Məşhurlarsız təqdim olunan “Taxi Liza”dan FOTOLAR

  • 23 yan 2019, 18:42

Ötən gün Cinemaplus kinoteatrında "Taxi Liza” filminin təqdimat mərasimi baş tutub.

Musavat.com xəbər verir ki, baş rollarını Fərda Xudaverdiyev ilə Xəyalə Quliyevanın canlandırdığı filminin nümayişinə az sayda tanınmışın qatılması diqqət çəkib.

Qırmızı xalıdan keçən çəkiliş heyəti jurnalistlərin suallarını cavablayıb. Xəyalə Quliyeva bildirib ki, rol aldığı ilk filmdir: "Mənim və 2019-cu ilin ilk filmidir. Filmdə çox yeyən xanım rolundayam. Kino komediyadır.  Hər şey Mono Lizanın şəkilinin ətrafında baş verir. Çəkilişlər iyul ayında baş tutdu. Çox isti idi, saçımızın  suyunu fenlə qurudub, çəkilişləri davam etdirirdik. əməyə hörmət deyərək, hər kəsi baxmağa dəvət edirəm. Tamaşaçılar irad tutmaq üçün izləməsinlər, gülmək əylənmək üçün baxsınlar”.

Aktyor Fərda Xudaverdiyev isə deyib ki, Amerikan polisi olmaq arzusu olan Dursunu canlandırır: "Mənə məxsus zarafatlar filmdə çoxdur. Duru özü də bilmədən macəranın içinə düşür. Sonda qalib gəlir. Bu gün bizi Hollivudla müqayisə etməsinlər. biz yeni başlayıb, cığır açırıq. Səhvləri ən axırda görün”.

Daha sonra filmin çəkiliş heyəti qonaqlarla birlikdə filmi izləyib. Ekran işi taksi sürücüsü Dursunun başına gələnlərdən bəhs edir. Dursun görünüşü müasir, özü isə elə alışdığımız. Düz yeddi dəfə sevdiyi qıza elçi getsə də, qızın atası İftixar bəy qızını taksi sürücüsünə vermir. Həmin ərəfədə İftixar bəy Bakıya gətizdirdiyi məşhur "Mono Liza” əsərini sərgidə nümayiş etdirməyi planlayır. Amma şəkil naməlum şəxslər tərəfindən oğurlanır. Hadisələr isə bundan sonra başlayır.

Qeyd edək ki, rejissorluğunu Rövşən Ağayevin etdiyi filmdə rolları Fərda Amin, Xəyalə Quliyeva ilə yanaşı  Zemfira Əbdülsəmədova, Cəfər Namiq Kamal, Faiq Mirzəyev və başqaları canlandırıb./Musavat.com/


 

 

Oxşar xəbərlər