“İraq tilsimdən çıxa bilmədi” – politoloq Aida Bağırova

  • 08 sen 2018, 22:24

"İraqda hazırkı qeyri-müəyyən vəziyyətin və mənfi proseslərin hələ bir müddət davam etməsi gözlənilir”

İraqda hökumət böhranının davam etdiyi bir vaxtda ölkəni etiraz aksiyaları bürüyüb. Son aylarda davam edən aksiyalar cənubda yerləşən Bəsrə şəhərində daha da şiddətlənib. Bir neçə həftədir Bəsrədə əhali işıq və içməli su kəsintisinə etiraz olaraq aksiyalar keçirir.

Hökumət hazırda içməli su təminatı, eləcə də elektrik verilməsini təmin etməkdə aciz qalıb. Hazırda İraqda əsasən sutkanın 12 saatını işıq verilir. Içməli su isə məhdudiyyətlə verilir, daha çox insanlar suyu pulla alırlar. Ancaq belə görünür ki, İraqda su və işıq şüarları ilə bağlı keçirilən aksiyalar tez bir zamanda siyasi aksiyalara çevrilir.

Ötən gün Bəsrədə keçirilən etiraz aksiyası hökumət qüvvələri ilə toqquşmaya səbəb olub. Nəticədə 5 nəfər ölüb, 20 nəfər isə yaralanıb. Hökumət bundan sonra Bəsrədə komendant saatı elan edib. Ancaq bu qərar etirazları yatırmayıb, əksinə, cümə axşamı günü küçələrə çıxan mitinqçilər Bəsrədə hökumət idarələri, telekanalların binaları, partiya qərargahları və "Həşdi Şabi”yə daxil olan qruplaşmaların yerli ofislərini yandırıb.

Bu isə onu göstərir ki, etirazlar yalnız sosial tələblərlə keçirilmir. Ortada həm də siyasi tələblər var. Yeri gəlmişkən, Bəsrə hadisələrindən dərhal sonra baş nazir Heydər İbadi Bəsrədən olan deputatların iştirakı ilə toplantı keçirib. Ancaq məsələ ondadır ki, may ayının 12-də keçirilən seçkilərdən sonra İraqda hələ də yeni hökumət formalaşmayıb. Çünki İraq hazırda federal parlamentli respublikadır. Ölkənin əsas idarəçiliyi parlamentdə çoxluğa sahib olan partiya və ya koalisiyanın qurduğu hökumətin əlindədir. Ancaq seçkilərdən sonra hökumət qurma fəaliyyətləri uzanır və siyasi qüvvələr anlaşa bilmirlər. Ən son xəbərə görə, "Bina” koalisiyası 150, "Əl-Nəvvah” koalisiyası isə 180 mandata sahibdir.

Məsələ ondadır ki, seçkiləri qazanmış Müqtəda əs-Sədrin partiyası, eləcə də ikinci yerdə qərarlaşan "Həşdi Şabi”nin seçki koalisiyası hazırkı baş nazirlə hökumət qurmaqda anlaşa bilmirlər. Əsas problemli məsələ isə baş nazirin kimliyidir. İraq mediası ABŞ və dəstəklədiyi qüvvələrin hazırkı baş nazirin üzərində dayandığını, ancaq müxaliflərin, o cümlədən İrana yaxın qüvvələrin baş nazir İbadinin dəyişdirilməsini istəyir. Bəsrədə etirazçıların İran konsulluğuna hücum etməsinin bir səbəbi də məhz Tehranın İraqdakı təsirinə reaksiya kimi qiymətləndirilir. Bu mənada Bəsrə olayları həm də siyasi aksiya hesab oluna bilər.

İraqda vəziyyətin bu şəkildə olması, ümumiyyətlə, bölgə üçün narahatlıq doğurur. Həm regional və dünya güclərinin İraqdakı rəqabəti, həm ölkə daxilində qeyri-sabitlik, əhalinin sosial-iqtisadi vəziyyəti, korrupsiya kimi neqativlər İraq ətrafında narahatlığı daha da artırır.

Şərqşünas-alim, BDU-nun dosenti Aida Bağırova deyir ki, İraq etirazlarının bir neçə istiqaməti var. Bunlar sosial-iqtisadi tələblər və ya problemlər, siyasi vəziyyət və nəhayət, regional mübarizədir: "Mənim anlamımda İraqda son dərəcə mürəkkəb sosial-iqtisadi vəziyyət davam edir. Korrupsiya, hökumətin sosial iqtisadi vəziyyətin düzələcəyi ilə bağlı verdiyi vədləri yerinə yetirə bilməməsi, dövlətin gəlirlərinin çoxalması, neft satışı, investisiyaların artmasına baxmayaraq, bunların əhaliyə çatmaması, korrupsiyanın tüğyan etməsi. Etirazların bir hissəsi bununla bağlıdır.

İkincisi hissəsi isə siyasi səbəblərlə bağlıdır. Artıq insanlar İraqda bu cür qeyri-sabit vəziyyətin davam etməsindən cana doyub. Terror təhlükəsi hələ də mövcuddur, hökumət təhlüksizliyin təmin olunması ilə bağlı öhdəlikləri yerinə yetirə bilmir.

Üçüncü məqam İran faktoru ilə bağlıdır. Birincisi, regionda İranın İraq, Suriya və Livana təsirini azaltmaq sezilir. Bu xətt Qərb tərəfindən də aparılır, üstəlik, ölkə daxilində siyasi qüvvələr də bunu dəstəkləyir. Çünki bir sıra iri siyasi qüvvələr İranın təsirinin azaldılmasına çalışır. Ona görə də etirazlarda İran əleyhinə şüarlar var".

A.Bağırova deyir ki, İranın İraqa təsiri hazırda çox güclüdür və Qərb bu təsiri azaltmağa çalışır: "Təbii ki, İranın İraqda təsiri çox güclüdür. Amerikanın özündə də deyirlər ki, biz İraq kampaniyasına böyük pullar xərclədik, itki verdik, İraqın bərpasına, qoşunların saxlanmasına pullar xərclədik, amma sonda biz heç nə əldə etmədik, İran qazandı. Ümumiyyətlə, yalnız İraqda deyil, Yaxın Şərqin bir neçə ölkəsində İranın təsirini zəiflətmək xətti var”.

Ekspert bildirir ki, hökumət qurulmasının ləngiməsi İran-Amerika rəqabəti ilə əlaqədar ola bilər. Ancaq ümumilikdə İraqın həm iqtisadi, həm də siyasi sahədə ciddi, köklü problemləri var və bunlar həll olunmadıqca orada davamlı sabitlik əldə etmək mümkün olmayacaq: "Amerikalılar getdikdən sonra da iraqlı siyasətçilər ölkəni idarə edə bilmədilər. İndiki şəraitdə də daxili siyasi qüvvələr arasında mübarizə hökumətin dayanıqlı olması qarşısında bir səddir. İraqda son diktaturadan əvvəl də hökumətlər uzun müddət davam edə bilmirdi. Nuri Səuid bir az ingilislərin yardımı ilə hökuməti saxlaya bildi, amma o biriləri edə bilmədi. Mütəxəssislər bunu siyasi mədəniyyətin aşağı olması ilə izah edirdilər. İraq, necə deyərlər, o tilsimdən çıxa bilmədi. Bu səbəbdən də hazırkı qeyri-müəyyən vəziyyətin və mənfi proseslərin hələ bir müddət davam etməsi gözlənilir”. /Y.M/

Oxşar xəbərlər