Gəncə 20 yanvar qırğınından necə xilas olub?

  • 20 yan 2018, 13:31

    1990-cı ilin 20 yanvar faciəsi göstərdi ki, özünün hüquq-azadlığı və torpağı uğrunda ayağa qalxan Azərbaycan xalqına qanlı divan tutmaqla Sovet imperiyasının sonuncu "İmperatoru”, qatı ermənipərvərliyi ilə ad çıxarmış M.Qorbaçov millətlərin azadlıq mübarizəsini beşiyindəcə boğacağını zənn edirdi. Həmin ərəfədə Qorbaçovun imzaladığı fərmanda xüsusi olaraq tapşırılırdı ki, "müqəssirləri məsuliyyətə cəlb etmək üçün Bakı, Gəncə şəhərində və digər yaşayış məntəqələrində qadağan saatı tətbiq edilməsi də daxil olmaqla hər cür tədbirlər görülsün”. Fərman özlüyündə müstəqillik amalımızı boğmağa yönəlmişdi.

Fərmanda "hər cür lazımi tədbirlər görülməsi” nəzərdə tutulan yalnız iki şəhərin – Bakı və Gəncənin konkret adı çəkilirdi. Qara kabus ilk növbədə bu iki şəhərləri hədəfə almışdı.

SSRİ-nin ən say-seçmə qoşun birləşmələri Azərbaycana göndərilmişdi. Sov. İKP MK katibləri, Siyasi Büronun üzvləri, müdafiə və daxili işlər nazirləri, digər güc strukturlarının rəhbərləri, generallar, admirallar bir neçə həftə qabaqcadan Bakıya gəlib Qorbaçovun əmrini yerinə yetirmək üçün əməliyyat planı hazırlayırdılar.

İstər Moskva emissarlarının, istərsə də respublika rəhbərlərinin mətbuatda, radio və televiziyada çıxış edərək, heç bir cəza tədbiri keçirilməyəcəyi barədə verdikləri yalançı vədlərə baxmayaraq, yanvar ayının ortalarından etibarən qırğının qaçılmazlığı açıq-aşkar hiss olunurdu. Bakının və Gəncənin ətrafına Sovet ordusu hissələri gətirilmişdi. Onlar əsasən azərbaycanlılara qarşı nifrət hissi aşılanmış, vəhşiliklər törətməkdə təsrübəsi olan peşəkarlardan,  habelə erməni hərbçilərdən və ehtiyatda olan zabitlərdən təşkil edilmişdir. 

Kreml Bakıya və Gəncəyə eyni vaxtda hücum etməyi planlaşdırmışdı. Yanvarın 19-dan 20-nə keçən gecə müasir hərbi texnika, döyüş maşınları və hətta qadağan edilmiş silahlarla təchiz edilmiş sovet qoşun birləşmələri qəflətən Baklıya daxil olaraq misli görünməmiş vəhşiliklər və qırğın törətdilər. Silahsız insanlar avtomatlarla atəşə tutuldular, tankların və zirehli texnikaların təkərləri və tırtılları altında qalaraq faciəli şəkildə həlak oldular. Bu qətliamda 130-dan çox soyadaşımız şəhid, təxminən 744 nəfər əlil oldu. 850-dək  vətəndaşımız isə həbs edildi. Yüzlərlə avtomobil və nəqliyyat vasitəsi yandırıldı və yararsız hala salındı.

Elə həmin gün belə  bir qətliamın Gəncədə də törədilməsi planlaşdırılmışdı. Lakin, qarşısı alındı. Bunun bəzi səbəbləri oldu və əsas səbəblərdən biri belə olub. Əvvəla, qeyd edək ki,  Sovet qoşun hissələrinin bir dəstəsi Gəncə aeroportunda qərarlaşmışdı. Onlar Moskvadan Gəncəyə əlavə qüvvə - əsgər, zabit, habelə silah-sursat, hərbi texnika gətirən iki hərbi sursatla dolu qatarı səbirsizliklə gözləyirdilər. Qatarlar axşamüstü Gəncəyə çatmalı və dərhal şəhərə hücum başlanmalı idi.  Lakin həmin qatarlar mənzil başına çata bilmədi. Gəncəyə ölüm yükü gətirən bu qatarlar üç gün – yanvarın 19-dan 21-dək Kürdəmir və Ucar stansiyalarında saxlanıldı. O vaxtlar Gəncə dəmiryol stansiyasının polis şöbəsində SƏDM (OBXSS üzrə) bölmə rəisi işləyən podpolkovnik Yusif Məmmədov Moskvadan gələn 2674-2614 nömrəli qatarların Bakı-Gəncə istiqaməti ilə hərəkət etməsi barədə xəbər tutan kimi, özünü təcili Ucar dəmiryolu stansiyasına çatdırır. Burada o, stansiyanın rəisi Namiq Rəhimovla görüşərək Ucardan keçəcək 2674 saylı qatarın saxlanılmasını tələb edir. Rəhimov bunun arzuolunmaz nəticəsini Yusif Məmmədova xatırladır. Ucar  əhalisinə baş verə biləcək hadisəni başa salır. Ucar camaatı relslərin üzərinə uzanaraq eşalonların qarşısına canlı sipər çəkir. Yusif Məmmədov bu işin məsuliyyətini öz üzərinə götürür və qatar saxılanılır. Bu şəraitdən istifadə edən Y.Məmmədov  özü elektrovozun kabinəsinə qalxaraq maşinistdən aparılan yükün sənədlərini tələb edir. Sənədlərdə "St.Kirovabad” yazılmışdı. Bu məlimatdan xəbərdar olan Y.Məmmədov başa düşür ki,  hərbi sursat ancaq "Zazalı” stansiyasında boşaldıla bilər. Beləliklə, 2674 saylı ölüm qatarı dayandırıldı. Ancaq 2614 saylı qatar isə hərəkətdə idi. Həmin qatar da dayandırılmalıydı. Bu məqsədlə Y.Məmmədov Kürdəmirə yola düşür. Birbaşa Kürdəmir Dəmir Yolu stansiyasının rəisi Allahverdi Bədəlovun kabinetinə girərək, vəziyyətdən onu halı edir. Qəti şəkildə bildirir ki,  bu qatarın hərəkəti dayandırılmalıdır. Rəislə danışdıqdan sonra Yusif müəllim  onu səbirsizliklə gözləyən camaatın qarşısına çıxaraq vəziyyət barədə onlara məlumat verir. Bu xəbəri eşidən camaat dəhşətə gəlir, hətta relslərin üzərinə uzanmaqla 2614 saylı qatarın hərəkətini əngəlləyirlər.

Kürdəmir stansiyasının sabiq rəisi A.Bədəlovun dediklərindən: -Yusif Məmmədov mənim yanıma gələndə Moskvadan Gəncəyə gedən qatarlar stansiyaya yenicə daxil olmuşdu. Sənədlərlə tanışlıqdan və vaqonlara baxışdan sonra məlum oldu ki, qatarların yükü silah-sursat və hərbiçilərdən ibarətdir. Lakin bununla belə Sovet hakimiyyətinin "qan-qan” dediyi vaxtda belə bir məsuliyyətin altına girməkdən, yəni qatarların hərəkətini dayandırmaqdan qorxurdum. Fikrimi gizlətmədim və ona açıq şəkildə bildirdim: "Qatarları saxlamaq olmaz, təcili şəkildə yol açılmalıdır”. Mən Yusif müəllimi vətənpərvər bir insan kimi tanıyırdım. Lakin nəinki vəzifəsini, hətta həyatını təhlükə qarşısına qoyaraq belə riskə gedəcəyini guman etməzdim. Rəngi avazımış halda sakit danışan Yusif müəllim indi ucadan təkrar etməyə başladı: "Sən düşünürsənmi ki, bu qatar Gəncəni dağıtmaq üçün göndərilib. Onların bir dəstəsi Gəncə aeroportundadır,  kömək çatan kimi hücuma keçəcəklər.  Bu qatarlar yalnız mənim meyitimin üstündən keçib gedə bilər”.  Ətrafımıza xeyli adam toplaşmışdı. Onlar da Yusif müəllimin tərəfini saxladılar. Qərara alındı ki, qatarlar stansiyada yox, stansiyanın yan yollarına verilərək saxlanılır. Elə də oldu.... Ertəsi gün Bakıda törədilmiş qırğın bizə də çatdı və o vaxt Yusif müəllimin nə qədər haqlı olduğunu və nə qədər günahsız insanı ölümdən qurtardığını hiss etdim. Qatarlar 3 gün orada qaldıqdan sonra geri qaytarıldı. Artıq sovet imperiyası Bakıda törətdiyi qətliama görə bütün dünyada rüsvay olmuşdu. Odur ki, təkrar rüsvayçılıqdan ehtiyatlanaraq bu məsələdə çox da irəli getmədi.

Sonra Y.Məmmədov Gəncə aeroportunun rəisi Adil Mövsümovla və onun müavini Valeri Kozinlə telefon əlaqəsi saxlayır. Onlara bildirir ki, qatarı gözləməyin, qatarlar Gəncəyə gəlməyəcəklər. Bir neçə gündən sonra Gəncə aeroportunda yerləşdirilən qoşun hissələri geriyə - Moskvaya qayıdır. 

Beləliklə, Gəncədə törədiləcək qırğının qarşısı alınır. Lakin o zamankı rəhbərlik Y.Məmmədovun bu işini qiymətləndirmək əvəzinə, ona təzyiqlər göstərdi. Y.Məmmədov isə bundan heç də məyus olmadı. Çünki o, bu addımı atanda bunları nəzərə almışdı.

Yusif Məmmədovun yaratdığı tarix 1804-cü ildə Cavad xanın yaratdığı tarixdən tamamilə fərqlənir.

1804-cü ildə Cavadxan rus hərbi komandanı Sisyanovun məktubuna cavabına bildirdi: "Rus ordusu ancaq mənim meyidimin üstündən keçib Gəncəyə daxil ola bilər”. Bu belə də oldu. Cavadxan şəhid olandan sonra rus ordusu Gəncəyə daxil ola bildi. Lakin o, Cavad xanın göstərdiyi qəhrəmanlığın qarşısında baş əydi.

1920-ci ildə  Sovet qoşunları kütləvi qırğınlar törədərək Gəncəni işğal edə bildi. Elə həmin dövrdə Yusif Məmmədovun babası Xəlil Məmmədov da rus qoşunları tərəfindən vəhşicəsinə güllələndi.

1990-cı il 19 yanvarında isə Sovet İmperiyasıənın rəhbəri Qorbaçov Gəncəyə qoşun yeridəndə Yusif Məmmədov bunun qarşısını qan tökülmədən aldı. Rus qoşunlarını saxladığına,  Gəncə qətliamının qarşısını aldığına görə Yusif Məmmədov uzun illər təzyiqlərə məruz qalsa da, öz əqidəsindən dönmədi. Torpağı şəhid qanı ilə  suvarılmış Qarabağda döyüş vaxtı ağır yaralandı və əlil oldu.

Hamımıza məlumdur ki, şərəfli həyat yolu keçmək, torpağını, vətənini qanı bahasına qorumaq hər kəsə nəsib olmur. Bunun üçün qəhrəman doğulmaq lazımdır.

Yusif Məmmədov bu gün də Gəncə şəhər veteranlarının ümid yeri, inam yeridir.  O, veteranların evlə, maşınla təmin olunmalarında əlindən  gələn köməyi əsirgəmir. Onların sənədlərinin hazırlanması, qaydaya salınmasını özünün vətəndaşlıq borcu hesab edir. Eləcə də müəssisə və təşkilatlarda veteranların hüququ pozulanda Yusif müəllim bir hüquqşünas kimi onların müdafiəsinə qalxır, haqq-ədalət yerini tutana kimi  rahatlılq nə olduğunu bilmir.

Həmçinin Yusif  Məmmədov gənclərin sağlam ruhda yetişməsi üçün vaxtaşırı çağırış məntəqələrində, təhsil ocaqlarında, mədəniyyət müəssisələrində və digər təşkilatlarda veteranların görüşlərini təşkil edir.

Y.Məmmədovun qəhrəmanlığı, igidliyi barədə respublika mətbuatında onlarla məqalə və oçerk işıq üzü görmüş, tanınmış şairlərimiz tərəfindən ona çoxlu sayda şeir və poema həsr olunsa da dövlətimiz tərəfindən ona layiq olduğu qiymət bu günə kimi verilməmişdir. 

Yusif Məmmədov hazırda Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Şurasının Gəncə şəhər Təşkilatının sədridir, Qarabağ Müharibəsi veteranı və II qrup əlildir. Bu gün Gəncəlilərin xatirində Polkovnik Yusif  Məmmədov 20 yanvar qırğınının Gəncədə törədilməsinin qarşısını alan qəhrəman kimi xatırlanır. "Demokratik.Az" saytı müxtəlif vaxtlarda yerli telekanalların lentə aldığı bir neçə videosüjeti də diqqətinizə çatdırırıq.



 

"Demokratik.Az"


Oxşar xəbərlər