Müxalif liderlərin etirafı: "İslahat gedir!"

  • 27 fev 2019, 22:19

Tural Abbaslı: "Biz qaragüruhçu müxalifətçiliyin, hər şeyi qara görməyin əleyhinəyik”

Hikmət Hacızadə: "Heç bir islahatlar getmir demək olmaz”

Xəzər Teyyublu: "Yığılıb qalan sosial problemlər həll edilir”

Bəzi müxalif siyasətçilər iddia edir ki, ölkədə islahatlar getmir. Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə müsahibəsində deyib ki, əslində islahatlar, dəyişikliklər haqda yalnız fikirlər səsləndirilir: "Hər hansı real dəyişikliklər mövcud deyil. Real islahatlar üçün ölkədə qanunvericilik, siyasi, iqtisadi sahələrdə islahatlar keçirilməlidir. Biz hələlik bunun şahidi olmuruq”.

Milli Şuranın sədri Cəmil Həsənli isə hesab edir ki, keçirdikləri 19 yanvar mitinqi iqtidarı tətiklədi və addımlar atmağa sövq elədi.

Son bir ayın mənzərəsi doğrudan da ürəkaçandır: şəhid ailələri ilə görüş, qan pulunun həlli, Şamaxıda zəlzələdən zərər çəkənlərlə birbaşa təmas, ardınca prezidentin REAL TV-yə müsahibəsi, fərmanlar, minimum əmək haqqının artırılması, uşaq pulunun qaldırılması, problemli kreditlərin həlli ilə bağlı müjdə xarakterli mesajlar, islahatların davamı olacağı, sosial müavinətlərin artırılacağı barədə verilən bəyanatlar ölkədə hakimiyyət-xalq təmaslarını aktiv fazaya keçirib.

Bəzi müstəqil müşahidəçilər və hökumət mənsubları isə müxalifətdəki siyasətçilərin son dəyişikliklər, islahatlar barədə rəylərini qeyri- byektiv, qərəzli qiymətləndirirlər.

Onların sözlərinə görə, müxalifət dövlətin sosial siyasətindəki dəyişiklikləri görmək istəmir yaxud da etiraf etməkdən çəkinir. Doğrudanmı ölkədə islahatlar getmir, yoxsa müxalifət qərəzlidir?

ÐаÑÑинки по запÑоÑÑ tural abbaslı

AĞ Partiya başqanı Tural Abbaslı "Yeni Müsavat”a bildirdi ki, ölkədə islahatlar davam edir və əsasən sosial-iqtisadi sahələri əhatə edir: "Adi insanlar bunun nəticələrini az da olsa gələn aydan şəxsi büdcələrində hiss edəcəklər.

Biz AĞ Partiya olaraq həmişə qaragüruhçu müxalifətçiliyin, hər şeyi qara görməyin, ağa qara deməyin əleyhinə olmuşuq. Yəni, iqtidarla rəqibik deyə hakimiyyətdə olan partiyanın hər addımını pisləməyin tərəfdarı deyilik, fəlsəfəmizə uyğun deyil”.

T.Abbaslının sözlərinə görə, müxalifətçilik gördüyü qüsurları bildirmək və aradan qaldırılmasında iştirak etməkdir: "Hakimiyyətin son addımlarını, islahatlarını təqdir edirik. Bu barədə bəyanatlarımız da olub.

Xüsusən də şəhid ailələrinə birdəfəlik müavinətin verilməsi və minimum əmək haqqının artılmasını qeyd edə bilərik. Bu sosialyönümlü dəyişikliklərin davamı gəlməlidir.

Eyni zamanda bu islahatlar siyasi sahədə də olmalıdır. Ancaq kimlərsə son addımları qaralamaq, görülən işləri görməmək fikrindədirsə öz şəxsi işidir. Biz konstruktiv və obyektiv rəqabətin tərəfindəyik”.

Partiya sədri sual edir ki, kimlərsə ölkədə islahatların getdiyini qəbul etmirsə, onda niyə islahatların həyata keçirilməsini öz mitinqlərinin təsiri kimi təqdim edirlər:

"Gah deyirlər ki, bizim mitinqlərin təsiridir, gah da heç bir islahat getmədiyini söyləyirlər. Əgər bu islahat deyilsə, onda mitinqin hansı faydası olub? Deməli, özü-özlərini təkzib edirlər. Biz isə partiya olaraq hər zaman ağa ağ, qaraya qara deməyi bacarırıq və bu dəyişikliklərin davamını gözləyirik”.

"Demokratiya: Gediləsi uzun bir yol” kitabının müəllifi, politoloq Hikmət Hacızadənin sözlərinə görə, islahatların getmədiyini söyləmək olmaz.

"Təbii ki, müəyyən dərəcədə islahatlar gedir, addımlar atılır və bunu hamı görür. Amma bu islahatlar kifayət deyil.

Görünür ki, islahatlara qarşı müqavimət də var. Yeni idarəçilik üsulları köhnələri ilə toqquşur. Ona görə köklü islahatlar aparılmır”, - deyə siyasi analitik qeyd edir.

Onun fikrincə, ilk növbədə ədalətli və müstəqil məhkəmə sistemi qurulmalıdır: "Sabah kimsə biznesimi əlimdən alacaq. Mən vergi verəcəm, o isə mən verdiyim qədər ödəniş etməyəcək.

Sahibkarları məhkəmə sistemi maraqlandırır. Bundan əlavə, cəmiyyətlə qarşılıqlı əlaqə qurulmalıdır.

Yuxarıdakılar aşağıdan siqnalları bloklayır, azad sosial medianın fəaliyyətini məhdudlaşdırmaq çağırışları verilir. İslahatlar üçün azadlıqlar və şəffaflıq mütləqdir”.

H.Hacızadə hesab etmir ki, Avropa İttifaqı ilə imzalanacaq sazişlərə görə indidən islahatlara start verilib və Rusiyanın hansısa təzyiqlər göstərməsinə qarşı sosial siyasətdə müəyyən dəyişikliklərə gedilir:

"Əvvəla, o sazişlər yüngüldür, Rusiyadan elə bir təzyiq gələcəyini gözləmirəm. O sazişlərdən hansısa qəbul olunacaq, hansısa yox.

Yəni, onların hamısını yerinə yetirməyə məcbur deyilik. Qısası, Rusiyaya qarşı bir punkt imzalanmayacaq. Necə ki, Ermənistan da imzalamadı. Çünki ruslar təpindi”.

Politoloq düşünür ki, ölkəyə neftdən kənar gəlir olmalıdır: "Bunun üçün işləmək, inkişaf lazımdır. İnkişafı isə islahatlar təmin edir.

İkincisi, hakimiyyətdə nəsillər dəyişimi baş verir. Köhnə sovet məmurlarını xaricdə oxumuş uşaqları əvəzləyir. Onlar yeyib-içən oğlanlardır, amma başqa cür kökləniblər.  

Qərb təhsil alıblar, fərqli mühit görüblər, fikirləşirlər ki, sərvət toplamaq üçün xərac yığmaq yol deyil, başqa variantlar var. Mən yuxarıda nə baş verdiyini deyə bilmərəm.

Amma görünür ki, xarici təhsilli məmurlar gətirilir, Qərb siyasətinə doğru addımlar atılır. Mehmanı buraxmaq, şəhid ailələri ilə görüş, minimum əmək haqqının artırılması və s.  

Ona görə də islahatlar getmir demək olmaz. Gedir, sadəcə kifayət deyil. Davam etməlidir, azadlıqlar verilməlidir”.

Klassik Xalq Cəbhəsi Partiyasının İdarə Heyəti üzvü Xəzər Teyyublu hesab etmir ki, hakimiyyət heç bir addım atmır:

"Son dəyişikliklərdə müəyyən hərəkətlənmə müşahidə olunur. Əslində bu, iqtidarın yumşalması deyil. Sadəcə, hökumət vəzifə borcunu yerinə yetirir və uzun müddət yığılıb qalan sosial problemləri həll edir. Vətəndaşların varlı yaşaması üçün daha ciddi islahatlar lazımdır. Hakimiyyətin imkanları genişdir və bundan sonra 5000 manata qədər olan kreditlərin bağışlanması, müəyyən güzəştlərin tətbiqi, iş yerlərinin açılması, sənaye, istehsalat müəssisələrinin fəaliyyətə başlaması, problemlər içində boğulan kəndçinin sosial rifahının yaxşılaşdırılması ola bilər. Bu həm də prezidentin siyasətinə, imicinə müsbət divident gətirər”.

Emil SALAMOĞLU,
"Yeni Müsavat”

Oxşar xəbərlər