“Kürdüstan” bu sərhədlərdə yaradılacaq – Geosiyasi xəritə

  • 17 yan 2016, 16:55

İraq kürd regional rəhbərliyinin Mosulun şimalında yerləşən Rabiadan başlayaraq ölkənin şərqindəki Diyalanın sərhədlərinə qədər uzanan bölgədə xəndək qazması ərəblər və türkmanları ayağa qaldırıb.

 

Publika.az "Hürriyyət” nəşrinə istinadən xəbər verir ki, kürd rəhbərliyinin Kərkükün ətrafında da xəndəklər qazması türkmanları narahat edir.

 

İraq Türkman Cəbhəsinin (ITC) başçısı Ərşad Salehi kürd muxtariyyətinin Kərkük vilayətində türkmanların sıx yaşadığı bölgələri də muxtar bölgənin ərazisinə daxil etdiyini söyləyib.

 

"Kərkükün İraqdan ayrılmasını nəzərdə tutan xəndəklərin qazılması işi tamamlanıb. Xəndək əməliyyatı türkmanların sıx yaşadığı Tuzhurmatu bölgəsini də əhatə edir və xəndəklər Süleyman Berk bölgəsi istiqamətində qazılır. Muxtariyyətinin başçısı Məsud Bərzani ilə İŞİD-ə qarşı mübarizə mövzusunda dəfələrlə danışmışıq. Ancaq bu danışıqların heç birində xəndəklərin qazılması məsələsi gündəmə gəlməyib. Şimali İraqda yaşayan türkmanlar, ərəblər, şiələr və digər qruplara xəbər vermədən xəndəkləri qazmağa başlayıblar. İŞİD bəhanəsi ilə bir kürd bölgəsinin xəritəsinin çəkildiyini görürük. Türkman əhalisinin sıx yaşadığı bəzi bölgələr türkmanlardan heç bir şey soruşulmadan kürd bölgəsinə daxil edilir”, - Ərşad Salehi söyləyib.

 

Xəndəklərlə türkman bölgələrinin 80 faizinin kürd bölgəsinə daxil edildiyini deyən Ərşad Salehi İraqın artıq parçalandığını deyib: "Bunu İraqın bölünməsinin başlanğıcı kimi görürük. Geosiyasi bir xəritə reallaşdırılır”.

 

Qeyd edək ki, Kərkük İŞİD-in İraqın şimalında başladığı hücumlardan əvvəl Bağdad hökumətinin nəzarətində idi. Ancaq İraq ordusu İŞİD-in hücumlarından sonra geri çəkilib və şəhər 12 İyun 2014-cü ildə kürd Peşmərgə güclərinin nəzarətinə keçib. Şəhəri də Bərzaninin təyin etdiyi vali idarə edir. Səddam Hüseynin devrilməsindən sonra qəbul olunan İraq Konstitusiyasının 140-cı maddəsinə görə Kərkükdə referendumun keçirilməsi nəzərdə tutulurdu. 2007-ci ilə planlaşdırılan referendumu indiyə kimi keçirmək mümkün olmayıb. Statusu hazırda qeyri-müəyyən olan Kərkük gündəlik 500 min barel neft hasilatı ilə diqqət çəkir.

 

Kürd muxtariyyətdən bildirilib ki, xəndəklər Peşmərgə güclərinin olduğu bölgələrin İraq və Şam İslam Dövləti (İŞİD)  terror təşkilatının hücumlarından qorumaq məqsədi daşıyır. Kürd səlahiyyətlilər müstəqillik üçün xəndək qazmağa ehtiyacın olmadığını bildiriblər.

 

Ancaq türkmanlar və ərəblər bildirirlər ki, İraq konstitusiyasına (anayasa) görə mübahisəli bölgələr hesab olunan Mosul, Kərkük, Səlahəddin və Diyala vilayətlərini əhatə edəcək şəkildə xəndəyin qazılması müstəqilliyə hazırlıqdır. Müstəqillik üçün fəaliyyətin 2016-cı ildə başlayacağı təxmin edilir. Kərkükdən olan türkman millət vəkili Həsən Turan xəndəyin türkman bölgələrini iki yerə böldüyünü bildirib. Keçmiş türkman millət vəkili Fevzi Əkrəm isə bildirib ki, İraqın kürd, şiə və sünni bölgələri olmaqla üç dövlətə bölünməsi ilə bağlı beynəlxalq plan var.

 

"Kürd bölgəsi neft gəlirlərinin hamısını nəzarəti altına almaq istəyir. Xəndək bir fransız şirkəti tərəfindən qazılır”, - Fevzi Əkrəm deyib.

 

Bağdad da xəndəyi müstəqilliyə hazırlıq kimi qiymətləndirib. İraq parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin üzvü Macid Garravi kürd muxtariyyəinin İŞİD ilə mübarizəni  fürsət bildiyini deyib.

 

Ömər Dağlı

 

Oxşar xəbərlər