Məmurlar təlaş içində: bahalı villalarla bağlı araşdırmalar olacaq

  • 27 noy 2015, 22:22
Prezident İlham Əliyevin son sərəncamı ərköyün məmurlara baha başa gələcək

"Dostluq” parkındakı dəbdəbəli villalarla başlamışdı. Ölkə başçısı İlham Əliyev Bakının Şıx çimərliyi ilə üzbəüz yerləşən "Dostluq” Parkında olarkən hər şeyi gözləri ilə görmüş və yerindəcə Bakı meri Hacıbala Abutalıbova göstəriş vermişdi: "Sökülsün...”

Prezident İlham Əliyev bu il mayın 20-də Azadlıq prospektində yanan yaşayış binası ilə bağlı yaradılmış dövlət komissiyasının iclasında da bu villalardan danışmış və məmurların canına üşütmə salan məşhur çıxışını etmişdi:
"İndi Bakıda, Azərbaycanda nə qədər qanunsuz evlər tikilir?! Mən soruşanda, sanki heç kimin xəbəri yoxdur. Yerli icra başçılarının, şəhər icra başçılarının, heç kimin xəbəri yoxdur. Bu yaxınlarda istifadəyə verilən yeni idman obyektləri ilə tanış olarkən vaxtilə Heydər Əliyevin şəxsi iştirakı ilə salınmış Dostluq parkının bir hissəsinin yenə də zəbt edildiyini gördüm. Dedim ki, gedin, öyrənin ki, bu villaları kimlər tikir. Heç bir adam çıxmadı. Dedim ki, gedin bir villanı sökün, görək bunun arxasından kim çıxacaq, heç kim çıxmadı. Dedim ki, bu villalar heç kimə məxsus deyilsə, o villaları söküb dağıdın, başqalarına da dərs olsun. Gedib qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar. Elə istinad divarları tikilib ki, bəlkə də bir neçə milyon manat təkcə o istinad divarlarının tikintisinə sərf olunub. Bu qədər özbaşınalıq olmaz!” 
Amma görünən budur ki, dərs kimi nəzərdə tutulan bu sökülmə olayı da gözlənilən effekti vermədi. Hər halda bu günlərdə yüksək vəzifəli daha bir neçə məmurların bahalı villalarının olmaları və bu faktları özlərinin belə etiraf etmələri mövzunun aktuallığını qorumasından xəbər verir. 
"Unikal” qəzetinə daxil olan məlumatda isə iddia olunur ki, yaxın zamanlarda məmurlara məxsus, bahalı villalarla bağlı daha sərt tədbirlərin şahidi olacağıq. Mənbəmiz prezident İlham Əliyevin noyabrın 23-də "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli Qanununun tətbiqi barədə sərəncamının məqsədlərindən biri də məhz budur. 
Qeyd edək ki, qanuna son dəyişikliklərə əsasən, qanunun 188-ci maddəsi aşağıdakı redaksiyada verilir:
"Maddə 188. Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma
188.1. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma – səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
188.2. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma - bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
188.3. Bu Məcəllənin 188.1-ci və 188.2-ci maddələrində nəzərdə tutulmuş əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
188.4. Bu Məcəllənin 188.1-188.3-cü maddələrində nəzərdə tutulmuş əməllər:
188.4.1. təkrar törədildikdə; 
188.4.2. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə -
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.
314-1-ci maddə aşağıdakı redaksiyada verilir:
"Maddə 314-1. Dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinə dair qanunsuz qərar qəbul etmə
314-1.1. Vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinin bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya onlara icarəyə verilməsi haqqında qanunsuz qərar qəbul etmə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
314-1.2. Vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan və özgəninkiləşdirilməsi qanunla qadağan edilən torpaq sahələrinin bələdiyyə mülkiyyətinə və ya xüsusi mülkiyyətə verilməsi haqqında qərar qəbul etmə -üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
314-1.3. Bu Məcəllənin 314-1.1-ci və 314-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara münasibətdə törədildikdə -üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”
Dəyişikliklərdən də göründüyü kimi, bundan sonra istər torpaqları qanunsuz zəbt etməyə, istər qanunsuz tikililər inşa etdirməyə. istərsə də qanunsuz tikintilərə rəvac verməyə görə kifayət qədər sərt cəzalar nəzərdə tutulub. 
Əldə etdiyimiz məlumatda həmçinin iddia olunur ki, artıq iri məmurlar - nazir, nazir müavinlərindən tutmuş icra başçılarına qədər - kimin harda və hansı dəyərdə mülkünün olması haqda ölkə başçısına yazılı məlumat verilib. Həmin məlumatların araşdırılması üçün müvafiq orqanlara göndəriləcəyi və araşdırmanın nəticəsindən asılı olaraq həmin tikililərin bəzilərinin ya söküləcəyi, ya da müsadirə olunacağı gözlənilir.
Orxan Həsənli 
Oxşar xəbərlər