İnqilab, yoxsa boyunduruğun təzələnməsi?

  • 08 may 2018, 08:23

Şuşasızlığın 26-cı ildönümünü yaşayırıq. Bu günlər hamımızı ən çox düşündürən sual yəqin ki, budur: işğal görən, daha nə qədər uzanacaq? Sözsüz ki, türkə qarşı rus-erməni ittifaqı durduqca Şuşamızı, digər şəhər və kəndlərimizi girovluqdan çıxarmaq çətin olacaq.

Ancaq bu, əsla əl-qolumuzu sallayıb taleyimizlə barışmaq anlamına gəlmir. Biz hər şeydən öncə elə rus-erməni birliyini sarsıtmağın və ya onu zərərsiz hala gətirməyin yolunu tapmalıyıq ki, erməni-rus işğal ortaqlığı da tez bitsin...     

Bu günlər diqqət sövq-təbii işğalçı ölkədəki məlum olaylara yönəlib. Məşhur rusiyalı telejurnalist Mixail Leontyev oradakı prosesləri şərh edərkən ibrətamiz fikir söyləyib. Deyib ki: "Erməni xalqı istisnasız olaraq bizim sayəmizdə mövcuddur. Bu xalqın bizi şantaj etmək haqqı yoxdur. Rusiya olmasaydı, nə Ermənistan olardı, nə də bir erməni. Təbiətdə erməni ola bilməzdi”. 

Haqlıdır. Rusiya olmasaydı, təbiətdə "Qırmızı kitab”a salınası bircə ikiayaqlı hay belə tapmaq mümkün olmazdı. Ruslar olmasaydı, işğal olmazdı, Xocalı soyqırımı baş verməz, Şuşa 26 ildir düşmən əsarətində qalmazdı.

Bu da faktdır ki, torpaqlarımız əsasən Azərbaycanda dövlət çevrilişi dönəmlərində itirilib. Bəs çevrilişlərin sponsoru, ilhamvericisi, rejissoru kim olub? Surət Hüseynovu, Əlikram Hümbətovu legitim hakimiyyətə qarşı kim qızışdırıb, quldur yuvası Xankəndi təslim olmaq üzrə ikən onları hərbi qüvvələri Qarabağdan çəkib Bakıya yönəltməyə kim şirnikləndirib?

Yenə Rusiya, onun məxfi xidməti, hərbi kəşfiyyatı. Rusiya olmasaydı, çevrilişlər olmazdı təbii ki. Tarixi Azərbaycan torpaqlarında "Ermənistan” adlı süni və qondarma dövlətin, qondarma "dqr”in yaradılması da müstəsna olaraq onun - rusun sayəsindədir. 

Yeri gəlmişkən, bəzi ekspertlər Ermənistandakı son hadisələri "inqilab” adlandırırlar. Qətiyyən. İnqilab bir xalqın həyatında, idarəçilik sistemində köklü, radikal dəyişikliyə aparan hadisədir. İşğalçı ölkədəki dava isə "yorğan davası”dır, bir vassalın digəri ilə əvəzlənməsi prosesidir.

Aydın məsələdir ki, Kremldən rüsxət alınmasaydı, İrəvandakı Rusiya səfirliyi "dobro” verməsəydi, Nikol Paşinyanın baş nazirlik yolu açılmazdı. Onun Rusiya əleyhinə hər hansı bəyanat səsləndirməməsi, Ermənistanın Moskvanın təsir və nüfuz zonasında qalacağı barədə dönə-dönə zəmanət verməsi də qonşu ölkədə hərəkatın ölkəni boyunduruqdan çıxarmaqdan daha çox, boyunduruğu yeniləməklə bağlı olduğuna şübhə saxlamır...

Məşhur deyim var: "Qul öz qul vəziyyəti ilə barışmırsa, o, artıq qul deyil, inqilabçıdır, barışırsa, demək, elə kölədir ki var”. Ermənistandakı hadisələr də Rusiyanın köləsi olmaqdan imtinaya, qurtuluşa gətirməyəcək. Bu, heç düz-əməlli hakimiyyət dəyişikliyi də deyil. Deyildiyi kimi, yalnız vassal dəyişikliyidir. Erməni xalqı, xüsusən də sadəlövh gənclik tezliklə bundan əmin və məyus olacaq.

Ermənilər ona da xatircəm olacaq ki, erməni xalqının xoşbəxtliyi Rusiya ilə "əbədi ittifaq”da, Azərbaycan və Türkiyə ilə düşmənçilikdə deyil. Əksinə, Azərbaycan və Türkiyə ilə dostluq və müttəfiqlikdədir. Şuşanın işğalı da o qədər uzanacaq ki, ermənilər başqasının bədbəxtliyi üzərində xoşbəxtlik qurmağın mümkünsüzlüyünü, nəhayət, anlayacaqlar.

Anlamasalar, yaxud gec anlasalar, proses çox uzansa, anlatmalı olacağıq, Azərbaycan əsgəri anlatmalı olacaq. Əyani şəkildə, aprel qulaqburmasından qat-qat ağrılı formada...

Oxşar xəbərlər