Göygöl rayonunda oğru taladığı evin seyfini belə apardı - VİDEO + Təfərrüat

  • 26 may 2019, 14:29

Ötən ay - aprelin 18-də Göygöl rayonunda baş verən maraqlı oğurluq hadisəsi anbaan qonşuluqdakı videokameranın yaddaşına düşüb. 

Videogörüntüdən aydın olur ki, əvvəllər oğurluq üstündə məhkum olunmuş Dursunov Şahin Elşən oğlu şəhər məscidinin yaxınlığında, vətəndaş Fuad Cəfərova məxsus evə girərək içi dolu seyfi oğurlayır. Seyfi qucağında daşıyaraq yaxınlıqdakı su kanalının yanına yerləşdirir və 18 dəqiqə sonra isə atasının da əyləşdiyi "NİVA" markalı avtomaşınla yenidən əraziyə gələrək ələ keçirdiyi "qəniməti"ni maşına yerləşdirib aradan çıxır. Hadisə gecə saat 21:05 - 21:30 aralığında baş verir.

VİDEOXÜLASƏ :

Hadisənin təfərrüatları barədə "Demokratik.Az"-a danışan zərərçəkmiş Fuad və Qələndər Cəfərovların sözlərinə görə, hadisə günü ailənin bütün üzvləri toy mərasimi ilə əlaqədar olaraq Gəncədə "Münasib" Şadlıq sarayında olublar. Gecə qayıdanda biliblər ki, oğru evin birinci mərtəbəsinin pəncərəsindən içəri girərək otaqların birində divara gizli quraşdırılan seyfi çıxararaq aparıb.

Oğrunun seyfin hansı otaqda və harada yerləşdiyini necə bilməsi isə sual olaraq qalır. Bundan əlavə, oğurluq ev sahibinin özünün qarajdakı alətlərilə həyata keçirilib.

Ev sahibinin sözlərinə görə, ailəyə seyfdə olan qızıl-zinət əşyaları və pulla birlikdə, ümumilikdə 30 min manat maddi ziyan dəyib. Eləcə də, evin bütün sənədləri, ailə üzvlərinə aid pasportlar və diplomlar, doğum haqqında şəhadətnamələr də seyflə birlikdə gedib.

Oğru hadisənin ertəsi həbs edilsə də, zərərçəkmiş Cəfərovlar ailəsi istintaqın gedişindəki bəzi məqamlardan narazıdır. 

Qələndər Cəfərov bildirir ki, nə polis, nə də prokurorluq orqanı hələ də seyfin harada olduğunu müəyyən edə, tapa bilmir. Oğurlanmış sənədləri, qızılları və pulu geri qaytarması üçün oğruya və ailəsinə hüquqi təyziq göstərmir. Oğru isə seyfi Gəncə çayına tulladığını deyir.

Bundan başqa, ailə başçısı seyfin oğurlanmasında oğrunun atasını da günahkar bilir. Videodan da aydın olur ki, oğru gözdən 1-ci qrup əlil olan atası Elşənlə birlikdə olub. Lakin, istintaqa ifadəsində ata kor olduğunu, heç nə görmədiyini, oğlunun seyf oğurlamasından, həmin an maşını hara və niyə sürdüyündən xəbərsiz olduğunu bildirərək həbsdən yaxa qurtarıb. Zərərçəkmişlər hesab edir ki, ata əvvəldən də hər şeyi bilib və o da həbs edilməlidir.

Zərərçəkmişin sözünə görə, oğurluqda istifadə edilən "NİVA" maşınının da sənədsiz və nömrəsiz olmasına gecikmiş hüquqi qiymət verilməsi üçün dərindən araşdırılmalıdır. Çünki, peşəkar oğru da, əlil atası da həmin maşından uzun müddət sənədsiz-nömrəsiz istifadə ediblər, dəfələrlə rayon polisləri tərəfindən saxlanılsalar da "nüfuzlu əmi"nin diqtəsilə dərhal sərbəst buraxılıblar. Hazırda da həmin avtomaşın sərbəst buraxılıb və sənədləri qaydasında olmadan Elşən Dursunovun istifadəsindədir.

Aldığımız məlumata görə, oğrunun doğma əmisi Göygöl rayonunun yeganə miyonçu iş adamı Məhsub Dursunovdur. İş adamı Göygöl şəhərində bir neçə iri mağazaların sahibidir.

Hazırda ərzaq (ƏMİNƏ MARKET) və hər növ tikinti materiallarının satışı ilə məşğul olan, rayon üzrə çoxsaylı tender layihələrində "qalib" olan Məhsub (Maqsud) Dursunovun qardaşına və oğru qardaşıoğluna qarşı şəxsi münasibətinin normal olduğu söylənilir.

"Demokratik.Az" oğurluğu əks etdirən fotoları da təqdim edir.

 



 


 

Oxşar xəbərlər