Azərbaycanda fermerlər üçün ucuz traktorlar yığılacaq
"Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti Çin Xalq Respublikasının dövlət korporasiyası olan "YTO GROUP”-la birgə Azərbaycanda kiçik ailə təsərrüfatları üçün orta ölçülü traktorların istehsalını planlaşdırır.
Mayın 16-da Səhmdar Cəmiyyətində korporasiyanın nümayəndələri ilə bu barədə
geniş müzakirə aparılıb və əməkdaşlıq memorandumu imzalanıb.
Xəbər verilir ki, ASC-dən "Marja”ya bildirilib ki, Memorandumu Səhmdar
Cəmiyyətin İdarə Heyətinin sədri Əbülfət Qocayev və "YTO GROUP”-un Azərbaycandakı
nümayəndəsi Fərhad Məmmədov imzalayıb.
"YTO GROUP”-un vitse-prezidenti Shan Chunyu əməkdaşlıqdan məmnunluğunu bildirib
və həyata keçiriləcək işlər haqda danışıb.
Memoranduma əsasən, Qusar rayonunda yerləşən istehsal müəssisəsində ildə 800 ədəd
orta ölçülü (18-40 at gücündə) YTO traktorları yığılacaq.
Səhmdar Cəmiyyətin Çin tərəfi ilə apardığı danışıqlar nəticəsində traktorların
ehtiyat hissələrinin ixracı üçün kreditin ayrılması qərara alınıb.
İstehsalın ikinci ilindən başlayaraq, traktorların mühərrikləri və ötürücü
qurğuları istisna olmaqla digər ehtiyat hissələri Azərbaycanda fəaliyyət göstərən
müxtəlif müəssisələrdən alınacaqdır ki, bu da əlavə müxtəlif sənaye sahələrinin
inkişafına müsbət təsir göstərəcək.
Qeyd olunub ki, birgə istehsal olunacaq YTO traktorları "Aqrolizinq” ASC vasitəsilə
yerli fermerlərimizə sərfəli şərtlər əsasında satılacaq.
Fermerlər texnikanın dəyərinin 20 faizini əvvəlcədən ödədikdən sonra yerdə
qalan məbləğ 10 il (120 ay) müddətində bərabər ödənişlə bölünəcək, bu zaman
fermerlər cüzi məbləğdə ödəniş etməklə traktor əldə edə biləcəklər.
YTO traktorlarının texniki göstəricilərinin asanlığı, rahat idarə olunması
fermerlərə əlavə peşə hazırlığı keçmədən texnikadan istifadə imkanı verəcək.
Alternativ markalarla müqayisədə bu traktorlar qiymətinin ucuzluğu, yüksək təzyiqli
yanacaq nasosunun mövcudluğu, gücü, ehtiyat hissələrinin keyfiyyəti və uyğun
qiyməti, az yanacaq sərfiyyatı ilə seçilir.
Həmçinin nəzərə çatdırılıb ki, YTO traktorları bağçılıq, tərəvəzçilik,
tütünçülük, yemçilik və istixana sahələrində geniş istifadə olunur.
Aparılmış araşdırmalara əsasən, hazırda ölkəmizin fermer təsərrüfatlarında
kiçik ölçülü traktorlara böyük ehtiyac var.
Xüsusən, kiçik ailə təsərrüfatlarında əl əməyinin azaldılması, istehsal
prosesinin intensivliyinin təmin olunması, itkilərin azaldılması baxımından bu
texnikalar mühüm rol oynayacaq.
Traktorlar kiçik əkin sahələrində rahat işləmək imkanı yaratmaqla cərgələrarası
texniki işlərin aparılması, kultivasiya tədbirləri, məhsulların sahədən
toplanması və digər vacib işləri qısa vaxtda həyata keçirir. Azərbaycanda YTO
traktorlarının istehsalının yaradılması kənd təsərrüfatı maşın-texnika parkının
sürətlə yenilənməsinə öz töhfəsini verəcək.
Məlumata əsasən, Çinin "YTO GROUP” korporasiyası dövlətə məxsusdur, illik
istehsal gücü 120 min ədəd traktor, 230 min ədəd mühərrik təşkil edir.
Korporasiya 18 at gücündən 380 at gücünə qədər olan zəncirli və təkərli
traktorların bütün seriyalarını, mühərriklərini, kombaynları, kənd təsərrüfatı
alətlərini istehsal edir.
Dünyanın yüzdən çox ölkəsi ilə əməkdaşlıq edən şirkət bu ölkələrdə öz xidmət şəbəkələrini
yaradaraq, son üç ildə 20 min ədəd traktor ixracına nail olub.
2015-ci ildə ixracın həcmi 100 milyon ABŞ dolları həcmində olub.
"Demokratik.Az"