‘Dedim, villaları sökün, dağıdın, başqalarına dərs olsun’ - İlham Əliyev

  • 21 may 2015, 06:55

"Yüksək gərginlikli elektrik xətlərinin altında nə qədər binalar tikilib. İnsanlar bəlkə də bunu başa düşmür. Bu onların özləri üçün nə qədər böyük təhlükədir. Bu qanunsuz binalar haradan meydana gəlib? Heç kim bilmir. Bu da qanunsuzluq, özbaşnalıqdır. Buna son qoyulmalıdır. Ona görə də gələcəkdə belə bədbəxt hadisələrin təkrarlanmaması üçün komissiya üzvləri mənə konkret təklif verir"

Demokratik.Az"Qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri bu gün prezident İlham Əliyevyanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclasında deyib.

Prezident Bakıda sökülən villalara da toxunub: "Ulu öndər Heydər Əliyevin şəxsi iştirakı ilə salınmış "Dostluq” parkının bir hissəsini yenə də zəbt ediblər. Mən orada haradasa 7-8 il bundan əvvəl olmuşdum və görmüşdüm ki, "Dostluq” parkında ağaclar qırılır, villalar tikilir. Hacıbala Abutalıbova göstəriş verdim ki, gedin, aydınlaşdırın, bütün tikilən binalar qanunsuzdur, onları sökün. Qoy, onları tikənlərə dərs olsun. O gün həmin əraziyə gələndə yenə də görürəm ki, düz "Dostluq” parkının yanında – yamacda villalar tikilib. Dedim ki, bunları tikənlərin kim olduğunu öyrənin. Heç bir adam çıxmadı. Dedim ki, bir villanı sökün, görün, işin arxasından kim çıxacaq. Heç kim çıxmadı. Dedim, belədirsə, əgər heç kimə məxsus deyilsə, sökün, bunları dağıdın, başqalarına dərs olsun. Qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar. Orada elə istinad divarları tikilib ki, bəlkə də təkcə onun tikintisinə bir neçə milyon manat sərf edilib. Bu qədər özbaşınalıq olmaz. Mən dəfələrlə demişəm ki, qayda-qanun olmalıdır. Bütün vəzifəli şəxslər - ilk növbədə onlar nümunə olmalıdırlar".

Demokratik.Az