İqtisadçı-ekspert: “Dollar hansısa əmrlə dünya valyutası olmayıb...”

  • 15 avq 2018, 08:50

ABŞ sanksiyaları ilə üzləşən Türkiyə və Rusiyada iqtisadi problemlər getdikcə artır. Rusiya rublu və Türkiyə lirəsi dollar qarşısında dəyər itirməkdədir. Xüsusilə Türkiyənin maliyyə sektorunda ciddi proseslər gedir, ölkənin ciddi iqtisadi böhranla üzləşəcəyinə dair təşvişlər güclənməkdədir.

Belə bir zamanda hər iki ölkədə ticarət valyutası olaraq dollardan imtina edilməsi məsələsi yenidən aktuallaşır. Belə ki, bir neçə gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin "ən böyük ticarət tərəfdaşları ilə alış-verişi milli valyutası ilə edəcəyini" bildirib. O, dolların təzyiqindən əziyyət çəkən Avropa ölkələri ilə də bu addımı atmağa hazır olduqlarını deyib: "Çin, Rusiya, İran, Ukrayna kimi ölkələrlə ticarəti milli valyutamızla aparmağa hazırlaşırıq. Avropa ölkələri də dollar təzyiqindən qurtulmaq istəyirsə, onlarla da bənzər sistemi qurmağa hazırıq. Dünyaya iqtisadi müharibə elan edən, sanksiya hədələri ilə ölkələri asılı saxlayan bu quruluşu əsla qəbul etmirik. Biz bu günlərə millətimizlə birgə gəlib çıxdıq. Bizim böhrandan çıxış metodumuz budur. Müdafiə sənayesində, ixracatda bu sistemi tətbiq etdik. Digər sahələrdə də bunu edəcəyik. Bizə barmaq silkələyənləri peşman edəcəyik”.

Rusiyanın maliyyə naziri Antuan Sliuanov isə "ABŞ aktivlərinə sərmayələrimizi əhəmiyyətli dərəcədə azaltdıq və azaltmaqda davam edəcəyik. Dollar yerinə də daha çox avro və Çin yuanından istifadə edəcəyik” deyib: "ABŞ dolları beynəlxalq ticarətdə təhlükəli vasitə olmağa başlayıb. Yanacaq ticarətində də milli valyutaya keçməyi dəyərləndiririk. ABŞ-ın sanksiyaları amerikalılara geri qayıdacaq”.

Bundan əvvəl isə ABŞ sanksiyaları ilə üzləşən daha bir ölkə - İran ticarət əlaqələrində dolları avro ilə əvəzlədiyini bəyan etmişdi.

Lakin iqtisadçı-ekspert Pərviz Heydərov adları çəkilən ölkələrin qarşılıqlı ticarətin yerli valyuta ilə aparılması cəhdlərinin real nəticə verəcəyini düşünmür: "Milli valyutalarla ticarət üçün konkret mexanizm olmalıdır. Siyasətçilərin bu fikri sözdə ifadə etməsi hələ onun reallaşması demək deyil. ABŞ dollarından imtina məsələsi Çin və Rusiya tərəfindən uzun müddətdir ara-ara gündəmə gətirilir. Bu ölkələrin iqtisadi potensialı, ticarət əməliyyatları kifayət qədər yüksək həcmlərlə ölçülür. Lakin hələ də ortaya konkret bir mexanizm qoyulmayıb. Belə bir mexanizm hazırlansa belə, ciddi şəkildə iqtisadi baxımdan əsaslandırılmalıdır. Çünki ABŞ dolları dünya valyutası rolunu oynayır. Bunu da heç kim hansısa inzibati qərarla müəyyənləşdirməyib. Dolların dünyadakı hökmran mövqeyini ABŞ-ın iqtisadi gücü şərtləndirir. Dünya üzrə Ümumi Daxili Məhsulun 30 faizi ABŞ-da istehsal olunur. Yəni dolların arxasında belə bir qüdrətli iqtisadiyyat dayandığından, dünya valyutası rolunda çıxış edir. Adlarını çəkdiyiniz ölkələrin heç birinin iqtisadiyyatını ABŞ iqtisadiyyatı ilə müqayisə etmək olmaz”.

Ekspert deyir ki, dünyada neftin qiyməti qalxan zamanı qızılın qiyməti düşür, neftin qiyməti düşəndə isə artır: "Bu, ona görə baş verir ki, neftin qiyməti qalxanda aparıcı valyutalar ucuzlaşır, investorlar zərərdən qaçmaq üçün sərbəst vəsaitlərini qızıla yatırırlar. İndi sual yaranır, tutalım ki, Rusiya ilə Türkiyə arasında ticarət milli valyutalarla aparıldı, onda həmin valyutaların dəyəri nəyə əsasən müəyyənləşəcək? Əlbəttə, dolayı yolla olsa belə, həmin valyutaların dəyəri yenə dollarla müəyyənləşəcək. Bu, elə bir iqtisadi qanunauyğunluqdur ki, onun qarşısını almaq mümkün deyil”.

İmtinaçı ölkələrin istinad valyutası kimi Çin yuanından istifadə imkanına gəlincə, P.Heydərovun sözlərinə görə, Çin iqtisadiyyatının özü ABŞ bazarından asılı vəziyyətdədir: "Belə olan vəziyyətdə Çinin özü ABŞ dollarını dünya valyutası kimi ilk qəbul edən ölkələrdən biridir. Bu ölkələrin iqtisadiyyatları çox sıx şəkildə bir-biri ilə bağlıdır. Bu şəraitdə Çin yuanından istinad valyutası kimi istifadə olunması dolayısı ilə yenə ABŞ-dan asılılıq yaradacaq”.

Oxşar xəbərlər