Xəbər lenti
Bütün xəbərlər

"Şimal Ayı"sı üzünü yenə Azərbaycana çevirir

  • 26 iyul 2017, 09:04

Sanksiyaların yeni dalğası Moskvanı hərəkətə gətirib

Rusiya və Azərbaycan prezidentlərinin Soçi görüşündə bir məqam siyasi ekspertlərin diqqətini daha çox çəkib. Bu, ondan ibarətdir ki, Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə görüşə "Ümid edirəm ki, bizim bugünkü görüşümüz bütün çətin problemlərin həlli yollarının axtarılmasına yardım edəcək” ifadəsi ilə başlayıb. Putin Azərbaycanla Rusiya arasında ikitərəfli əlaqələrin necə inkişafını müzakirə edəcəklərini, o cümlədən Moskva və Bakının gələcək üçün çoxlu birgə planları olduğunu deyib. Ekspertlərin fikrincə, bu cümlələrdə çox böyük yük var.

Ekspertlər hesab edir ki, Rusiyaya qarşı Qərbdən yeni sanksiyalar gəldikcə Rusiyanın ətrafında olan ölkələrə, əsasən də Azərbaycanın dəstəyinə ehtiyacı artır. Prezidentlərin son Soçi görüşünün baş tutmasının da səbəblərindən birinin Moskvanın bu dəstəyə ehtiyac duymağa başlamasının olduğu söylənilir.


Politoloq Elşən Mustafayev "Yeni Müsavat”a bildirdi ki, ABŞ-ın və Qərbin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyi şübhəsizdir: "Bu səbəbdən Moskva ilk növbədə özünə müttəfiqlər axtarışındadır. Amma onlara görə bu müttəfiqlik bütün sahələrdə, bütün mənalarda özünü göstərməlidir. Hazırda Rusiyanı çox narahat edən məsələlərdən biri Azərbaycanın Avropa İttifaqı ilə yeni saziş layihəsinin hazırlanması, ABŞ-la münasibətlərin dinamikasında olan artımdır. Cənubu Qafqazda, xüsusilə Azərbaycanda Qərbin mövcudluğunu, aktivliyini Rusiya heç vaxt qəbul etməyib və etmir. Bu münasibətlər artan xətt üzrə gedərsə, Rusiya bunu bütün imkanları ilə dayandırmağa cəhdlər edəcək. Burada təhdidlərdən başlamış, Dağlıq Qarabağ və digər məsələlərlə bağlı vədlərə qədər hər şey ola bilər”.


Ekspertin sözlərinə görə, Rusiyanın Azərbaycanla danışıq tonu son vaxtlar dəyişib: "Son aylarda Rusiya və Azərbaycan arasında soyuq münasibətlər mövcud idi və bu münasibət şimaldan qaynaqlanırdı. Bunun görünməyən tərəfini bir kənara qoysaq, hətta görünən tərəfi belə kifayət qədər təhdid xarakteri daşıyırdı. İndi isə Soçidə prezidentlərin görüşü zamanı tamam başqa müstəvidə, başqa şərtlərlə və başqa tonda danışıqların şahidi oluruq. Azərbaycanla isti münasibətlərə meyl hiss olunur. Əslində isə bu, Rusiyanın düşünüb hazırladığı, Azərbaycanı Avropa İttifaqı və ABŞ ilə yaxınlaşmadan çəkindirməyə, eyni zamanda Qərbin sanksiyalarından mümkün qədər az zərər görmək üçün Azərbaycanın dəstəyini qazanmağa hesablanmış planıdır”.

Siyasi ekspert Yeganə Hacıyeva isə bildirdi ki, Rusiya ənənəvi təsir dairəsinə daxil olan Cənubi Qafqazın geosiyasi əhəmiyyətli və regionun aparıcı dövləti olan Azərbaycanın Avropa İttifaqı və ABŞ-la əlaqələrinin dərinləşməsində özünün oynadığı rolunun fərqindədir. Moskva Azərbaycanla münasibətləri normallaşdırmaq istəyir ki, Azərbaycan Avropa İttifaqına doğru irəliləməsin: "Azərbaycanın strateji tərəfdaş kimi Avropa İttifaqı və ABŞ-la əlaqələrinin əsasında əlbəttə, ən birinci tələbi onun milli maraqlarının və Dağlıq Qarabağ konfliktinin həllində ədalətli mövqeyinin nəzərə alınması durur. Eyni yanaşmanı Rusiya ilə münasibətlərə də şamil etmək mümkündür. Ancaq əgər daha öncələr Rusiyanın təsir dairəsindən çıxmaqda olan ölkələrə Avropa İttifaqına alternativ kimi Avrasiya İqtisadi Birliyi və ya Gömrük İttifaqı təklifi var idisə, dəyişmiş geosiyasi şərtlərdə formalaşan yeni siyasi müstəvidə artıq bu alternativ yoxdur. İqtisadi və enerji layihələrində Qərbin güvənli tərəfdaşı olan Azərbaycanın beynəlxalq siyasi müstəvidə qonşuları olan Rusiya və İrana qarşı sanksiya kampaniyalarında iştirak etməməsi, xüsusi ilə Yaxın Şərq siyasətində balanslı və ehtiyatlı yanaşma sərgiləməsi, xarici siyasi prioritetində NATO ilə üzvlüyü deyil, balanslı siyasət yürütməsi Rusiyanın Azərbaycanla münasibətdə siyasi kompromis etməsinə rəvac verib”.

Siyasi ekspert Əvəz Həsənov da hesab edir ki, sanksiyalar tətbiq edildikcə Rusiyanın Azərbaycanın dəstəyinə ehtiyacı yaranır: "ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etsə, Rusiya Azərbaycanın yanında olacaq. Avropa ABŞ-dan inciyəcək, Azərbaycan Rusiya bazarının xilasında əsas rolu oynayacaq, Azərbaycan enerji resurslarına Avropada tələbat artacaq, Azərbaycanla, Türkmənistan vacib resursa çevriləcək”.

Oxşar xəbərlər