Qənirə Paşayeva əmisinin 80 illik yubileyində – FOTO

  • 06 iyun 2017, 20:46

Tovuzun Düz Qırıxlı kəndindəki 1 saylı tam orta məktəbdə bu kənddə doğulmuş görkəmli alim, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin 80 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Kult.az xəbər verir ki, tədbirdə millət vəkili Qənirə Paşayeva, Tovuz rayon İcra başçısı Tofiq Zeynalov, professor Şirindil Alışanov və başqa rəsmi şəxslər iştirak edib.

Q.Paşayeva professorun həyat və yaradıcılığının ən ümdə məqamlarına diqqət çəkərək, onu türk dünyasının, özəlliklə, İraq-Türkman elmi-ədəbi ictimaiyyətinin yaxından tanıdığını bildirib:

"Yaxşı xatırlayıram, uşaq vaxtlarımdı, Qəzənfər müəllim tərcüməçi olaraq çalışdığı İraqdan məzuniyyətə gəldiyi zamanlarda onun sirli-sehirli söhbətlərinin əsas dinləyicilərindən biri olardım. Əmim Kərkük, Tuzhurmatu, Təlafər, Ərbildən, oradakı insanların bizimlə eyni cür danışdığını deyirdi. Bir xeyli sonra əmimin bu sirli ölkə haqqında ard-arda çıxan kitablarını oxumağa başladım. "Altı il Dəclə-Fərat sahillərində”, "Kərkük bayatıları”, "Kərkük atalar sözləri” kitablardakı sətirlər sanki dirilərək canımıza, ruhumuza hopur, bizi də sevdalandırırdı. Təsadüfi deyil ki, mən məktəb tədbirlərində məhz İraq-Türkman bayatıları söyləyirdim. O bayatılar bir çox incə mətləbləri düşüncələrə hopduran bayatılar idi:

Dilim dilim,

Kəs qovun dilim-dilim,

Mən dilimdə vaz keçməm,

Olursam dilim-dilim...

İlahi, bu nə yanğı, bu nə ağrı idi?! Bax, biz bu sevdayla böyüdük və sovetlerin dağılması, müstəqilliyimizin bərpası illərində o sirli-soraqlı Kərkükdən qonaqlar daha çox gəlməyə başladı. Qəzənfər əmim vasitəsilə onları yaxından tanımağa başladıq. Bu gün də Azərbaycanın diqqətini, sevgisini yüksək qiymətlədirən iraqlı soydaşlarımızla hər görüş, hər söhbət bir ziyarətə çevrilir. Soydaşlarımız ümummilli liderimiz Heydər Əliyevin "tarixi araşdıranda gördüm ki, İraq türkmanları ilə bir bütövün parçalarıyıq” fikirlərinin arxasında dayanan düşüncəni yüksək qiymətləndirirlər. Bu, bu gün də belədir, gələcək də belə olacağına inanıram”.

Qeyd edək ki, Qəzənfər Paşayev 1937-ci ildə Tovuzun Düzqırıxlı kəndində doğulub.

1962-ci ildəAzərbaycan Dövlət Pedoqoji Xarici Dillər İnstitutunun (indiki ADDU) İngilis dili fakültəsini bitirib. Üç ay kənd məktəbində müəllim işlədikdən sonra İraq Respublikasına tərcüməçi olaraq göndərilib. Müxtəlif fasilələrlə üç dəfə İraqda tərcüməçi olduqdan sonra, doğma vətənə qayıdıb, ali təhsil müəssisələrində müəllim, dekan müavini, kafedra müdiri işləyib.

Doktorluq mövzusu İraq-Türkman folkloru olan Q.Paşayevin "Kərkük bayatıları” (1968), "Arzu-Qənbər dastanı” (1972), "İraq Kərkük atalar sözləri” (1978), "İraq Kərkük bayatıları” (1984), "Kərkük tapmacaları” (1984), "Kərkük folklor antologiyası” (1987), "Nəsiminin İraq divanı” (1987) və b. kitabları, o cümlədən 7 cildlik "Seçilmiş əsərləri” (2012, "Təhsil”) nəşr edilib.

Q.Paşayevin elmi fəaliyyətinin zirvəsi sayılan "İraq-türkman folkloru” adlı monumental əsəri isə şair Əbdüllətif Bəndəroğlu tərəfindən "Şah əsər”, professor Mahir Naqib tərəfindən "Abidə əsər” adlandırılıb.

Müəllifin 20 illik axtarışlarının məhsulu olan bu monoqrafiya Bakıda, Bağdadda və İstanbulda nəşr edilib.

A.Dümanın "Qafqaz səfəri”, "Necə yaşayasan yüzü haqlayasan?” və b. kitabları Azərbaycan türkcəsinə çevirən Q.Paşayevə böyük uğur qazandıran "Altı il Dəclə-Fərat sahillərində” kitabı olub.

AMEA Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində şöbə müdiri (2001-2005), eyni zamanda, 2003-ci ildən institutda baş elmi işçidir.

Q.Paşayev "Ədəbiyyat” qəzetinin (1995-ci ildən), "Folklor və etnoqrafiya” (2004-cü ildən), jurnallarının, Nizami adına Ədəbiyyat İnstitutunun "Ədəbi-nəzəri məcmuə”sinin redaksiya heyətinin, institutun nəzdində Müdafiə Şurasının üzvüdür (1994-cü ildən).

O, 1997-2005-ci illər arasında həmin şuranın həmsədri olub.

1997-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən Elmi-Dini Şuranın üzvü, 2004-cü ildən Yazıçılar Birliyinin Təftiş Komissiyasının sədridir.

Q.Paşayev İraq Respublikasının "Əməkdə şücaətə görə” medalı ilə təltif edilib (1976), Kərkük Vəqfinin (1999) və İraq-Türkman Cəbhəsinin (2003) diplom və yüksək ödüllərinə layiq görülüb.

Alimin həyat və fəaliyyətindən bəhs edən "Bu sevda ölüncədi” (2001), "İraq bizə iraq deyil” (2002) və başqa kitablar nəşr edilib.




 

Oxşar xəbərlər