Bakıda Novruz festivalı başlayır

  • 20 mart 2016, 11:44

İçərişəhərdə"Novruz – Bahar Festivalı” keçiriləcək. Dövlət Tarix Memarlıq Qoruğundan ANS PRESS-ə verilən məlumata görə, Novruz bayramı şənliklərinin bu il də təntənəli keçirilməsi nəzərdə tutulub. Festival mart ayının 20-si və 21-də olacaq. 

Festival günlərində Qoşa Qala Qapısı meydanında "Meydan Bazarı” təşkil olunacaq. "Meydan Bazarında” Azərbaycanda mövcud olan çoxsaylı sənət sahələrinə aid milli-tətbiqi sənət məhsulları və suvenirlərin, o cümlədən rəsm əsərləri, milli zərgərlik və taxtaoyma sənəti nümunələrinin sərgi-satışı keçiriləcək. 

Novruz Bayramı şənliklərində bir-birindən maraqlı çoxsaylı tədbirlər nəzərdə tutulub. Səhər saatlarından pəhləvanlar, kəndirbaz və sehirbazlar öz məharətini göstərəcək, uşaq teatrının artistləri, bədii və tarixi personajlar, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənlik olacaq. Rəngarəng konsert proqramında mahir ifaçıların çıxışında muğam və klassik musiqi əsərləri, müasir estrada və caz musiqisi səsləndiriləcək, Dövlət Nəfəs Alətləri Orkestri, estrada və vokal orkestrləri, xalq rəqsləri qrupları iştirak edəcək. 


 

İçərişəhərdə Meydan bazarı (arxiv)

"Novruz – Bahar Festivalı” çərçivəsində bu il də İçərişəhər Ənənəvi İncəsənət Mərkəzində (Böyük Qala küçəsi, 19 və Kiçik Qala küçəsi, 13 ünvanlarında) "master-klass”lar təşkil olunacaq.

Bayram tədbirləri çərçivəsində İçərişəhərlə yanaşı 20 mart tarixində "Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da Novruz şənliyi keçiriləcək. İdarə tərəfindən Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunacaq tədbirdə qonaqlar konsert proqramı, milli sənət ustalarının iştirakı ilə Novruzun ənənəvi rəmzləri olan şirniyyatların hazırlanması, xınayaxdı mərasimi, xalça toxumağı kimi tədbirlərdə iştirak edə biləcəklər. 

Oxşar xəbərlər