"YOLA SAL, (VER) GETSİN"!

  • 30 dek 2018, 11:04
YOLA SAL, GETSİN!
(Mini hekayə)
Vallah, billah, həyatda ağlım kəsəndən, vəzifə sahibi olandan ən çox, ən çox bir ifadəyə rast gəlmişəm: yola ver, getsin. Dünyanın heç bir lüğətində bu ifadəyə rast gəlmədim. İstədim müxtəlif dillərə tərcümə etdirim. Heç cür tərcümə olunmadı. Amma öz aramız, bu ifadəyə o qədər öyrəşmişik ki, deyilişdə də şipşirin səslənir. Deyildimi, dalınca başqa ifadə ola bilməz. "Yola ver”, deməli yola vermək lazımdır. O gün istədim bir işçimi cəzalandırım. Çünki işə gəlmirdi. Gəlmək cəhənnəmə, heç vecinə də almırdı, burda müdir var, ya yox. Elə təqdimatı çap etməmiş yuxarıdan zəng gəldi, qısa və konkret.-Yola ver, getsin! 
Boynun oldu qıldan nazik.
Hələ bu harasıdır, dedilər bir nəfəri müəllim götür. Dedim, a kişi, bu millət yazıqdır. Onun balalarını kor etməyək. Yenə də həmin səs, həmin ton:-Yola ver getsin! 
Keçən həftə dedilər rəy yaz, filankəs fəlsəfə, filankəs də elmlər doktoru olmalıdır. Dedim, bu bədbəxtin oğlulları heç üzündən oxuya bilmirlər axı. Alim adı ilə zarafat etmək olmaz. Millətin alimi bunlar olanda, onun gələcəyi nə olacaq....
Söz ağzımda qaldı:-Yola ver, getsin!
Sən demə, adi vəzifədən tutmuş, xırda-para məmurundan nazirinə qədər hamı bu cığırla gedirmiş. Nə qədər yararsız, qanmaz, çıxdaş, iş bilməz, savaddan uzaq, bacarıqdan kasad adamlar varsa, xırda vəzifələrdən böyük vəzifələrə yiyələnmişlərə qədər hər kəsi bu kəlmə yerinə mıxlayıb toxunulmaz etdirmişdir.
Keçən cümə böyük müdirimin kabinetində idim. Şirin-şirin söhbət edərkən cib telefonuna zəng gəldi. Böyük müdirim nömrəyə baxan kimi özünü yığışdırdı, ciddiləşdi. Bir az da rəngi dəyişdi. Teloefonu qulağından aralı tutduğundan mən də eşitməli oldum. Cavab verməmiş səs gəldi:
- Filankəs yenə ordamı işləyir?
(Filankəs sən demə mən idim.)
-Bəli.
-Yenə baş aparır?
Böyük müdirim udqundu. Nə cavab vermək üçün qərara gəlməmiş yenə qısa, konkret deyilən ifadəni eşitdim.
-Yola sal, getsin! 

Qaldım çaş-baş. Sən demə lüğətimizdə "yola sal, getsin!” ifadəsi də var imiş. Mən də yatmışam fil qulağında...

Maqbet Əhmədov 

GDU-nun əməkdaşı, filologiya elmlər namizədi, dosent 

Oxşar xəbərlər