Demokratik TV
Prezident yeni ASC yaratdı
Azərbaycan prezidentinin sərəncamı ilə yeni qurum-"Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC təsis edilib. Sərəncamda göstərilir ki, kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etmək məqsədi ilə sözügedən qurum yaradılır. Cəmiyyətin əsas məqsədi ərzaq məhsullarının istehsalçılarından və satıcılarından belə məhsulları almaq və tədarük edərək satınalan təşkilatlara təqdim etməkdir. Sərəncamdan belə aydın olur ki, ASC-nin 51 faiz payı dövlət, 49 faizi isə investorlara açıq olacaq.
Dövlət başçısı İlham Əliyev digər fərmanla dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydalarını təsdiq edib. Həmin qaydalar əsasında bu ərzaq məhsullarının satın alınması yeni yaradılan ASC tərəfindən həyata keçiriləcək. İndiyədək isə bu işləri hər bir dövlət təşkilatı fərdi olaraq həyata keçirirdi. Məsələn, Müdafiə Nazirliyi ərzaq təminatına özünün keçirdiyi tender vasitəsilə həyata keçirirdi. Burada qeyri-şəffaflığın hökm sürməsi ilə bağlı dəfələrlə araşdırmalar aparılmışdı. Eləcə də digər dövlət qurumları eyni qaydada özlərinə yaxın şirkətlərlə anlaşaraq, ərzaq təminatını onlara həvalə edirdi. İndisə, ərzaq mallarının alqı-satqısı mərkəzləşdirilmiş qurum tərəfindən həyata keçiriləcək.
Qaydalara görə, satınalan təşkilatlar növbəti il üzrə ərzaq məhsullarına tələbatları barədə Nazirlər Kabinetinin müəyyən etdiyi formaya uyğun məlumatları hər il iyulun 1-dək Kənd Təsərrüfatı Nazirliyinə təqdim etməldirlər. Satınalan təşkilatlar tərəfindən növbəti il üzrə ərzaq məhsullarına tələbatlar həmin satınalan təşkilatlara bu məqsədlər üçün dövlət büdcəsindən ayrılmış vəsaitlər nəzərə alınmaqla müəyyən ediləcək.
Satınalma qiymətləri elanın yerləşdirildiyi vaxt üçün ərzaq məhsullarının topdansatış bazar qiymətlərindən aşağı olmamalıdır. Ərzaq məhsullarının hər bir növü üzrə satınalma qiymətini İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla Kənd Təsərrüfatı Nazirliyi müəyyən edəcək. İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi rübdə bir dəfədən az olmayaraq ərzaq məhsullarının hər bir növü üzrə topdansatış bazar qiymətlərini müəyyən etmək üçün araşdırmalar aparacaq. Məhsulların qiyməti sonradan dəyişdikdə qiymətlərə yenidən baxılacaq.
Yeni qaydaların daha maraqlı tərəfi isə odur ki, hər bir fermer fərdi qaydada məhsulunu dövlətin elan etdiyi tenderə çıxarmaq üçün "ASAN" xidmət mərkəzlərindən istifadə edə biləcək. Fərmanda deyilir: "Kənd Təsərrüfatı Nazirliyi hər il sentyabrın 1-dək satın alınması nəzərdə tutulan ərzaq məhsullarının hər növü üzrə yerli istehsalçıların istehsal potensialı və onlar barədə məlumatları özünün rayon və şəhər idarələri vasitəsilə toplayır və elektron portalda yerləşdirir. Satın alınması nəzərdə tutulan ərzaq məhsulunu satmaq arzusunda olan istehsalçı öz adını elektron portalda aşkar etmədikdə, o, özü fərdi qaydada Kənd Təsərrüfatı Nazirliyinə və ya "ASAN xidmət" mərkəzinə müraciət edə bilər. Müraciət edildiyi halda həmin istehsalçı ilə bağlı məlumatlar dərhal elektron portala əlavə edilməli və müraciət edən şəxsə bu barədə məlumat verilməlidir. Ərzaq məhsullarının istehsalçıları həmin məhsulları təqdim etmək niyyəti (öz istəyi ilə təklif etdiyi qiymət) barədə hər il sentyabrın 1-dək bilavasitə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə məlumat verir və nazirlik 2 (iki) iş günü müddətində həmin satıcının adı və təklif etdiyi məhsullar barədə məlumatı (qiymət təklif edildiyi halda qiyməti də) elektron portalda yerləşdirir".

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov "Bizim Yol"a bildirdi ki, yeni yaradılan ASC təqribən "Aqrolizinq", "Mellorasiya və Su Təsərrüfatı" ASC kimi səhmdar cəmiyyətdir: "Əslində, bu, sovet vaxtı mövcud olan "Azərittifaq"ın adının dəyişdirilmiş formasıdır, yəni eyni funksiyanı yerinə yetirmiş bir səhmdar cəmiyyət olacaq. Əsas funksiyası dövlət büdcəsi hesabına istehsalçılardan məhsulun alışı və satışı olacaq. Satış, əsasən, dövlət müəssisələrinə olacaq".
Ekspert görə, hökumət bu işləri üzərinə götürməklə sözügedən sahədə çalışanların işinə maneə törədə bilər: "Hazırda yerlərdə tədarüklə məşğul olan çoxlu sayda qurumlar var. Onların özləri müstəqil fəaliyyət göstərir, məhsullarının əsas hissəsini xaricə ixrac edirlər. Yəni əhalidən malı-məhsulu tədarük edir və loqistikası ilə məşğuldur. Bir hissəsi isə məhsullarını daxili bazara çıxarırlar. Hökumət dövlət qurumları, təşkilatlar üçün lazım olan ərzaq məhsullarını tender vasitəsilə alışını təşkil edə bilərdi. Hansı koperativ daha ucuz və keyfiyyətli məhsul təqdim edərsə, o koperativ də tenderdə qalib gələ bilər. Bununla həm də rəqabət mühiti güclənərdi. Ölkədə kifayət qədər kooperativlər var ki, ərzaq tədarükü, satışı, loqistika ilə məşğuldurlar".
V.Məhərrəmov əlavə etdi ki, yeni yaradılan qurum yerli məhsullardan istifadə etməzsə, bu, çox absurd olar: "Sərəncamda göstərilir ki, yerli məhsul istehsalının stimullaşdırılması məqsədilə belə bir qurum yaradılıb".
Vüsalə RÜSTƏMOVA
