“NAZ-Lifan” bahalaşır

  • 11 fev 2016, 20:23
Naxçıvan Avtomobil Zavodunda istehsal edilən "NAZ-Lifan” modellərinin qiyməti artacaq.

Bu barədə AzərTAc-a açıqlamasında Naxçıvan Avtomobil Zavodunun direktoru Musa Abdullayev bildirib.

"İndiyədək Naxçıvan Avtomobil Zavodunda istehsal edilən "NAZ-Lifan” modellərinin qiymətlərində artım olmayıb və 11 min manatdan başlayaraq dəyişir.

Yaxın günlərdə zavodun nümayəndə heyəti Çinə səfər edəcək, orada qiymətlər və yeni modellərlə bağlı danışıqlar aparılacaq. Valyuta bazarındakı son vəziyyəti nəzərə alaraq qiymətlərə yenidən baxılacaq”, - deyə M. Abdullayev bildirib.

Zavodun direktoru qiymətlərin modeldən asılı olaraq 15-30 min manat arası dəyişəcəyini ehtimal edir. Eyni zamanda zavodun istehsal etdiyi modellərin respublikada satılan digər avtomobillərin qiymətləri ilə müqayisədə daha ucuz olmasına çalışacaqlarını qeyd edib.

Hazırda zavodda 10 modeldə "NAZ-Lifan” avtomobili istehsal edilən Naxçıvan Avtomobil Zavodunda bu ilin sonunadək əlavə 7 "NAZ-Lifan” modelinin istehsalına başlanacaq.

M.Abdullayev qeyd edib ki, yanvarın 27-də "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda prezident İlham Əliyevin dövlət qurumlarına Naxçıvanda istehsal olunan avtomobillərin alınması ilə bağlı tövsiyəsindən sonra qısa müddətdə bir il ərzində satılandan da çox avtomobil satılıb.
Demokratik.Az
Oxşar xəbərlər