Şabranda evləri talayan oğru yaxalandı

  • 23 avq 2018, 11:12

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan "Demokratik.Az"-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin iyul və avqust aylarında şəhər ərazisində yerləşən 3 evə qanunsuz daxil olaraq oradan pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Şabran şəhər sakini, əvvəllər məhkum olunmuş Murad Məmmədov saxlanılaraq RPŞ-yə gətirilib.

Dindirilmə zamanı M.Məmmədov törətdiyi cinayət əməllərini etiraf edərək, sahiblərinin evdə olmadığı vaxtlarda pəncərədən daxil olaraq evlərdən pul və qızıl-zinət əşyaları oğurladığını bildirib. Aparılan tədbirlərlə məlum olub ki, o, iyul ayında şəhər ərazisində yerləşən evlərin birindən 2970 ABŞ dolları, 850 manat və qızıl-zinət əşyaları, avqust ayında isə iki evdən 5000 rubl, 150 manat, 100 ABŞ dolları və qızıl-zinət əşyaları oğurlayaraq ev sahiblərinə ümumilikdə 10 min manatdan çox maddi ziyan vurub. M.Məmmədov oğurladığı qızıl-zinət əşyalarının bir qismini Bakı və Sumqayıt şəhərlərindəki qızıl alqı-satqısı məntəqələrinə dəyərindən ucuz satmış, digər qismi isə maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı Murad Məmmədov barəsində Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Demokratik.Az


Oxşar xəbərlər