“Neftin qiyməti 70 dolları ötə bilər”

  • 28 dek 2017, 08:47

Pərviz Heydərov: "Neftin dünya bazar qiymətinin növbəti illər ərzində məhz siyasi proseslərin təsiri altında olacağı gözlənilir”

Ötən iki illə müqayisədə bu il neftin qiyməti baxımından daha pozitiv notlarla yadda qaldı. Dünya birjalarında "Brent” markalı xam neftin qiyməti bir barel üçün son 2 il yeddi ayın maksimumuna çataraq 67 dolları ötdü.  Bunun səbəbi kimi isə Liviyada neft boru kəmərinə təşkil edilən hücum göstərilir. Liviya Milli Neft Şirkəti məlumatına görə, "Es-Sider” boru kəmərinə hücumla əlaqədar xətdən neft tədarükü 70-100 min barel azalıb. Hazırda "Brent” neftinin bir bareli Londonun ICE birjasında 66,88 dollardan, "Layt” nefti isə Nyu-Yorkun NYMEX birjasında 59,87 dollardan alıcı axtarır.

Xatırladaq ki, "Brent”in qiyməti sonuncu dəfə 2015-ci il mayın 18-də 67 dollardan baha satılıb. Göründüyü kimi, bu il neftin qiymətinin artmasında iqtisadi amillərlə yanaşı, siyasi amillər, xüsusən Yaxın Şərqdə münaqişə ocaqlarının yaranması və neft hasil edən ölkələrin yaşadıqları siyasi böhranlar oldu. Bəs görəsən, gələn il üçün proqnozlar necədir? Siyasi münaqişələr zəifləsə, iqtisad amillər neftin qiymətini 60 dolların üzərində saxlamağa yetərli olacaqmı? Bu suala yaxın günlərdə "Rothschild” şirkətinin vitse-prezidenti Paolo Skaroni cavab verib. O bildirib ki, OPEC və Rusiya qiymətlərin bir barel üçün 60 dollar səviyyəsindən yuxarı həddə stabilləşməsi fonunda neft bazarındakı cari vəziyyətdən razıdır. Onlar bu sabitləşməni qorumaq üçün yaxın 12 ayda neft hasilatının azaldılması anlaşmasını davam etdirəcək.

Skaroni açıqlamasında bildirib ki, ABŞ-da şist neft hasilatının artmasına baxmayaraq, bu artım kəskin deyil: "Dünya neft tələbinin artması, qeyri-OPEC ölkələrində neft hasilatının artmasını kompensasiya edə bilər. Neft bazarında yaranmış vəziyyət 2018-ci ildə qiymətlərin hazırkı səviyyədə stabilləşməsinə səbəb olacaq. Neft sektoruna son illərdə investisiyaların azalması amili isə özünü 2019-cu ildə hiss etdirəcək”.

2018-ci ildə neftlə bağlı proqnozlara toxunan iqtisadçı ekspert Pərviz Heydərov "Yeni Müsavat”a danışarkən  bildirdi ki, hazırda neft dünya bazarında real dəyərinə satılır və hasilatçı ölkələr bu qiyməti qoruyub saxlamağa çalışacaqlar:"Dünya iqtisadiyyatında cari il ərzində müsbətə doğru çox böyük dəyişikliklər baş verdi. Əvvəlki ildə dünya iqtisadiyyatının aparıcı ölkələrindən yalnız ABŞ-da vəziyyət yaxşı idi, Avropa Birliyi ölkələrində və Çində isə iqtisadi artım geriləyirdi. Bu da Amerika valyutası olan dolların möhkəmlənməsinə əlavə təsir edirdi. Bunun müqabilində isə neft də dəyərdən düşürdü. Yəni tələbat az təşkil edirdi, üstəgəl dollar dəyərə minirdi. Lakin bu faktorlar 2016-cı ilin ikinci yarısından etibarən yumşalmağa başladı, xüsusən də neftin qiymətinin hasilatçı ölkələr tərəfdən istehsalın azaldılacağı ilə bağlı söhbət ortaya çıxan gündən sabitləşməyə doğru dinamika götürməsi, sanki dünya iqtisadiyyatına da müsbət təkan verdi. Məlum olduğu kimi, cari il ərzində neftin qiyməti il başlanandan bəri nəinki sabitlik nümayiş etdirdi, hətta artmağa doğru istiqamət götürdü”.

İqtisadçı onu da diqqətə çatdırdı ki, nə qədər artım olsa da, neft heç vaxt 100 dollar qiymətinə yüksələ bilməyəcək:"Doğrudur, bu sahədə temp aşağıdır. Ancaq bu, dəfələrlə qeyd edilib ki, neftin dünya bazar qiymətləri 2014-cü ildən əvvəlki illərdəki kimi olmayacaq. Bununla belə, unutmaq lazım deyil ki, neft 100 dollar olanda da həqiqi dəyəri ifadə etmirdi. Neftin dünya bazar qiymətləri üçün real dəyər 50 və 60 dollar civarındadır. Və bu gün biz neftin məhz öz real qiymətinə doğru istiqamətlənərək möhkəmlənmək dinamikasında olduğunu müşahidə etməkdəyik. Növbəti ildə də bu tendensiya qalacaqdır”. 

P.Heydərovun fikrincə, gələn il neftin bir barelinin qiyməti 55-65 dollar dəhlizində var-gəl edəcək: "Yeri gəlmişkən, Azərbaycanın 2018-ci il dövlət büdcəsində neftin baza qiymətinin 45 dollar/barel səviyyəsində götürülməsi ilə bağlı yazmışdım ki, bu, 2017-ci ildəki analoji qiymətdən 12,5% və ya 5 dollar çoxdur. Səbəb gələn il dünya bazarlarında neftin qiymətinin 50 dollar ətrafında olacağının proqnozlaşdırılmasıdır. Ancaq buna tam zəmanət varmı? Sözsüz ki, ”yox" deyə, qeyd etmişdim. Çünki neftin dünya bazar qiymətinin növbəti illər ərzində məhz siyasi proseslərin təsiri altında olacağı gözlənilir. Bununla əlaqədar qeyd edim ki, hər hansı gözlənilməz siyasi hadisə baş verməsə də, neft 40 ABŞ dollarına qayıdan deyil. 2018-ci ildə neft 55-65 dollar ətrafında dəyişəcək. Gələn il dünya iqtisadiyyatında artımın bu ildəkindən bir az çox olacağı gözlənilir. Bu, baş verərsə, qiymətin arada 70 dolları da ötüb keçəcəyini görə bilərik".  

Oxşar xəbərlər