Mandatın alınması üçün bir pəncərə

  • 01 noy 2018, 08:23

"Heç vaxt və heç kimə nə fikirləşdiyini göstərmə” 

("Xaç atası-2" filmindən)

Deyir iki deputat söhbət eləyirlər, biri təəccüblə söyləyir: "Bilirsən, mən heç cür anlamıram bu camaat bizi niyə sevmir. Axı biz heç nə eləmirik!” İndi bizim deputatların da qəfildən üsyana qalxması anlaşılmazdır. Orada təzə qanun düzəldilir, o qanuna əsasən 9 nəfərlik intizam komissiyasının deputatın mandatını ləğv eləmək hüququ olacaqdır. Qabaqkı qanunda isə deputatın mandatını cırıb... gözünə soxmaq üçün 125 deputatın hamısı səsvermədə iştirak eləməliymiş. Bəzi deputatlar vəziyyətin bura gəlməsindən kədərləniblər, deyirlər bəs bizim 40 min nəfər seçicimiz necə olacaqdır, niyə onlardan soruşan yoxdur saat neçədir və sairə. Gülməli adamlardır. 40 min seçicini, görəsən, haradan çıxardıblar? Bu qədər seçicimiz olsaydı nə vardı ki.

İkinci yandan, deputat mandatının ləğvi proseduru haçansa asanlaşdırılmalı idi, bu, dövrün tələbidir. Bizdə hazırda hər sahədə "asan-xidmət” modeli uğurla tətbiqini tapır. Kənd təsərrüfatından gömrüyə, yemək-içməkdən sənədləşməyə qədər hamısı "bir pəncərə, yarım fortuşka, iki reşotka, seyf qapı, yeddi nadzor” sisteminə keçir. Zəhmətkeşlərimiz bu asanlaşdırma proseslərini alqışlayır, hərtərəfli dəstəkləyir. Belə olan halda deputatın mandat alıb-verməyini 125 nəfərdən, hətta 40 min nəfərdən asılı eləyəsən - yarayarmı? Hətta 9 nəfər də çoxdur, yəqin gələcəkdə bunu da azaldarıq. İnşallah. Hələ bizi qabaqda çox islahatlar gözləyir. Tələsməyin yeri yoxdur. Anar müəllimin məşhur əsərində uzaqgörənliklə yazdığı kimi: "Tələsmə, Zaur, tələsmə”. Yazıçı üçün böyük uğurdur. Nə qədər böyük sənətkar olmalısan ki, hələ ötən əsrin 60-cı illərindən bizdə Asan-xidmətin yaranacağını görəsən.

Hətta mənə elə gəlir o qırx min seçicidən-zaddan dəm vuran deputatları dərhal qovub yerlərinə Sofiya robotunun qardaşlarını qoysaq daha uyğun olar. Düymə basmaqdırsa, robot bunu hər cür insandan qırx min dəfə yaxşı bacarır. Cəlal əminin yeri belə məqamlarda görünür. Eh... İndi sağ olsaydı mütləq bu ağzıgöyçəklərin üstünə qışqırardı, deyərdi almısan mandatı, səsini kəs, otur yerində. Sonra deyirlər müqəddəs yer boş qalmır. Elə qəşəng də qalır ki...

Bu yaxında bir nazir müavini də təxribatçı, düşmən dəyirmanına su tökən çıxışı ilə diqqət çəkdi. Deyir gənclərimiz arasında işsizlik normadan 2 dəfə artıqdır. Təsəvvür elə. Bəs bizdə işsizliyin aradan qalxması, iki milyon yeni iş yeri yaradılması söhbətləri necə oldu? Təbii ki, nazir müavini yalan deyirdi. Biz yaxşı bilirik ki, Azərbaycanda iş yerləri o qədər çoxdur hətta Ərəbistan səhralarından bədəvi ərəblər də burada çalışmağa gəlirlər. Özü də əsasən gecə növbəsində çalışırlar, o qədər zəhmət çəkib qan-tərə batırlar ki, bəziləri canını tapşırır. İnsan əməklə ucalır - atalarımız demişkən. İş insanın cövhəridir. İşləməyən dişləməz. Verərsən ətdən-mətdən, İşlərəm bərkdən-bərkdən, Verərsən şordan-mordan, İşlərəm ordan-burdan.

Sonra da deyirsiniz orta məktəbimizdə cinsi tərbiyə dərsi olmasın. Təhsil Nazirliyi günün tələblərini doğru tutmuşdur. Yoxsa görürsən direktor müavini uşağı saldı şillə-təpiyin altına, bu zaman uyğun olmayan söyüşlər işlətdi, gənclərin tərbiyəsi pozuldu. Dərsi keçilsə hamı da bilər necə söymək lazımdır. Dərs vacibdir. Adam özbaşına öyrənəndə alınmır. Ya da pis alınır. Yaxşısı budur adamın ustadı, öyrədəni olsun. Şair bu məqamda yaxşı deyibdir: "Yazıq Ələsgərəm, azdı kamalım, Vacibdi ki, bir ustaddan dərs alım, Dərs aldım, öyrəndim, oldu öz malım, Bizdən də ustada nəfi-rəhmətdi”.

Ümid edirəm deputatlar da bu temadan dərs çıxararlar.

 

Oxşar xəbərlər