhə-gümanlara baş vuranlar tapılır.

Bu yerdə jurnalist həmkarımız, Qarabağ qazisi Rey Kərimoğlunun sözünə haqq verməmək olmur. Xocalıdakı müsibəti öz gözləri ilə görmüş bu cəsur insan ermənilər haqda deyib: "Bəzən söyləyirlər ki, pisin, cinayətkarın milləti olmaz. Mən də razı! Amma mən erməniləri tanıdıqca, onların vəhşiliyinin şahidi olduqca, onlar haqqında başqa cür düşünməyə məcburam: ermənilər barmaqla sayıla biləcək qədər istisnalar olmaqla, toplum olaraq xəstədirlər, ləyaqətsiz və yaramazdılar!”

O fikri ümumən hamı bölüşür ki, qatil millətlər olmur. Ancaq nə edəsən ki, yaxşı tanıdığımız ermənilərə münasibətdə adamı şübhələr boğur, istisnaya meyl edirsən. Əgər elə deyilsə, əgər ermənilər də normal xalqın mənsublarıdırsa, əgər onları da Allah xəlq edibsə, o zaman nədən toplum olaraq ötən 25 ildə bizdən üzr istəmək o yana qalsın, heç olmasa, Xocalı soyqırımına görə özləri üçün quru utanc hissi keçirməyiblər, etirafda-filanda bulunmayıblar?

Əksinə, onlar Xocalı qətliamını hələ də "Xocalının türklərdən azad olunması” kimi dünyaya sırımağa həyasızcasına davam edirlər. Bütün bunlar azmış kimi, üstəlik, Xocalı hərbi canilərini - əlləri körpə qanına bulaşmış, hətta bunu etməkdən qürur duyduqlarını gizlətməyən Robert Köçəryanı, Serj Sərkisyanı, Seyran Ohanyanı miskincəsinə gətirib olmayan dövlətlərinin başına qoyublar, ölkənin rəhbəri, müdafiə naziri ediblər!

Bu - elə "Xocalı soyqırımını düz edib törətmişik” demək deyilmi? Bişəkk ki, elə o deməkdir. Belə bir xalqı indi necə xəstə adlandırmayasan? Bir xalq ki, işğal faktı ilə azadlıq məfhumunu qarışıq salır, Şuşanın, Xocalının, Dağlıq Qarabağın, həmçinin bir erməninin belə heç vaxt yaşamadığı digər 7 rayonun işğalını "ərazilərin türkdən azad edilməsi” hesab edir, ondan hansısa başqa mənəvi, mədəni, bəşəri keyfiyyət gözləməyə dəyərmi?

Biz bax, belə məkrli, namərd və xain düşmənlə, elementar humanizm keyfiyyətindən xali cılız bir millətlə qabaq-qənşərik, müharibə vəziyyətindəyik. Belə bir toplumun indi durub Türkiyəyə qarşı soyqırım davası açması isə məntiq sərhədlərini də darmadağın eləmək deməkdir.

Əlbəttə ki, "erməni xəstəliyi” bizim yox, erməni xalqının, ən əvvəl onun "aydınlarının”, lap elə erməni katolikosunun problemidir. Canları çıxsın, erməni uşaqlarını insana maniakal nifrət yox, sevgi ruhunda böyütsünlər. Nə qədər ki, qonşu toplum bu problemi çözməyib, heç vaxt Qafqazda dinclik və əmin-amanlıq olmayacaq. Öncəliklə də elə uşaqlı-böyüklü ermənilərin özləri üçün.

Zahid Səfəroğlu

Oxşar xəbərlər