Elçibəyi təhqir edən yazara ağır cavablar verildi

  • 25 apr 2018, 08:44

Aqil Səmədbəyli: "Bu, olsa-olsa Elçibəyin ayaqqabısının altına yapışan pis tozlardan ola bilər”; Rüstəm Behrudi: "Ömründə bircə dəfə üz-üzə görmədiyin adamı təhqir etməyin bircə adı var-tərbiyəsizlik!”

Bu il mərhum eks-prezident Əbülfəz Elçibəyin 80 illik yubileyi qeyd olunacaq. Bu münasibətlə İctimai Təşkilat Komitəsi də yaradılıb. Komitənin yaradılmasında məqsəd yubileylə bağlı Azərbaycanda və ölkədən kənarda silsilə tədbirlər keçirməkdir. Komitəyə Əbülfəz Elçibəyin mətbuat katibi və silahdaşı olmuş professor Ədalət Tahirzadə sədr, Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov isə sədrin müavini seçilib.

Eks-prezidentə hökumət tərəfindən rəsmi yubiley keçiriləcəyi haqqında isə hələlik məlumat yoxdur.

Ötən gün yazar-jurnalist Kəramət Böyükçöl yubileyi ərəfəsində sabiq prezident Əbülfəz Elçibəy haqqında sosial şəbəkədə təhqiredici status paylaşıb, özünün də ona bənzədiyini qeyd edib. Yazarın bu cür aşağılayıcı statusu sosial şəbəkə izləyiciləri tərəfindən qəzəblə qarşılanıb, tənqid olunub.

Məsələ ilə bağlı Elçibəy hökuməti zamanı baş nazir postunda olmuş, AXP sədri Pənah Hüseyn "Yeni Müsavat”a danışaraq məsələyə bu cür mövqe bildirib:

"Həmin statusla tanış deyiləm. Ümumiyyətlə, Elçibəy haqqında nəsə pis alçaq fikirlər yazanlar varsa, onlar özlərinin şəklini çizirlər”.

Elçibəyin kürəkəni Aqil Səmədbəyli gənc yazarın bu davranışını tərbiyəsizlik adlanıdırıb: "Bu Böyükçöl gündəmdə qalmaq üçün tarixi şəxsiyyətə daş atır. ”KQB"-nin yaydığı şayiələrdən biri də bu idi bəylə bağlı. Bu, olsa-olsa Elçibəyin ayaqqabısının altına yapışan pis tozlardan ola bilər.

Bu gədənin sonu yaxşı görünmür. Həyatını şər-böhtan, ləyaqətsizlik üzərində quranların sonu həmişə pis olur".

Aqil Səmədbəyli qeyd etdi ki, mərhum prezidentin yubileyi ilə bağlı artıq Türkiyədə tədbirlərə start verilib:

"Bu günlərdə Eskişehirdə bir tədbirimiz oldu. Mayın 2-də isə Konyada keçiriləcək. Daha sonra isə İstanbul, Ankarada, eləcə də Rusiya və Ukraynada da bu cür tədbirlərimiz olacaq”.

Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov da məsələyə mövqe bildirib: "Öncə onu qeyd edim ki, Kəramət Böyükçöl bundan əvvəl də Azərbaycanın görkəmli  ziyalıları haqqında yazdığı təhqiramiz statuslar cəmiyyətdə xeyli müzakirə və mübahisələrə, eyni zamanda ciddi etirazlara səbəb olmuşdu. Adətən kiminsə haqqında rəy bildirəndə onun əməyinə, gördüyü işlərə görə qiymət verilir. Lakin insanlar bunu edəndə öz vicdanlarına söykənməlidirlər. Əgər kimsə birinin haqqında təhqiramiz fikir səsləndirirsə, əslində öz tərbiyəsini nümayiş etdirir. Bu cür adamlara da deyiləcək söz olmur.

Əlbəttə ki, Əbülfəz Elçibəy Kəramət kimi bu və ya digər motivlərin nə deməsindən asılı olmayaraq Azərbaycan tarixində öz rolu, yeri olan şəxsiyyətdir. O, Milli Azadlıq Hərəkatının lideridir, həmçinin 20-ci əsrdə Azərbaycanın ikinci dəfə müstəqillik qazanmasının memarıdır. Bu, belədir, tarixi inkar etmək olmaz".

Şair Rüstəm Behrudi də yazarı statusuna görə tənqid edib: "Kəramət Böyükçöl tanımadığı, heç vaxt görüşmədiyi Elçibəyi təhqir edir və bundan dolayı onu sevdiyini bəyan eləyir. Bu sevginin bir adı var—bir adamı təhqir eləyib sonra da təhqir olunmaqdan qorunmaq cəhdi! Sən istedadlı olduğundan bunu həmişə bacarmısan. Ancaq bu dəfə keçməz! Ömründə bircə dəfə üz-üzə görmədiyin adamı təhqir etməyin bircə adı var-tərbiyəsizlik!”

Xatırladaq ki, Əbülfəz Elçibəy 1938-ci ildə anadan olub. O, Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycanın ikinci prezidenti olub. Həmçinin Elçibəy Azərbaycan tarixində xalq tərəfindən, demokratik seçkilər yolu ilə seçilən ilk prezident hesab olunur. Eks-prezident 22 avqust 2000-ci ildə, 63 yaşında Türkiyənin Ankara şəhərində vəfat edib.

Sonda Ramiz Rövşənin Elçibəy haqda yazdığı şeiri təqdim edirik.

***

"Sənə bir daş atar yerindən duran”

Sənə bir daş atar yerindən duran,

Səni sevdiklərin daş-qalaq eylər.

Bir əlində daş var, birində Quran,

Daş atan bilirmi nə günah eylər?

***

Silərsən gözündən axan yaşları

Öpüb əzizlərsən sən o daşları.

Deyərsən: "Sağ olun, qan qardaşlarım,

Məni təzə daşa kim qonaq eylər?!"

***

Hər daş özü boyda köz olub yanar,

Cana damğa kimi basılıb yanar,

Qanlı yaraların qızarıb yanar,

Səni başdan-başa çılçıraq eylər.

***

Bircə tilsimin var, sevgi tilsimi,

Kim qırar Tanrıya bağlı bir simi?

Tanrı Tanrıdırsa, öz Elçisini,

Min bir daş altında yenə sağ eylər.

***

Sən dözərsən ağrısına,

Daş dözməz, daş haray eylər.

O daşlardan Tanrı sənə,

Bir ev tikib saray eylər.

Xalidə GƏRAY,

/Y.M/

Oxşar xəbərlər