Kennedi-Nixondan Klinton-Trampa qədər…

  • 25 sen 2016, 18:55
Sentyabrın 26-da amerikalılar indiyə kimi bir-birinə ittihamlar yağdıran prezidentliyə əsas rəqib namizədlər demokrat Hillari Klintonun və respublikaçı Donald Trampın üzbəüz debatını izləyəcəklər.

ABŞ təcrübəsində belə debatlar xüsusilə, rəqiblər arasında seçim etməkdə tərəddüd yaşayan seçicilərin mövqeyini müəyyənləşdirməyə kömək edir.

Sentyabrın 26-na nəzərdə tutulan ilk debatda rəqiblər öz iddialarını bir daha ortaya qoymaqla qalibiyyətə gedən yolu hamarlaşdıra və ya daş-kəsəyə çevirə bilərlər.

Klinton və Tramp arasında ilk debat Nyu-Yorkda, Hofstra Universitində baş tutacaq.

Prezidentliyə namizədlər arasında ritorik mübahisələr ilk dəfə 1960-cı ildə televiziya ilə yayımlanıb və Amerika siyasi tarixinə maraqlı anlar, sitatlarla həkk olunub.

Reuters bəzi bəzi debatlardan maraqlı məqamları bir sapa düzüb.

Agentlik xatırladır ki, prezidentliyə namizədlər arasında televiziya vasitəsilə yayımlanan ilk debat 1960-cı ildə respublikaçı vitse-prezident Riçard Nikson və Massaçusets ştatından demokrar senator Con Kennedi arasında keçirilib.

Riçard Nikson: "Biz ölkəmizə liderliyi qaytarmalıyıq və ölkəmizin yenidən inkişaf etməsinə nail olmalıyıq”.

Kennedinin təcrübəli Niksona qarşı parlaq çıxışı seçkinin nəticələrinə öz təsirini göstərdi və Kennedi az fərqlə qələbə qazana bildi. Ekspert Ceremi Mayer debatların məhz buna görə əhəmiyyətli olduğunu deyir: ”Bununla prestij yaradılır. Əgər daha təcrübəli bir şəxslə bərabər səviyyədə dayana bilirsinizsə, debatda məhz bu gözə çarpır”.

1976-cı ildə prezident Cerald Fordun demokrat Cimmi Karterlə debat zamanı Sovet İttifaqnın Şərqi Avropada nüfuzunun olmaması haqda səhvi ona baha başa gəldi.

Prezident Cerald Ford: "Sovet İttifaqının Şərqi Avropada nüfuzu yoxdur.”

Karter Fordun bu səhvindən yapışdı və artıq əzilmiş Ford namizədlər arasında az fərqin olduğu seçkidə məğlub oldu. Corctaun universitetinin professoru Stiven Veyn bu misalla debatların əhəmiyyətini vurğulayır: "Prezidentlik debatları namizədlər arasında fərqin az olduğu vaxt böyük əhəmiyyətə malik olur. İnsanların çoxu hansı namizədi dəstəkləyəcəklərini müəyyən etmək üçün debatlara baxır”.

Dörd ildən sonra Karter yenidən seçilmək üçün yarışlarda ondan daha yaxşı çıxış edən respulikaçı Ronald Reyqana məğlub oldu.

Cimmi Karter:”Qubernator Reyqan yenə də həmişə olduğu kimi bu təklifin əleyhinə cıxır.”

Ronald Reyqan: ”Siz yenə də eyni şeyi təkrar edirsiniz.” Reyqanın onlar arasında yeganə debatda bu son sözü debatlar üçün bir standart yaratdı: ”Fikrimcə, bir qərar verərkən biz özümüzdən bunu soruşmalıyıq ki, dörd il əvvəllə müqayisədə indi vəziyyətimiz daha yaxşıdırmı?”.

Ceremi Mayerin sözlərinə görə, son illər namizədlər əsasən səhv etməmək haqda daha çox düşünürlər: "Debatların sanki tonu zəifləyr. İnsanlar debatlara əvvəlki kimi çox baxmır. İndi bəlkə bu dəyişə bilər, çünki adamlar televiziyada canlı yayımda debata baxmadığı üçün səhvə yol verilsə, onlar sonradan bunu ya Facebook, ya da YouTube-da görə bilərlər”.

Seçki üzrə təhlilçilər hər iki namizəd üçün prioritet məsələlər ortaya qoyulduğuna görə Klinton və Tramp arasında ilk debatın kampaniya tarixində ən çox baxılan debatlardan biri ola biləcəyini düşünür.
Oxşar xəbərlər