Rayonlara ayrılan dotasiyalar ləğv oluna bilər

  • 17 fev 2016, 21:40
Azərbaycan rayonlarının 90 faizi dövlətin dotasiyası hesabına maliyyələşir. 2012-ci ilə kimi yalnız Bakı şəhəri öz xərclərini daxili gəlirlər hesabına təmin edə bilib. Bu siyahıya daha sonra Sumqayıt şəhəri və Abşeron rayonu daxil olub.

2015-ci ildə dövlətin dotasiyasından xilas olan və xərclərini öz gəlirləri hesabına təmin edə bilən şəhər və rayonlar arasına Şirvan, Mingəçevir şəhərləri və İmişli rayonu da qoşulub.

Hazırki iqtisadi durumda dotasiyaların ləğv edilməsi təklif edilir. 

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Qubada rayon ictimaiyyəti ilə keçirilən görüşdə bu məsələyə aydınlıq gətirib. PA rəsmisi qeyd edib ki, rayonlar dövlətin dotasiyasından çıxmalıdır.

"Quba böyük, işlək əhalisi, münbit torpağı, dənizə çıxışı olan rayondur. Bu rayon niyə dövlətin dotasiyasında olmalıdır? Azərbaycan rayonlarının 90 faizi dövlətin dotasiyasında oturub mərkəzdən maliyyələşdirilir. Axı bu sonsuza kimi davam edə bilməz. Dövlət ancaq zəruri məsələlərin maliyyə təminatını öz üzərində saxlamalıdır. Rayonlar isə öz potensiallarından tam istifadə edərək, yavaş-yavaş dotasiyadan çıxmalıdır”

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev AzVision.az-a bildirib ki, dotasiyadan xilas olunmaq üçün ilk növbədə rayonlarda inkişaf olmalıdır. 

Millət vəkilinin sözlərinə görə, rayonlarda yerli məhsul istehsal olunmalı, yerli sənaye inkişaf etməlidir. Məhz bundan sonra dotasiyalar ləğv oluna bilər.

"Rayonların dotasiya alması müəyyən müddət olmalıdır. Çünki dövlət uzun müddət rayonları belə saxlaya bilməz. Regionların inkişafı üçün külli miqdarda xərc çəkilib. Bundan sonra tədricən rayonlar özlərini saxlamalıdır. Çünki rayonlarda yerli sənayenin, emal sənayesinin və kənd təsərrüfatının inkişafı üçün hər cür şərait yaradılıb. Bu gün rayonlarda, işıq, su və qaz problemi aradan qaldırılıbsa, istehsal da artırılmalıdır. Çünki bütün regionların inkişaf potensialı var. Hazırda 6 rayon dövlətdən dotasiya almır. Hesab edirəm ki, hər il bir neçə rayon dotasiyadan azad olunmalıdır”. 

İqtisadçı Vüqar Bayramovun sözlərinə görə, Azərbaycanda bütün iqtisadi rayonların dotasiyadan azad olmaq imkanı var. Ekspert qeyd edib ki, dotasiya ilə yaşayan rayonların iqtisadi səmərəlliliyinin artırılması həmin rayonların büdcədən asılılığının azaldılmasına gətirib çıxaracaq.

"Hazırda əksər rayonların dotasiyaya ehtiyacı var. Amma bütövlükdə mövcud iqtisadi siyasət imkan verə bilər ki, bütün iqtisadi rayonların dotasiyadan azad edilməsinə nail olmaq mümkün olsun. Bu gün dotasiya ilə yaşayan rayonların sayının çox olması onların xərclərinin gəlirlərdən üstün olması ilə bağlıdır. Dotasiyanın azaldılması üçün birmənalı şəkildə həmin rayonlarda istehsal sektorunun yaradılması və dəstəklənməsinə ehtiyac vardır. Nəzərə alaq ki, rayonların investisiya cəlb etmək imkanları var”,-deyə iqtisadçı vurğulayıb.

V.Bayramov qeyd edib ki, dotasiya rayonları həm də müəyyən qədər arxayın salır: "Bu mənada dotasiyanın verilməməsi ona görə əhəmiyyətlidir ki, rayonlar arxayın şəkildə dövlət büdcəsindən vəsait almaqda maraqlı olmasınlar. Bu baxımdan indiki məqamda rayonlara verilən dotasiyanın azaldılmasının yeganə yolu rayonların bu istiqamətdə dəstəklənməsi və yeni iş yerlərinin yaradılmasına hesablanan investisiyaların cəlb edilməsindən keçir”.
Oxşar xəbərlər