Müxalifət “su pulu” ilə maliyyələşə bilərmi?

  • 21 avq 2019, 09:45

Sərdar Cəlaloğlu: "Bir müxalif partiyanın orta səviyyədə fəaliyyət göstərməsi üçün ayda 50-100 min manat vəsait lazımdır”

Babək "Sirab” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Namiq Novruzov son zamanlar bəzi xəbər saytlarında Müsavat Partiyasını bu şirkətin maliyyələşdirməsi haqqında yayılan məlumatlara aydınlıq gətirib. N.Novruzovun bəyanatında deyilir ki, bu səpkili xəbərlərin meydana çıxmasına səbəb Avropada yaşayan və özünü müsavatçı jurnalist kimi təqdim edən Laçın Məmişovun "Youtube” kanalında yayımladığı bir videodur. Həmçinin xəbərlər Babək "Sirab” ASC-yə məxsus "Sirab” mineral sularının fotoşəkilləri də yerləşdirilərək yayımlanıb.

Bəyanatda daha sonra bildirilir: ""Babək ”Sirab" ASC olaraq məsələ ilə bağlı araşdırmalarımızdan sonra bəlli olur ki, sözügedən jurnalistin açıqlamasında yuxarıda da qeyd etdiyimiz kimi, Babək "Sirab” ASC-dən yox, Avropada yaşayan hansısa Azərbaycan vətəndaşı tərəfindən elə Avropa ölkələrinin birində qeydiyyatdan keçirilən və orada da fəaliyyət göstərən "Sirab Europa Gmhb” adlı bir şirkətdən bəhs edilir.

Babək "Sirab” ASC olaraq qətiyyətlə bildiririk ki, Avropada qeydiyyatdan keçən həmin "Sirab Europa Gmhb” adlı şirkətin Naxçıvanda qeydiyyatdan keçən və ölkəmizdə fəaliyyət göstərən Babək "Sirab” ASC ilə yaxından və uzaqdan heç bir əlaqəsi yoxdur.

Lakin bir sıra yerli xəbər saytları bu informasiyanı Babək Sirab" ASC rəhbərliyi ilə heç bir dəqiqləşdirmə aparmadan Babək "Sirab” ASC-yə məxsus "Sirab” mineral sularının fotoşəkillərindən də istifadə etməklə öz xəbər saytlarında yayımlamışdılar. Babək "Sirab” ASC-yə və "Sirab” markasına yönəlik qeyri-dəqiq informasiyanı yayan xəbər saytlarından yanlışlarını düzəldərək təkzib vermələrini tələb edir, əks təqdirdə, haqqımızı hüquqi müstəvidə qorumaq üçün bütün zəruri addımları atacağımızı bildirmək istəyirik".

Bəs bir müxalifət partiyasının orta səviyyədə fəaliyyəti üçün təxminən nə qədər vəsait lazımdır?

ADP sədri Sərdar Cəlaloğlu "Yeni Müsavat”a bildirdi ki, "Siyasi partiyalar haqqında” Qanuna görə, dövlətin, hökumətin siyasi partiyalar qarşısında öhdəliyi var. Bu öhdəliyə siyasi partiyaların fəaliyyətinin normal həyata keçirilməsinin təmin edilməsi, partiyaları yerlə təmin etmək, dövlət tərəfindən qanunauyğun şəkildə maliyyələşdirmək və sair məsələlər daxildir. Qanuna görə siyasi partiyalar həmçinin fərdlərin, iş adamlarının, özəl müəssisələrin verdiyi ianələrlə maliyyələşməlidir. Odur ki, hansısa bir özəl şirkət, o cümlədən iş adamı hansısa siyasi partiyaya ianə verirsə, burada qanundankənar heç bir hal yoxdur: "Sadəcə olaraq, bu gün Azərbaycanda bir qəribə vəziyyət yaranıb. Hökumət müxalifət partiyalarını parlamentə buraxmır ki, bu partiyalar dövlət büdcəsindən maliyyələşsin. Amma bu partiyaların yaşaması üçün qeyri-rəsmi şəkildə maliyyələşdirilməsi halları baş verir. Bir tərəfdən də Azərbaycanda müxalifət partiyalarına iqtidarın iradəsindən kənar maliyyə dəstəyi verən insanlar, özəl müəssisələr ciddi təqibə məruz qalır. Ona görə də kimlərsə hansısa müxalif partiyaya ianə verirsə, bu yardımlar son dərəcə gizli şəkildə həyata keçirilir. İş adamları bilsələr ki, partiyalara maliyyə yardımı etdiklərinə görə təqib olunmazlar, biznesləri çökdürülməz, o zaman ianələrini də şəffaf şəkildə verərlər və partiyaların maliyyələşdirilməsi sahəsində böyük irəliləyiş baş verər, partiyalar maliyyə sıxıntısı çəkməzlər”.

ADP sədrinin sözlərinə görə, siyasi partiyaların inkişafında maliyyə faktoru ciddi əhəmiyyətə malikdir: "Partiyalar dövlət üçün kadrlar yetişdirir və konstitusiyamıza görə siyasi sistemin tərkib hissəsidirlər. Ona görə də hökumət partiyaların inkişafında maraqlı olmalıdır. Çox təəssüf ki, bu gün müxalif siyasi partiyanın iqtidarın iradəsindən kənarda hansısa özəl şirkət və ya iş adamı tərəfindən maliyyələşdirilməsi məsələsinə kriminal hadisə kimi yanaşılır. Hərçənd ki, ortada belə bir maliyyələşdirilmə faktının olub-olmadığı məlum deyil.

Müxalifət partiyaları maliyyə vəziyyəti sarıdan ölü vəziyyətinə düşüblər. Partiyaların maliyyə problemi cəmiyyətin, dövlətin diqqətində olmalıdır.

Nəcməddin Ərbakan öləndə məlum oldu ki, onun partiyasının 4 milyard dollarlıq büdcəsi var. Bu gün Türkiyədə iqtidar partiyası olan AKP-nin büdcəsi az qala Azərbaycanın dövlət büdcəsi qədərdir. Eləcə də müxalifətdə olan CHP-nin büdcəsi milyardlarla ölçülür. Dövlətin inkişafı üçün siyasi partiyaların maliyyəsinin yüksək olması zəruridir. Hansısa şirkət və ya iş adamı siyasi partiyanı maliyyələşdirirsə, onun davranışını dəstəkləmək lazımdır, hədəfə almaq yox. Partiyaları maliyyələşdirməkdən boyun qaçıranlar qınanmalıdır ki, konstitusion borcunu niyə yerinə yetirmir. Partiya maşındırsa, maliyyə onun benzinidir. Benzin yoxdursa, əlbəttə ki, o maşın işləməyəcək. Ona görə də Azərbaycanda hökumətin və cəmiyyətin partiyaların maliyyələşməsinə münasibəti dəyişməlidir".

S.Cəlaloğlu onu da qeyd etdi ki, bir müxalif partiyanın orta səviyyədə fəaliyyət göstərməsi üçün orta hesabla ayda 50-100 min manat arası vəsait lazımdır.

Etibar SEYİDAĞA,
"Yeni Müsavat”

Oxşar xəbərlər