Müxalifətdə "QUSKA"nı “quldur” hesab edənlər var?

  • 03 may 2018, 11:51

Vaxtilə "Quskanın dəstəsi”ndən zərər çəkən müxalifətçilər istintaqa çağırılsalar, ona qarşı ifadə verərlərmi...

Keçən həftə Türkiyədə saxlanılaraq Bakıya gətirilən keçmiş deputat Hüseyn Abdullayevə qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi açılıb. İrəli sürülən ittihamlardan biri də onun müxtəlif dövrlərdə ayrı-ayrı vətəndaşlara qarşı təzyiq, zorakılıq təşkil etməsidir. Bəllidir ki, 2007-ci ilə qədər Hüseyn Abdullayevin nəzarətində olan idmançılardan ibarət dəstə müxalifətin mitinqlərinin dağıdılmasında, ayrı-ayrı müxalifətçilərə qarşı hücumlarda iştirak edirdi. Keçmiş "Qələbə” meydanında keçirilən mitinqlərdən biri başa çatdıqdan sonra sözügedən dəstənin Ədalət Partiyasının sədri İlyas İsmayılova və ətrafındakı partiya yetkililərinə hücum etdiyi və onlara fiziki güc tətbiq elədikləri hələ də danışılır.

İndi Hüseyn Abdullayev həbsdədir və istintaqı aparılır. Vaxtilə onun dəstəsinin hücumuna məruz qalan, mitinqlərin aktiv iştirakçısı olmuş müxalifətçilər istintaqa ifadə verməyə dəvət ediləcəkləri halda Hüseyn Abdullayevə qarşı ifadə verəcəklərmi?

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli bildirdi ki, həqiqətən də, Hüseyn Abdullayev nəzarət etdiyi bir qrup idmançı ilə müxalifətin təşkil etdiyi mitinqlərin dağıdılması və iştirakçılara divan tutulması, hətta liderlərə qarşı zorakılıq tətbiq edilməsini həyata keçirmişdi. Hüseyn Abdullayev ona verilən geniş səlahiyyətləri şəxsi mənafelərə xidmətə yönəltmişdi: - "Düşünürəm ki, əgər bu məsələlər araşdırılacaqsa, mütləq onun arxasında dayananlar və ilhamvericiləri də məsuliyyətə cəlb edilməlidir. Hüseyn Abdullayevin hücum edərək zərər yetirdiyi şəxslər arasında Ədalət Partiyasının rəhbər şəxsləri, o cümlədən sədri İlyas İsmayılov da olub. O vaxt biz bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdik, hətta günahkar şəxslərin fotolarını, adlarını da təqdim etdik. Təəssüf ki, ciddi bir ölçü götürülmədi. İndi başlanan istintaqda həmin dövrdə bu işə baxmış hüquq-mühafizə orqanlarının da məsuliyyəti məsələsi qaldırılmalıdır. İndiyədək Ədalət Partiyasından bu məsələ ilə bağlı kimsə istintaqa dəvət olunmayıb. Amma bütün bunlara rəğmən mən deyə bilmərəm ki, Hüseyn Abdullayevə qarşı ifadə veriləcəkmi. Çünki bu məsələ indi bizim gündəmimizdə deyil”.

AĞ Partiyanın sədri, Müsavat Partiyasının sabiq üzvü Tural Abbaslı dedi ki, o, hər zaman Hüseyn Abdullayevin cinayətkar olduğunu bilib və bunu dəfələrlə səsləndirib: "O, illərlə əldə etdiyi qeyri-qanuni gücə dayanaraq etirazçı müxalifətçilərə divan tutduran şəxsdir. Onun mitinqlərdə öz hüquqlarından istifadə edərək mitinq, piket keçirən qadını, qızı, qocanı, gənci döydürtdüyünü Azərbaycan müxalif səhnəsində hər kəs bilir. Bunu kimsə inkar edirsə həmin adamın Abdullayevdən nəsə bəkləntisi var deməkdir. Artıq hər şeyi öz adı ilə çağırmağın zamanıdır. Biz quldura quldur deyə bilmiriksə, demokratiya və haqq-ədalət uğrunda mübarizə aparmamalıyıq. Hüseyn Abdullayevin əleyhinə ifadə vermək tələb olunsa yəqin ki, bundan imtina edərəm. Çünki hakimiyyətin öz arasında hesablaşma işində istifadə olunmaq istəmirəm. Əminəm ki, mənim ifadəm olmadan da Hüseyn Abdullayevin quldurluğunu sübut edəcək yetərincə faktlar var. Bu faktlar elə hakimiyyətin özündə kifayət qədərdir. Əslində bu proses zamanında Hüseyn Abdullayevin etdiyi quldurluqları indi edənlər üçün bir dərs olmalıdır və bu qeyri-qanuni əməldən imtina etməlidirlər. Əks halda, nə vaxtsa onların da sonu Hüseyn Abdullayev kimi olacaq”.

AMİP katibi Əli Orucov isə qeyd etdi ki, Hüseyn Abdullayev daxil, qanunları saya saymayan hər bir şəxs vəzifəsindən, imtiyazlarından asılı olmayaraq qanuni cəzasını almalıdır: "Bu gün Hüseyn Abdullayev yoxdur, amma qoçu dəstələri bir başqa deputatın, bir başqa məmurun rəhbərliyi altında fəaliyyətdədir. Əgər yenə də müxalifət düşərgəsi sanksiyalaşdırılmayan kütləvi aksiyalar keçirsə, həmin qoçu dəstələri mitinq iştirakçıları ilə daha amansız davranacaqlar. Bütün bunların on illərdi ki, şahidi olmuşam. Bu aşırı güc mənə qarşı da həyata keçirilib. O ki qaldı Hüseyn Abdullayevə qarşı istintaqda ifadə verməyə, bunu  mümkünsüz hesab edirəm. Əvvəla ona görə ki, Hüseyn Abdullayev bir zamanlar müxalifətçilərə divan tutmuş dəstənin rəhbəri olduğu üçün həbs edilməyib, ikincisi, şəxsən mənə qarşı fiziki güc tətbiq edənlərin məhz onun, yaxud da onun rəhbərlik etdiyi qoçu dəstəsinin üzvlərinin olduğu barədə o zamanlar da əlimdə fakt yox idi. Çünki mitinqlərin dağıdılmasında mülki geyimli şəxslər, ”drujinnik"lər də iştirak ediblər. Ona görə də divan tutanların kimliyini müəyyənləşdirmək mümkün deyil". /Y.M/

Oxşar xəbərlər