Gəncədə işıqlar niyə keçir?-şikayət

  • 22 may 2017, 12:27

Gəncə şəhərində Dəmiryolu vağzalı ərazisində yaşayan minlərlə sakin "Azərişıq” ASC-nin fəaliyyətindən narazıdır. Şəhərin Heydər Əliyev prospektində yerləşən 2-ci, 4-cü, 6-cı binalarında müxtəlif vaxtlarda işığın verilməsində uzunmüddətli məhdudiyyətlər yaranıb. Analoji hal Gəncə şəhəri Dəmiryol Vağzalını əhatə edən küçədə də yaşanıb.

"Demokratik.Az”-a bu barədə məlumat verən sakinlərin dediyinə görə, təkcə ötən gün-21 may 2017-ci il tarixində, səhər saat 08:00 radələrindən axşam 21:00 radələrinədək istehlakçılara fasiləsiz verilməli olan elektrik enerjisi kəsilib. Şikayətçilər bildirir ki, "Azərişıq” ASC nədənsə bu ilin mart ayından etibarən işinin öhdəsindən lazımınca gəlmir, vətəndaşlara bilinməyən səbəblər üzündən mənzillərin işığı mütamadi şəkildə qəfildən kəsilir. Dəfələrlə sakinlərə cavab olaraq aidiyyatı Vağzalyanı elektrik şəbəkədən  müxtəlif bəhanələr uydurulur, problemin kökü araşdırılmır. Vətəndaşların dediyinə görə, əvvəllər "Azərenerji”-nin dönəmində belə hallar baş vermirdi, indi isə nədəndə işığın kəsilməsi ənənə halını alıb. Vətəndaşlar düşünür ki, "Azərişıq” bu yolla işığa qənaətçilik yolunu tutur. Bundan başqa, ərazidə fəaliyyət göstərən qeyri-yaşayış, çayxanalar və ticarət-iaşə obyektləri mənzillərdən fərqli olaraq, 24 saat elektrik enerjisi ilə tam təmin olunur. Bu da maraqlı suallar doğurur. Belə çıxır ki, Azırişıq sahibkarlarla sakinlər arasında ayrıseçkiliyə yol verir.

"Demokratik.Az” məlumatı dəqiqləşdirmək məqsədilə Azərişıq ACS-nin Gəncə şəhər şöbəsi ilə əlaqə yaradıb. Saytımıza bildirilib ki, əraziyə işığın verilişindəki müxtəlif məhdudiyyətlər yüksək gərginlikli elektrik naqillərində aparılan əməliyyat işləri ilə əlaqədar olub. Ərazidəki elektrik şəbəkəsində ötən gün ortaya çıxan problem isə aradan qaldırılıb və hal-hazırda Gəncə şəhərində istehlakçılara elektrik enerjisinin verilişində heç bir problem yaşanmır. 

 

"Demokratik.Az"    

Oxşar xəbərlər