Azərbaycanın müxalif partiyaları necə maliyyələşir?

  • 25 dek 2017, 09:19

Partiya rəsmiləri durumun Azərbaycan reallığına uyğun olduğunu deyirlər... 

 

Azərbaycanda müxalif siyasi partiyaların fəaliyyəti bir o qədər də hiss olunmasa da açıqlamalarına görə, onlar hər həftə toplanıb, ölkədə və xaricdə baş verənləri müzakirə edirlər. Ölkədə fəaliyyət göstərən siyasi partiyaların sayı əslində heç də az deyil. Lakin onlardan çox az bir qisminin qərargahları, insan resursu var. Bəs siyasi partiyalar öz maddi ehtiyaclarını necə qarşılayırlar?

 

Öncə qeyd edək ki, ötən sayımızda MMP sədri Hafiz Hacıyev "Yeni Müsavat”a müsahibəsində bildirib ki, partiyasını saxlamaqda çətinlik çəkir. O vurğulayıb ki, maddi çətinliklər səbəbindən artıq gecələr maşın yuyub, pul qazanmağı belə düşünür. Sözlərinə görə, qazandığı bu pulla partiyasının qərargahında kommunal xərcləri ödəyəcək.

ADP sədri Sərdar Cəlaloğlu "Yeni Müsavat”a bildirdi ki, partiya fəaliyyətlərini həddindən artıq məhdudlaşdırıblar: "Ona görə də qeyri-adi xərclərimiz yoxdur ki, onları da qarşılayaq. Gördüyünüz kimi, ADP kifayət qədər passiv bir fəaliyyət göstərir. Onun da yeganə səbəbi bizim maliyyə imkanlarımızın olmamasıdır. Hökumət bizi maliyyə blokadasına alıb. Heç bir iqtisadi fəaliyyətlə məşğul ola bilmərik, heç kim bizə ianə vermir, başqa dövlətlərdən də yardım almağımız qadağandır. Biləndə ki, kimsə bizim üzvümüzdür, işdən çıxarırlar. Nəticədə heç bir maliyyə imkanlarımız yoxdur”.


 

 

VİP sədri Əli Əliyev söylədi ki, onlar da heç bir yerdən maliyyələşmirlər: "Azsaylı partiyalardanıq ki, nə hakimiyyətin açıq, gizli mənbələrindən maliyyələşirik, nə də xarici qüvvələrin maliyyəsinə ehtiyac görürük. Ancaq partiya üzvlərinin, biznesdə olan nümayəndələrimizin hesabına maddi ehtiyaclarımızı ödəyirik. Ümumilikdə isə deyim ki, ölkədə fəaliyyət göstərən siyasi partiyaların maddi vəziyyətləri çox ağırdır. Ya hakimiyyət bəzi partiyaları özündən asılı hala gətirmək üçün maliyyə ayırır, ya da xaricdən maliyyə alanları da dərhal cəzalandırırlar. Ancaq ”sözəbaxan", adı müxalifət olub, özü hakimiyyətin siyasətini dəstəkləyən partiyalar hökumətin mənbələrindən maliyyələşirlər. Hakimiyyətdən asılı olmayaq müstəqil müxalifət qüvvələrinin isə maddi vəziyyəti gərgindir".


 

 

AG Partiyanın lideri Tural Abbaslı bildirdi ki, bu gün partiyalar siyasi fəaliyyətdən daha çox maddi-texniki baza haqqında düşünməyə məcburdurlar: "Buna da səbəb hakimiyyətdir. Çünki ”Siyasi Partiyalar haqqında" Qanuna görə ancaq parlamentdə təmsil olunan partiyalar büdcədən maliyyələşirlər. Hansı ki, bu da siyasi partiyalar institutunun zəifləməsinə və sistem olaraq aradan qaldırılmasına xidmət edir. Azərbaycanda 54-ə yaxın qeydiyyatdan keçmiş partiya var. Təbii rəqabət olsaydı, bu partiyalardan hərəsi öz gücünə layiq yeri tutardı. Maliyyələşmə də dövlət tərəfindən olunardı. Təəssüf ki, bu gün belə deyil. Hakimiyyətin özü də bəzən ittiham edir ki, siyasi təşkilatlar düşmən dövlətlərə işləyirlər. Bunların qarşısının alınmasının ən gözəl yolu partiyaların dövlət tərəfindən maliyyələşməsidir. Dövlət isə bunu etmir və partiyalar kənardan maliyyə mənbəyi axtarırlar. Maliyyəni verən isə partiyaların siyasi yönünü müəyyənləşdirir. Bu da dövlətimiz üçün təhlükədir. Düşünürük ki, biz minimum maliyyələrlə böyük siyasi addımlar atıb, kampaniyalar təşkil edə bilirik. Bizim üzvlərimiz partiyamıza üzvlük haqqı ödəyirlər. Bununla da çox şey etmək olmur. Ancaq yenə də üzvlərimizin fədakarlıqları nəticəsində nələrsə edə bilirik. Qanunla qadağan olunmuş mənbələrdən maliyyələşmirik, belə də fikrimiz yoxdur. Məncə, Hafiz bəy məsələni gündəmə gətirmək üçün dramatikləşdirib. Dramatikləşdirsə belə, burada ciddi və həqiqi nüanslar var. Ona görə də hakimiyyət bu məsələdə diqqət ayırsa daha yaxşı olar".


 

 

KXCP sədrinin müavini Xəzər Teyyublu da bildirdi ki, maddi vəziyyətləri yaxşı deyil: "Elə bir vəziyyətdir ki, bu gün siyasi təşkilatların üzvləri böyük qəhrəmanlıq nümayiş etdirirlər. Onlar həm mübarizə aparırlar, həm də ailələrinin maddi ehtiyaclarını qarşılamağa çalışırlar. Ona görə də vəziyyət çox ağırdır. Nəticədə üzvlərimizdən ianə, üzvlük haqqı da toplaya bilmirik. Çünki işsizlikdir, vəziyyət ağırdır, xərclərimizi qarşılaya bilmirik”.

Oxşar xəbərlər