66 rayondan cəmi 6-sı öz xərclərini ödəyə bilir

  • 14 yan 2016, 17:55
 Bölgələrə yönəldilən investisiyalar özünü doğrultmayıb, əhali sosial məhrumiyyətlər içərisində yaşayır
 Vahid Məhərrəmov: "Zavod, fabrik, emal müəssisələri yoxdur, hamısı bağlanıb, insanlar nə etsinlər?!"
Bu gün regionlarda əhalinin sosial vəziyyəti ağırdır. Neft gəlirlərinin yüksək olduğu dönəmlərdə regionların sosial-iqtisadi inkişafı, işsizlik probleminin həlli üçün real addımlar atılmayıb. Baxmayaraq ki, hökumət bununla bağlı bir neçə dövlət proqramı qəbul edərək, büdcədən milyardlarla vəsait ayrılıb. 

Məsələn, regionların sosial-iqtisadi inkişafı  ilə bağlı 4 Dövlət proqramı qəbul olunub. 
Dövlət proqramlarının əsas məqsədi bütün regionlarda qeyri-neft sektorunun inkişafı, kommunal xidmət və digər infrastruktur obyektlərinin, yeni istehsal və emal müəssisələrinin yaradılması, mövcud müəssisələrdə istehsal fəaliyyətinin genişləndirilməsi, rabitə və informasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsi, sosial infrastrukturun yaxşılaşdırılması, o cümlədən müasir standartlara uyğun təhsil, elm, səhiyyə, mədəniyyət və idman obyektlərinin inşası, yenidənqurulması və sair kimi tədbirlər nəzərdə tutulub. 
Sahibkarlığa Kömək Milli Fondunun xəttilə verilən güzəştli kreditlərin 90 faizə yaxını aqrar sektora yönəldilib. 

Amma statistika göstərir ki, bunların hamısı "nağıl"dır. Ölkə üzrə əmanətlərin və kreditlərin 95 faizdən çoxu Bakının payına düşür. Bu isə o deməkdir ki, bölgələrdə iqtisadi inkişaf sıfır səviyyəsindədir, real iqtisadiyyatın inkişafına kapital yönəldilməsi olduqca zəifdir. Verilən kreditlər isə Bakı ilə müqayisədə kifayət qədər yüksək, əmanətlər üzrə faizlər isə aşağıdır. Bankların regionlarda saxladığı filiallar öz xərclərini ödəməkdə çətinlik çəkdiklərinə görə, böhran onların bağlanmasına gətirib çıxarıb. Bu isə işsizliyi bir qədər də artırıb.

Habelə, 2016-cı ilin dövlət büdcəsində yerli gəlirlər 6.602 milyard manatdır ki, onun da 6 milyardı Bakının payına düşür. Deməli, bütün regionlar üzrə gəlirlər 602 milyon manatdır. Dövlət büdcəsində nəzərdə tutulan yerli xərclər isə 1.541 milyard manatdır. 66 rayonun yalnız 6-nın öz xərclərini tam ödəyə biləcəyi gözlənilir. Digər rayonlar isə kəsirlərini büdcə vasitəsilə ödəyirlər. Bu istiqamətdə büdcədən 774,9 milyon manat ayrılması proqnozlaşdırılıb.

Deməli, regionların büdcədən asılılığı yüksək olaraq qalır. Özəl sektor zəif olduğundan yerli büdcələr yalnız dövlət müəssisələrindən yığılan vergilər hesabına dolur.
Bundan əlavə, əhalinin əsas gəlir mənbələrindən biri olan Rusiya amili də ötən ildən başlayaraq təsir göstərməyə başlayıb. Bu ölkədən Azərbaycan ailələrinə daxil olan vəsaitlər iki dəfədən çox azalıb. 
O ki qaldı kənd təsərrüfatı sektorunda çalışan vətəndaşların vəziyyətinə, burada da durum ürəkaçan deyil. Son 20 ildə ölkənin kənd təsərrüfatı məhsullarının idxaldan asılılığının artması bu sahədə yerli istehsalın zəiflədiyini deməyə əsas verir.   

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov "Bizim Yol"a şərhində bildirdi ki, bu gün əmək qabiliyyətli əhalinin 37 faizi aqrar sahədə çalışır: "Kəndlərlə yaşayan əhalinin heç də hamısı kənd təsərrüfatı sektorunda çalışmır. Bölgələrdə çoxlu sayda əmək qabiliyyətli insan var ki, işsizdir. 
Hökumətin yerlərdə gördüyü işlər o oldu ki, parklar salındı, dövlət bayrağı ucaldıldı, Heydər Əliyevin adını daşıyan küçələrə asfalt yolları çəkildi. Bu işlər gəlir gətirən sahə deyil. Əsas lazımi işlər o idi ki, kəndlilərin istehsalda mövcud olan problemləri aradan qaldırılsın. Amma təəssüf ki, kəndlilərin problemlərini aradan qaldırmaq üçün heç bir tədbir görülmədi. Əvəzində məmur-oliqarxlar böyük təsərrüfatlar yaratdılar, kəndlilərin əlində olan örüş sahələrini, pay torpaqlarını alıb özününküləşdirdilər. Onları gəlirlərindən məhrum etdilər. Yeni iş yerləri açmadılar ki, həmin insanları sosial durumunu təmin etmək üçün işləsin. Ümumiyyətlə, istehsalla bağlı problemlər aradan qaldırılmadığı üçün nə məhsul istehsalı, nə də məhsuldarlıq artdı. Hətta istehsal olunan məhsulun bazara çıxışı məhdudlaşdırıldı. Bazar inhisarçıların əlinə keçdi". 

V.Məhərrəmov əlavə etdi ki, son on ildə Azərbaycan hökuməti regionların sosial-iqtisadi inkişafı adı altında oliqarx biznesinin inkişafına yönəlik maliyyə vəsaiti ayırdı: "Onların torpaq ərazilərinin suvarma təminatı ödənildi, heyvandarlıqda yeni texnologiyaların, cins mal-qaranın gətirilməsində yardım edildi. Ona görə də güclü narazılıq var, insanlar işdən məhrum olublar. Zavod, fabrik, emal müəssisələri yoxdur, hamısı bağlanıb, insanlar nə etsinlər? 5-6 ilə qədər dəyirmanlar var idi. Fermerlər istehsal etdikləri buğdanın bir hissəsini dəyirmanlarda üyüdüb çörəkbişirmədə istifadə edirdilər. Sonradan həmin dəyirmanları dağıtdılar. İndi onlar məcburiyyət qarşısında qalıb un alırlar. Un da inhisarçıların əlindədir və dünya bazarındakı qiymətlərdən iki dəfə baha təklif edirlər. Ona görə də regionlarda sosial gərginliyin olmasının əsası var".

V.Məhərrəmova görə, hazırda kəndlilərin az da olsa istehsal etdiyi məhsuldan gəlir götürmək imkanları çətindir: "Məhsuldarlıq aşağı oduğu üçün maya dəyəri yüksək olur, xərcləri artır. Fermerlər onu bazara çıxaranda yaxşı gəlir əldə edə bilmirlər. Digər tərəfdən, fermerlərə təklif olunan kreditlərin orta faiz dərəcəsi 28 faizdir. Ona görə də belə yüksək faizlə fermerlərin əksəriyyəsi kredit götürə bilmir. Taxılçılıqda subsidiya verildiyinə görə, bu sahədə fermerlər nisbətən gəlir götürə bilir. Amma burada da faiz dərəcəsi o qədər yüksək deyil". 

Vüsalə RÜSTƏMOVA
 
Demokratik.Az
Oxşar xəbərlər