Manat, sükanı belə saxla

  • 23 dek 2017, 10:37

Azərbaycanda dolların bahalaşması üçün zəmin yoxdur

Azərbaycanda manatın məzənnəsinin sabitliyi cəmiyyətin daim diqqət mərkəzində saxladığı məsələlərdən biridir.

Ölkə əhalisinin bütün təbəqələrinin həssas yanaşdığı bu məsələ ilə bağlı müxtəlif ekspertlər tərəfindən bir-birindən fərqli fikirlər, rəylər səsləndirilməkdədir. Son zamanlar tez-tez gündəmə gətirilən dollar-manat münasibətlərinə dair əksər rəylərin ana xətti, demək olar ki, eynidir: yaxın müddətdə Azərbaycanda dolların kəskin bahalaşması üçün iqtisadi zəmin yoxdur. Belə ki, ölkənin tədiyyə balansı, xarici ticarət saldosu müsbət dinamika nümayiş etdirir.

Dövlət Statistika Komitəsinin son məlumatına görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla, 2017-ci ilin yanvar-oktyabr aylarında xarici ticarət dövriyyəsi 19459,0 milyon ABŞ dolları təşkil edib. Bu zaman ixracın dəyəri 12500,6 milyon dollar, idxalın dəyəri isə 6958,4 milyon dollar təşkil edib ki, bunun da nəticəsində 5542,2 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 9,4 faiz artıb, real ifadədə isə 12,0 faiz, o cümlədən ixrac 8,1 faiz, idxal 18,0 faiz azalıb.

Qeyd olunan dövrdə qeyri-neft ixracının həcmi 1218,7 milyon dollar təşkil edib ki, bu da 2016-cı ilin yanvar-oktyabr aylarına nisbətən faktiki qiymətlərlə 25,1 faiz, real ifadədə isə 22,8 faiz çox deməkdir. Qeyri-neft ixracındakı bu artım Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımların, həyata keçirilən islahatların müsbət nəticəsini əks etdirir.

Azərbaycan milli valyutasını möhkəmləndirən, onun dollara nəzərən məzənnəsinin sabitliyinin təmin olunmasında mühüm rol oynayan amillərdən biri də tədiyyə balansında qeydə alınan müsbət saldodur. Belə ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycana valyuta daxilolmaları 20,8263 milyard dollar, ölkəmizdən çıxış isə 19,384 milyard dollar təşkil edib. Nəticədə 1,442 milyard dollar müsbət fərq yaranıb. Ölkəmizə digər fəaliyyətlər üzrə daxil olan daha 760,325 milyon dolları da nəzərə aldıqda ümumən beynəlxalq iqtisadi fəaliyyətdən 2,202 milyard dollar gəlirimiz olub.

Ölkəmizə daxil olan 20,8263 milyard dollar vəsaitin təxminən 14,065 milyard dolları (67,5 faizi) neft-qaz sektorunun, 6,761 milyard dolları qeyri-neft sektorunun payına düşüb.

Ölkəmizdən çıxan 19,384 milyard dollarlıq vəsaitin 6,771 milyard dolları neft-qaz sektorunun, 12,613 milyard dolları (65 faizi) qeyri-neft sektorunun hesabınadır.

Beləliklə, Mərkəzi Bank və hökumətin makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlər, həmçinin neft-qaz sektorunda həyata keçirilən böyük layihələr üzrə xərcləmələr tədiyyə balansında tarazlığın yaranmasına gətirib çıxarıb.

Onu da qeyd edək ki, Azərbaycanda dollar-manat münasibətlərinin nizamlanmasında, xarici ticarət və tədiyyə balansında müsbət saldonun yaranmasında neftin dünya bazar qiymətində son aylarda müşahidə olunan davamlı artım da rol oynayıb. Belə ki, avqustdan etibarən neftin qiyməti bahalaşaraq bir barel üçün 66 dollar səviyyəsinə çatıb. Beynəlxalq mərkəzlərin proqnozlarına görə, neftin qiyməti 2018-ci il ərzində demək olar ki, ciddi dəyişikliyə uğramadan 65 dollar civarında qərarlaşacaq. Bu isə Azərbaycan kimi neft hasilatçısı ölkələr üçün əlverişli qiymət diapazonu hesab olunur.

Digər tərəfdən, hökumət, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı kimi beynəlxalq maliyyə qurumları 2018-ci ildə Azərbaycanda iqtisadi artım proqnozlaşdırırlar. Bu artımın təxminən 1,5 faiz ətrafında olacağı gözlənilir. Eyni zamanda Azərbaycanın tədiyyə balansı və xarici ticarətində də müsbət saldonun qeydə alınacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycanda dolların məzənnəsi valyuta hərraclarında müəyyənləşir. Mərkəzi Bankla Azərbaycan Respublikası Dövlət Neft Fondunun birgə təşkil etdiyi valyuta hərraclarında son aylarda dolların məzənnəsində nəinki artma, əksinə, cüzi də olsa, azalma hiss olunur. Bir sıra ekspertlərin hesablamalarına görə, hökumət hətta manatın kəskin möhkəmlənməsinə imkan verməmək üçün müxtəlif alətlərdən istifadə etməkdədir.

Bütün bunlar isə gələn il ərzində ölkə daxilində makroiqtisadi tarazlığın qorunub saxlanacağına, ən əsası isə manatın dollara nəzərən məzənnəsinin sabit qalacağına əminlik formalaşdırır.

Oxşar xəbərlər