Hökumətin bir illik fəaliyyətinə ekspert baxışları

  • 24 apr 2019, 23:29

Natiq Cəfərli: "Səlahiyyətlər dəqiqləşməlidir”;  Fikrət Yusifov:"Yola salınmış və bu gün hələ vəzifədə saxlanılan bir çox məmurlar hələ ki, öz işlərini ölkə başçısının qoyduğu tələblərə uyğun səviyyədə qura bilmirlər”

Azərbaycanda 2018-ci ilin aprelində keçirilən prezident seçkilərindən sonra formalaşdırılan hökumət kabinetinin fəaliyyətə başlamasından bir il ötür. Xatırladaq ki, seçkilərdən sonra prezidentin fərmanı ilə təsdiq olunan Nazirlər Kabinetinin öz başçısı ilə yanaşı, onun yeni tərkibində Əmək və Əhalinin Sosial Müdafiəsi, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri, Diasporla İş üzrə, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə və Dövlət Gömrük komitələri, həmçinin Dövlət Miqrasiya Xidməti yeni rəhbərlə təmsil olundu.

Qeyd edək ki, bu, Azərbaycanda ilk hal idi ki, hökumət kabinetində belə çoxsaylı dəyişikliklər qeydə alınırdı. Bu baxımdan,vəzifəyə təyinat alan gənc kadrlardan gözləntilər kifayət qədər yüksəkdir. Ötən bir il ərzində yeni nazirlərin fəaliyyətində ən çox diqqəti cəlb edən amil onların mətbuata və cəmiyyətə indiyədək müşahidə olunmayan açıqlıqlarıdır. Azərbaycanda ilk dəfədir ki, nazirlər və komitə sədrləri ictimaiyyət üçün bu qədər əlçatandırlar. Bu və ya digər sahədə baş verən ən xırda hadisəyə, fakta belə operativ reaksiya verilir. Biz jurnalistlər üçün ən mühüm məsələ, əlbəttə, suallarımıza vaxtında və dolğun cavab ala bilməyimizdir ki, bu sahədə yeni təyin olunan məmurların yaratdığı şəraiti dəyərləndirməmək mümkün deyil.

Ölkənin sosial-iqtisadi inkişafı, idarəetmədə keyfiyyətin artırılması baxımından yeni hökumət kabinetinin fəaliyyətini  necə dəyərləndirmək olar?

Bir ildə hökumətin işində hansı müsbət cəhətlər, hansı çatışmazlıqlar qeydə alınıb? Sualları cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, son prezident seçkilərindən sonra hökumətin  tərkibində qeydə alınan dəyişikliklər miqyasına görə son 15 ilin ən böyük dəyişikliyidir: "İlk dəfədir ki, kabinetdə bu qədər miqyaslı dəyişiklik aparılır. Məmurların dəyişməsi ilə yanaşı, hökumətin tərkibində bir çox yeni qurumlar da yaradıldı. Bu zaman bir sıra funksiyaların icrasında paralellik yarandı. Yəni həm yeni yaradılan strukturlar, həm də əvvəlki bəzi nazirlik və komitələr faktiki olaraq eyni fəaliyyəti icra etməyə başladılar. Düşünürəm ki, ən böyük problemlərdən biri budur. Yeni strukturların yaradılması, yeni yanaşmaların ortaya qoyulması öz-özlüyündə yaxşı bir praktika idi. Amma paralelliyin aradan qaldırılmaması bu sahədə idarəetmənin effektivliyini aşağı salan amillərdən birinə çevrildi. Buna baxmayaraq, yeni nəfəsin gəlməsi, yeni simaların, yeni insanların hökumətdə olması öz-özlüyündə pozitiv dəyişiklikdir. Bunun institutsional dəyişikliyə çevrilməsi üçün qanunvericilik səviyyəsində səlahiyyətlərin dəqiq bölgüsü ilə bağlı ciddi addımlar atılmalı idi. Səlahiyyətlər arasında sərhədlər dəqiq müəyyənləşdirilməlidir ki, tutalım, yeni yaradılan agentliklə bir nazirlik eyni funksiyanı həyata keçirməli olmasın. Çünki bu paralellik idarəetmədə keyfiyyəti ciddi şəkildə aşağı salır”.

Ekspertin fikrincə, hökumətin fəaliyyətini qiymətləndirərkən konkret şəxslərin fəaliyyəti üzərində fokuslaşmaqdansa, idarəetmədəki ümumi keyfiyyət dəyişikliyinə diqqət yetirilməlidir: "Səlahiyyətlə bərabər məsuliyyət məsələsi də dəqiqləşməlidir. Çünki səlahiyyət həm də məsuliyyət deməkdir. Bu baxımdan, səlahiyyətlərin dəqiqləşdirilməsi çox vacibdir. Konkret qurumlar üzərində dayanmaq istəməsəm də, Vergilər Nazirliyi tərəfindən elektron xidmətlərin təkmilləşdirilməsi, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aqrar istehsalçılara subsidiyaların verilməsi prosesindəki irəliləyişləri xüsusi qeyd etmək olar. Amma hesab edirəm ki, hökumət və onun strukturlarının iş keyfiyyəti ayrı-ayrı şəxslərin fəaliyyətinə bağlı olmamalıdır. Sistem elə qurulmalıdır ki, bir dövlət qurumunun işi vəzifədə olan adamın şəxsi keyfiyyətlərindən asılı vəziyyətə düşməsin. Təəssüf ki, Azərbaycanda bu sahədə ciddi problemlər qalmaqdadır. Bundan əlavə, hər sahədə hansısa işin irəli getməsi, nəticə əldə olunması üçün mütləq prezidentin müdaxiləsi lazım gəlir. Halbuki hökumət bütöv bir mexanizm halında elə işləməlidir ki, bu və ya digər qurumun vəizfəsi olan işə prezident müdaxiləsinə ehtiyac yaranmasın. Prezidentin daha qlobal vəzifələri var – xarici siyasət, qlobal münasibətlərdə iştirak, ümumi iqtisadi siyasətin müəyyənləşdirilməsi və sair. Bu baxımdan, hər bir dövlət qurumunu dəqiq müəyyənləşmiş səlahiyyətləri çərçivəsində işini elə qurmalıdır ki, prezident müdaxiləsi zərurəti yaranmasın”.

Sabiq maliyyə naziri, iqtisadçı-alim Fikrət Yusifov hesab edir ki, prezident seçkilərindən ötən bir il ərzində ölkədə çox böyük kadr islahatları aparılıb: "Öz vəzifəsinin öhdəsindən gələ bilməyən bəzi kadrlar yola salındı ki, bunların arasında yaşla bağlı yolasalmalarla yanaşı, etimadı doğrultmayan kadrlar da var idi. Əslində elə vəzifədən uzaqlaşdırılan yaşlı kadrlar da demək olar ki, artıq öz vəzifələrinin öhdəsindən gələ bilmirdilər. Bu gün Prezident ölkə iqtisadiyyatının yeni – daha sürətli inkişaf yoluna çıxarmasına start verib. Belə olan halda etimadı doğrultmayanlara, ona xəyanət edənlərə yer olmayacaq - bu heç şübhəsizdir. Belələrinin bir çoxu artıq yola salındı. Hesab edirəm ki, bu proses bundan sonra daha intensiv bir şəkildə davam edəcək. Biz yeni iqtisadi islahatlarla yeni – neftdən asılı olmayan bir iqtisadiyyat formalaşdırmağa start vermişik. Bu istiqamətdə son bir ildə və ondan əvvəlki illərdə kifayət qədər böyük işlər görülüb. Bu məqsədlə strateji yol xəritələri daxil mümkün olan bütün qərarlar qəbul edilib. Ancaq təəssüflə də olsa demək lazımdır ki, bu gün qeyri-neft sektorundan ixracımızın həcmində hamımızın 3 – 4 il bundan əvvəl hədəflədiyi nəticələrə hələlik çatmaq mümkün olmayıb. Bu isə icraçıların səriştəsizliyindən, Nazirlər Kabinetinin fəaliyyətindəki ətalətdən doğan bir nəticədir”.

Sabiq nazir qeyd edir ki, bu gün Prezidentin etimad etdiyi hər kəs vəzifə başında maksimum səmərə vermək üçün gecə-gündüz çalışmalıdır: "Əks halda, uğur qazanmaq mümkün deyil. Prezident öz üzərinə düşəndən çox - çox artıq yük çəkir bu gün. Onun məqsədi Azərbaycanın qeyri-neft iqtisadiyyatını lazım olan bir səviyyədə qurmaqdır. Kənardan bir müşahidəçi kimi deyə bilərəm ki, yola salınmış və bu gün hələ vəzifədə saxlanılan bir çox məmurlar hələ ki, öz işlərini ölkə başçısının qoyduğu tələblərə uyğun səviyyədə qura bilmirlər. Onlar ya bunu bacarmırlar,  ya da nə olursa-olsun "məndən uzaq olsun” deyib maksimum öz kürsülərini qorumağa çalışırlar. Belələri unutmasınlar ki, bu şəkildə fəaliyyət onların sonunu daha tez yaxınlaşdırır”.

F.Yusifovun sözlərinə görə, bir il ərzində daha aktiv fəaliyyəti Vergilər Nazirliyi sərgiləyib: "Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi də əhalinin sosial məsələlərinin həlli yolunda aktivlik nümayiş etdirdi. Təəssüf ki, bunu Kənd Təsərrüfatı Nazirliyi barədə demək mümkün deyil. Son aylarda ölkədə tərəvəzin qiymətlərinin sürətlə artması, 3 ay ərzində ət idxalının 40 faizə qədər artması bu nazirliyin ayağına yazılmalı olan ciddi çatışmazlıqlardır. Bu vəziyyətin yaranmasında Kənd Təsərrüfatı Nazirliyinin keçmiş rəhbərliyinin ötən illərdə apardığı yanlış və yarıtmaz işlərin rolu nə qədər böyük olsa da, ötən bir ildə vəziyyətin nizamlanması üçün zəruri olan bütün addımlar atılmalıydı ki, bu vəziyyət yaranmasın”./Y.M/

Oxşar xəbərlər