Gəncə sakinlərinin su dərdi - bir də ŞİKAYƏTƏ yarıtmaz cavab
"Demokratik.Az"-ın elektron poçtuna Gəncə sakini, vətəndaş Elçin Məhəmməd oğlu Cavadov tərəfindən müraciət daxil olub. Ölkə başçısına müraciət etdiyini bildirən şikayətçi yazır ki, qızmar yay günlərində susuzluq dərdindən əziyyətlərə düçar olublar. Xeyli müddətdir şəhərin Həsən Əliyev küçəsindəki mövcud su probleminin həllinə səy göstərsələr də, yuxarılara bu barədə yazsalar da çıxış yolları daşa dirənib. E. Cavadov bildirir ki, hətta onun şikayət məktubuna Azərbaycan Respublikası "Azərsu" açıq səhmdar cəmiyyəti tərəfindən qeyri-müəyyən cavab da göndərilib. Bu isə haqlı olaraq sakini lap özündən çıxarıb. Tutarsız və bəlkə də savadsızca hazırlanan cavabda vətəndaşa bunlar izah edilib:
"Sizin içməli su təchizatı ilə bağlı Azərbaycan
Respublikası Prezidentinə və "Azərsu" ASC-nin sədrinə etdiyiniz
müraciətə "Birləşmış Sukanal" Məhdud Məsuliyyətli Cəmiyyətində
baxılmışdır. Məlumat üçün bildiririk ki,Əziz Əliyev küçəsində yaşayan əhali və
digər abonentlər içməli su ilə ərazidə yerləşən dalma və mərkəzdənqaçmə
nasosları vasitəsi ilə təmin edilir.Nasoslarda yaranmış nasazlıq müəssisə tərəfindən
bərpa edilərək vətəndaşlara tərtib edilmiş qrafik üzrə su verilir və suyun
verilməsi nəzarətdə saxlanılır."
İmza: Direktorun birinci müavini Vəli Həsənov
Cavab məktubunu alar-almaz şikayətçi gülməklə kifayətlənməli olub və yenidən ölkə başçısına müraciət etmək zorunda qalıb.
Şikayətçi sonuncu məktubunda cavab məktubu ilə razılaşmayaraq bunları yazıb: SİTAT: "Cənab Prezident! Məlumunuz edirik ki, Gəncə şəhərində içməli su xüsusi su maşınları ilə daşınaraq yaşayış binalarının qarşısında 10 litri 40 qəpiyə satılır və yaxud "Qazel" tipli maşınlarda kanistrlərə doldurularaq 10 litri 40-50 qəpiyə pərakəndə şəkildə satılır. Bizim şikayət etdiyimiz su isə ,"Azərsu" rəhbərliyinin ərizəmizə cavabında iddia edildiyi kimi içməli su deyil. Bu artezian suyudur və yüksək codluq dərəcəsinə malikdir.
Digər tərəfdən, bu su ambara vurulur və ambarın içərisində isə siçovul leşinə kimi hər şey var. Həmin ambardan isə iki gündən bir, 30 kVt-lıq mərkəzdənqaçma nasosu ilə cəmi 2 saat müddətinə növbə ilə yaşayış binalarına verilir. Əhali isə bu suyu "Aqidel" tipli motorlarla yaşayış binalarının damında olan su çənlərinə vurur və qənaətlə istifadə edir. Bu su içməli su ola bilərmi?
Digər tərəfdən, "Demokratik.Az"ın araşdırmasına görə, həqiqətən də şikayətçinin məktubu tamamilə başqa məzmunda olub.
E. Cavadovun öz müraciətini nəzərə alıb, məntiqsiz cavaba səbəb olan məlum müraciəti diqqətə çatdırırıq:
"Azərbaycan Respublikasının Prezidenti İLHAM ƏLİYEV cənablarına;
Məlumunuz edirik ki, biz Gəncə şəhər,Əziz Əliyev küçəsində yaşayırıq. Biz məcburiyyətdən Sizə müraciət edirik,aidiyyəti orqanlara dəfələrlə müraciət etsək də, hələ də heç bir tədbir görülməyib.
Məlumunuz edirik ki, yaşadığımız ərazini su ilə təmin edən artezian motoru 27 ədəd 4 mərtəbəli yaşayış binasına , çoxlu həyət evlərinə,1 universitet binasına xidmət edir.Əvvəllər burada suyu təzyiqlə verən motor 55 kVt gücündə idi.Su idarəsi bu motoru 45 kVt-lıq motorla əvəz etdi.Onsuz da biz su ilə təmin olunmurduq.Bu motorun verdiyi su yaşayış binasınin 2-ci mərtəbəsinə ancaq qalxırdı.Hər bir adam əlavə olaraq "Aqidel" markalı motor qoşurdu ki,su götürə bilsin. İndi isə su idarəsi xeyli vaxtdır ki, həmin 45 kVt-lıq motoru 30 kVt-lıq motorla əvəz edib.Hələ üstəlik, yaxınlıqda olan özəl tədris kursu və uşaq baxçası yerləşən binanı,habelə təzə qurulan Gəncə Avropa Parkını da daimi olaraq bu xəttə qoşublar, oradakı su çiləmə qurğuları da bura qoşulub. Nasosxanada su iri bir ambara yığılır və oradan da həmin 30 kVt-lıq mühərriklə əraziyə verilir.Bu ambarın içərisində isə antisanitariya hökm sürür.
Yaşayış binalarına su iki gündən bir 2 saat verilir.Bu 30 kVt-lıq motorun gücü çatmır,nəticədə su birinci mərtəbələrə gəlmir ki,heç olmasa "Aqidel" nasoslarından istifadə edib su götürək.Su idarəsinə dəfələrlə müraciət etmişik,tədbir görən yoxdur.Şəxsən mən, dəfələrlə su maşınları gətirib çənə su vurdurmuşam.Su verilməsə də bizə borc olaraq su pulu yazılır. Xahiş edirik ki,ərazini su ilə təmin edən mərkəzdənqaçma nasosunun yenidən 55 kVt-lıq qoyulması üçün aidiyyəti şəxslərə lazımi göstəriş verəsiniz .
Elçin Məhəmməd oğlu Cavadov
Ünvan: Gəncə şəhəri,Əziz Əliyev küçəsi,11
"Demokratik.Az" qarşı tərəfin də söz haqqına hörmətlə yanaşır...
"Demokratik.Az"
