Prezident İlham Əliyevin Rusiya səfərində əsas gözlənti

  • 29 avq 2018, 12:11

İki ölkə arasında münasibətləri yeni mərhələyə keçir; politoloq: "Səfər böyük perspektivlərə yola aça bilər...” 

Azərbaycan prezidenti İlham Əliyev Rusiyaya rəsmi dövlət səfəri edəcək. Bir müddət öncə səfərin avqustun 31-də olacağı barədə məlumat yayılmışdı. Daha sonra xəbər yayıldı ki, ziyarət sentyabrın 1-də reallaşacaq. Hələlik bu barədə rəsmi məlumat açıqlanmayıb.

Rusiyanın Bakıda səlahiyyətlərinin icrasına yeni başlayan səfiri Mixail Boçarnikov ötən həftə keçirdiyi ilk mətbuat konfransında səfərin tarixinin hazırda dəqiqləşdirildiyini bildirib.

Dövlət səfəri protokola görə, iki ölkə arasında ən yüksək səviyyəli səfər hesab edilir. Belə ziyarətlər zamanı prezidentləri geniş tərkibli nümayəndə heyətləri müşayiət edir, ölkələr arasında bütün sahələrdə münasibətlər müzakirə olunur və sənədlər paketi imzalanır.

Səfir Boçarnikov onu da deyib ki, Rusiya heç kimi seçim qarşısında qoymağa çalışmır. "Hesab edirəm ki, Rusiya və Azərbaycan suveren, dayanıqlı və sabit dövlətlərdir və onlar beynəlxalq arenada özləri üçün dostlar dairəsini müəyyən etmək iqtidarındadırlar”.

Bəs Azərbaycan prezidentinin Rusiyaya rəsmi səfərindən əsas gözləntilər nədən ibarətdir? Bu səfər iki ölkə arasında münasibətləri yeni mərhələ daşıyacaqmı? Ermənistanın Rusiya ilə münsibətlərində soyuqluq bu səfərdə Rusiyanın Qarabağ probleminə yeni münasibət ortaya qoymasına səbəb ola bilərmi? Nəhayət, Azərbaycanın KTMT-yə və ya Avrasiya İttifaqına daxil olması kimi məsələlər gündəmə gələ bilərmi?

Politoloq Tofiq Abbasov "Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın qlobal geosiyasətdə, eləcədə bölgədə əhəmiyyəti durmadan artır: "Rusiyaya səfər də bunun göstəricisidir. Təsadüfi deyil ki, son vaxtlar Azərbaycanın prezidenti Fransaya, Brüsselə səfərlər etdi, İtaliyanın prezidenti Azərbaycana səfərə gəldi, ən son olaraq Almaniya kansleri Azərbaycana gəldi. Rusiya da Azərbaycanın rolunu qiymətləndirir və Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfərinə də bu prizmadan baxmaq lazımdır. İlham Əliyevin Rusiyaya səfəri həm Azərbaycanın, həm də Rusiyanın marağındadır. Moskva fərqindədir ki, Azərbaycan bölgənin, Avrasiyanın açar dövlətlərindən biridir. Moskva Azərbaycanla bağlı çox böyük ümidləri özündə daşıyır. Hazırkı vəziyyətdə Rusiyanın Azərbaycanla münasibətləri bütün göstəricilərə görə perspektivli və ümidvericidir. Bu baxımdan hesab edirəm ki, cənab prezidentin Rusiyaya səfərindən önəmli gözləntilər var. Azərbaycan öz imkanları hesabına ayaq üstə duran, müstəqil xarici siyasət yürüdən dövlətdir. Moskva artıq bunu qəbul edir, Azərbaycanın bu xətti tutması ilə artıq barışıb. Ona görə də düşünmürəm ki, danışıqlarda Azərbaycanın KTMT-yə və ya Avrasiya İttifaqına qoşulması məsələsi ciddi şəkildə gündəmə gətiriləcək. Kremldə məhz Azərbaycanı özlərinin ən əlverişli müttəfiqi kimi görürlər. Bu müttəfiqliyi sözügedən qurumlarda birlikdə olmadan da ikitərəfli həyata keçirməyin mümkün olduğu qənaətindədirlər. Son zamanlar Ermənistanın Rusiyadan bir qədər uzaqlaşmaq xətti götürməsi də şimal qonşumuzun bizə yaxınlaşması üçün əlavə təkan rolunu oynaya bilər. İstisna deyil ki, Rusiya-Azərbaycan münasibətlərində yeni xətt qəbul edilsin. Bu xətt daha sıx tərəfdaşlıq xətti ola bilər. İlham Əliyevin səfəri böyük perspektivlərə yola aça bilər. Artıq Xəzər məsələsindən göründüyü kimi, çox mühüm məsələlərdə ümumi bir konsensus əldə etmək mümkündür”.

Politoloq hesab edir ki, Azərbaycanın bir nömrəli məsələsi olan Dağlıq Qarabağ probleminin ədalətli həlli üçün də müəyyən ümidverici durumun meydana gəlməsi istisna edilmir: "Şübhə etmirəm ki, ATƏT-in Minsk qrupunun həmsədri olan bir ölkənin prezidenti ilə Azərbaycan prezidenti arasında görüşdə Dağlıq Qarabağ məsələsi də müzakirə ediləcək. Qarabağ məsələsi şübhəsiz ki, danışıqlarda başlıca məsələlərdən olacaq. Prosesin axarı artıq Azərbaycanın xeyrinə gedir və Ermənistan Qarabağ məsələsində Rusiyanın nəzərində zəif bəndə çevrilir. Ona görə də düşünürəm ki, Rusiya və Azərbaycan prezidentləri arasında danışıqlar problemin yaxın gələcəkdə ədalətli həllini tapmasına ciddi təsir göstərə bilər”. /Y.M/

Oxşar xəbərlər