Boş qabın danqıldaması - Zamin Hacı yazır

  • 21 noy 2017, 08:58

Dünən təsadüfən dükanda açıq telekanalizasiya lyuku gördüm, orada əcaib səsli bir diktor deyirdi ki, ermənilər əsgərliyə getmək istəmir, mitinq, piket edirlər, bunun əsas səbəbi isə onların qorxaqlığıdır.

Əlbəttə. Çox qorxaq millətdir. 1989-93 arası bir balaca "pıqq” elədik, hamısı qaçdı girdi tülkü yuvasına. Getdik İrəvanı aldıq. Ordan Qarsın qalasını almağa gedirdik ki, Türkiyə ordusu qarşımızı kəsdi, dedilər, arkadaş, nə yapıyorsunuz? Bundan sonra geri çəkildik, çünki bir millət, iki dövlətik. Biz çəkiləndə yerimizə ruslar gəlib doldular. Ruslarla türklər başladı dava eləməyə. Hətta arada rusun bir samalyotunu vurub saldılar. Ruslar da bazarda xeyli türk pomidorunu ayaqlayıb ketçup düzəltdilər. Nəyə görə? Hamısı ermənilərin qorxaqlığı üzündən. 1989-cu ildə biz dünyanın birinci milləti olanda (Nemət adlı bir nəfərin dalıyca düşdüyümüzə görə bu adı qazanmışdıq) məşhur şüar da kəşf olunmuşdu, indi onu burada yazmağın əsl yeridir: "Hava yaman soyuqdur, Ermənilər toyuqdur!”.

Soyuq demişkən, sizə nəql eləyim məşhuri-cahan "Azəriqaz” şirkətimizdən. Bunun məşhurluğu ondan ibarətdir ki, bizdə xeyli kəndin qazı olmasa belə hazırda İtaliyada zeytunluğu kəsib firənglərə qaz çəkirik. (Aqil Xəlilin yeri məlum - Çovdarovu buraxasan, gedə Aqil bəyi bir dəfə də Roma yaxınlığında zeytunluqda döyə). Əsas odur valyuta gəlsin. Yoxsa bu dəqiqə firənglərlə İlqar Məmmədov məsələsinə görə qanlı bıçaq durumundayıq. Bizə düşmənçilik edirlər, ikili standart qoyurlar, nə bilim, hamısı xaricdən maliyyələşən qara qüvvədən ibarətdir, ancaq bu, bizim onlara qaz xətti çəkməyimizə mane olmur. Azərbaycanda hər şeyi dəstəkləyən adamlar isə qaz tapmır. Paradoksal haldır.

Ancaq məni narahat edən bu deyil. Keçən həftə qaz idarəsinin bir sürü əməkdaşı tökülüşüb gəlmişdi. Deyirlər, müqavilə təzələnməlidir, üstündən 2 il keçibdir. Gərək ASAN-kommunal idarəsinə gedib müqaviləni təzələyəsiniz, əks halda qaz kartı blok ediləcəkdir. Əstəgfürullah. Görəsən bu idiot qaydanı kim fikirləşib? Qaz sayğacı çoxdandır smart tiplidir, yəni, boş qab kimi bir şeydir - içinə nəsə doldursan, pul qoysan qazın olacaq, əks halda, olmayacaq. İndi isə səndən tələb olunur, bir dövlət idarəsinə gedib növbələrdə sürünəsən. Nədir-nədir bir boş vedrənin dalını danqıldadacaqlar - müqavilə kağızı adlanan cırıq vərəq təzələnəcəkdir. Bəyəm bu vərəqi mənzillərə gətirib vətəndaşa qol çəkdirmək olmaz? Yooox, nə danışırsan, bəs o boyda ASAN-kommunalı niyə qayırıblar? Sözgəlişi, ermənilərdə asan-kommunal yoxdur, ona görə qazları çıxmır.

Təbii ki, bu karikatur prosedurda korrupsiya elementləri də vardır. Misal üçün, həmin blok hədə-qorxusu gələn "Azəriqaz” əməkdaşları iki "maraqlı” təklif də irəli sürmüşdülər. Birinci təklif o idi ki, əgər istəsəniz 20 manat verin, sizin yerinizə asan-xidmətə gedək. Buna razı olmadıqda ikinci təklif gəldi: istəsəniz bələdiyyədən bir arayış alın, indiki müqaviləni 2 il də uzadaq. Ancaq bu halda 10 manat "tərləməlisiniz”. Buyur, bu da sənə məişət səviyyəsində korrupsiyanın aradan qalxması... Kim bilir, nə qədər zəhmətkeş uçan-qaçan-xidmətlərə getməmək üçün bu rüşvətləri ödəməyə hazır olur.

Qayıdaq vətən müharibəsi sahəsinə, çünki az qalıb, erməniləri qırıb qurtarırıq. Bu yaxında Azərbaycan dəmiryolunu Astaradan Rəştə uzatmaq projesi üçün İrana 500 milyon dollar kredit ayırdı. Təxminən o qədər pul bizdə 2006-cı ilədək şəhid olanların cəmi sığortası - qan pulu eləyir. Adambaşına 11 min manat düşür. Əlil olanlar üçünsə bir qədər azdır. Neçə ildir dövlət bu pulu şəhid və qazi ailələrinə qıyıb vermir. Söhbət saqqız kimi uzanıb, bu illərdə hətta Konstitusiya Məhkəməsi də qərar çıxarıb ki, kişilərin pulunu vermək lazımdır, ancaq verən yoxdur. Adam var özü 1992-ci ildə, oğlu isə indi Qarabağda həlak olub, ancaq ailəsi qan pulu ala bilmir.

Deməli, 92-ci ildə Ağdərədə vuruşmaq yox, İrana dəmiryolu çəkmək lazım imiş.

Zamin HACI

Oxşar xəbərlər