“Hökumət Buludu” hökumətə nə vəd edir?

  • 20 iyun 2019, 13:09

Osman Gündüz: "Təhlükəsizlik və dayanıqlıq məsələləri diqqətdə saxlanmalıdır”

İyunun əvvəlində Prezident İlham Əliyev "Hökumət Buludu”nun yaradılması haqqında fərman imzalayıb. Hökumət Buludunun tətbiqində əsas məqsəd dövlət xərclərini optimallaşdırmaq və azaltmaq, informasiya sistemlərinin fəaliyyətinin keyfiyyətli, dayanıqlı və təhlükəsiz infrastrukturda təşkilini təmin etməkdir.

Fərmana əsasən Hökumət Buludu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin  Data Mərkəzinə məxsus infrastrukturda formalaşmalıdır.

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidentiOsman Gündüzün fikrincə, fərman kifayət qədər əhəmiyyətli bir sənəddir: "Çünki hazırda ən böyük nazirliklərdən tutmuş adi bir dövlət qurumunun da özəl data mərkəzi və ya ən azı balaca bir server otağı var. Və büdcədən də bu resursların saxlanılmasına, əlavə olaraq da kadrlara, hər birisinin təhlükəsziliyinin qorunmasına hər il milyonlarla vəsait xərclənir.
Bu fərman isə indiyədək səpələnmiş vəziyyətdə, hər bir dövlət qurumunun özəl data mərkəzlərindən və adi server otaqlarından ibarət olan dövlət resurslarının gələcəkdə vahid bir mərkəzdən idarəetməsini nəzərdə tutur”.

Bu fərmanın icrası ilə nə baş verəcək ? O.Gündüzün sözlərinə görə, fərmanla NRYTN-ə tapşırılıb ki, bütün dövlət qurumları , ö cümlədən dövlət şirkətləri və publik şəxslərin resursları Data Mərkəzində saxlanılsın, həmçinin "Hökumət buludu”ndan istifadəsi təmin edilsin: "Mühit formalaşdırılsın, xərclər müəyyən edilsin və bu məqsədlə hökumətə müraciət olunsun.
Dövlət qurumlarına da tapşırılıb ki, resurslar Data Mərkəzə köçürülsün və Hökumət Buludundan istifadə təmin edilsin

Burada risklər varmı? Bəli, var. Elə dövlət qurumu var ki, onun hazırkı Data Mərkəzi NRYTN-in Data Mərkəzindən bir neçə dəfə böyükdür. Hətta bu qurumların ehtiyat data mərkəzləri də qurulub. Bildiyim qədər ən azı 4-5 belə dövlət qurumu var.

Belə olan halda onların köçürülməsi necə olacaq? Ümumiyyətlə, sual yaranır ki, bu tip dövlət qurumlarının resurslarının NRYTN Data Mərkəzinə miqrasiyasına ehtiyac varmı? Düşünürəm ki, uzun illər oturuşmuş və hazırda normal fəaliyyət göstərən infrastrukturun miqrasiyası təhlükəsizilik və dayanıqlı fəaliyyət baxımından əlavə problemlər yarada bilər. Fikrimcə, bundan sonrakı təkmilləşmə işlərinin, həmçinin də daha məhdud resurslarala malik bütün dövlət qurumlarının NRYTN Data Mərkəzinə və Hökumət Buluduna inteqrasiyası doğru olardı.

Fərmanda bununla bağlı məsələlərə rəy verilməsi Vətəndaşlara Xidmət və Sosial İnnovasilaya üzrə Dövlət Agentliyinə həvalə olunub. Güman ki, bu risklər nəzərə alınaraq fərmanda "Hökumət buludu”na Keçid Planını hazırlamaq da nəzərdə tutulub və bu iş NRYTN təklifləri əsasında hökumətə həvalə olunub”.

Forum prezidentinin fikrincə, bu gündən sonra dövlət resursları vahid mərkəzdən idarə ediləcəksə, Data Mərkəzin və onun ehtiyat mərkəzinin dayanıqlığı və təhlükəsziliyinə diqqət artırılmalıdır: "Bildiyim qədər, artıq 3 il başa çatdığından NRYTN Data Mərkəzdəki HP avadanlıqlarının lisenziya müddəti də bitib . HP nümayəndəliyi ölkəmizdə ləğv olunduğundan gələcəkdə update ilə bağlı məsələrin həll olunması ilə bağlı problemlər də zamanında nəzərə alınmalıdır. Xüsusi Dövlət Mühafizə Xidməti ilə birgə təhlükəszilik tədbirləri gücləndirilməlidir”. /Musavat.com/

Oxşar xəbərlər