2017 “bərkgedən” liderlərin ili oldu -“The Guardian”

  • 28 dek 2017, 13:56

Trampın özünü bu cür liderlər arasında görmək istəməsi ABŞ-ın və Qərbin qlobal miqyasda bütün mövqelərinə zərbə vurub


"2017 sərt kişilərin, qəddarlığa və dəhşətli dərəcədə özünə vurğunluğa meylli "bərkgeden” liderlərin ilinə çevrildi”.

Böyük Britaniyanın"The Guardian” qəzetinin yazarı Saymon Tisdolun ilin yekunları ilə bağlı analitik yazısı bu cümlə ilə başlayır.

Müəllif bu janrın qəhrəmanları olaraq Rusiya prezidenti Vlaidimir Putin, ABŞ prezidenti Donald Tramp və ÇXR sədri Si Tzinpinin adını çəkir.
"Bunlara Rəcəp Tayyip Ərdoğan, Kim Çen In, Rodrigo Duterte, Məhəmməd ibn Salman Əl Səud da qoşula bilər”, - yazıda qeyd olunur.

"Bu cür sərt rəhbərlərin yüksəlişə keçişi qərb demokratiyasının heyrətamiz dərəcədə zəifləməsi, habelə 2-ci dünya müharibəsindən sonra formalaşan beynəlxalq hüquqi və strateji düzənin parçalanmağa başlamasının nəticəsidir. Buraya birparityalı Çinin getdikcə böyüyən qüdrəti, Avropada millətçi və populist avtoritarizmə geri dönüşü də əlavə etmək olar.

Qərbin üzləşdiyi çətinliklər isə Trampla bərabər gələn qeyri-müəyyənliklər və Amerikanın qlobal rolunun zəifləməsi fonunda daha da dərinləşib”, - müəllif bildirir.

Sayman Tisdol bitməkdə olan ilin ən böyük dərdlərini də məhz ABŞ-da hakimiyyətə gələn və avtoritar liderlərə vurğunluğunu gizlətməyən Trampın yürütdüyü siyasətlə bağlayır.

O, bununla əlaqədar 2017-ci ilin ən təhlükəli problemləri olaraq gördüklərini sadalayıb.

"2017-ci ilin ən təhlükəli problemi Şimali Koreya olub. Çünki bu il rinqin hər iki küncündə iki ağılsız və təcrübəsiz lideri - Kim Çen In və Donald Tramp dayanırdı.

Müəllif Çinin ABŞ-ın Koreyadakı münaqişəyə fokuslanmasından istifadə edərək öz nüfuz çətirini yavaş-yavaş dünyanın hər tərəfinə yaydığını, lakin Trampın bütün bunları görmədiyini düşünür:

"Bütün diqqətini yalnız Şimali Koreya ilə bağlı Pekinlə gəlinəcək razılaşmaya yönəldən Tramp Çin liderinə ticarət sahəsində hər cür ixtiyarı vermiş olub. Bundan başqa, o, Pekinin Cənubi-Çin dənizindəki ekspansionizminə, onun Tayvana yönəlik hədələrini artırmasına, Tibet sakinlərinə əzab verməsinə, insan hüquqlarını dəhşətli dərəcədə pozmasına göz yumub. Trans-Atlantik tərəfdaşlığı haqqında sazişdən çıxmaqla isə Tramp çinlilərə daha böyük hərəkət meydanı bəxş edib”.

Tisdol mövzunu davam etdirərək başqa bir "bərkgedənin” üstünə gəlir:
"Si Tzinpin Trampın avamlığından, onun avtoritarizmə olan pərəstişindən, eqoizmindən istifadə edən yeganə lider deyil.

Deyəsən, Putin də Suriya kimi problemlərin həllində ABŞ prezidentini əməkdaşlığa inandıra bilib. Rusiya lideri Krımın işğalından sonra sanksiyaların gücsüzləşdirilməsinə də nail olmağı bacarıb.

Lakin ən əsası ABŞ prezidenti öz kəşfiyyat xidmətlərinin söylədiklərinin əksinə olaraq Rusiyanın prezident seçkilərinə qarışmadığı barədə Putinin sözünə inanıb. Əgər Trampın qərargahı ilə Ruisyanın bu məsələdə əlbir olduğu ortaya çıxsa impiçment qaçılmazdır”.

Saymon Tisdol 2017-ci ili Avropanın immiqrantlar qarşısında qorxudan, iqtisadi çətinliklərdən və bəsit ksenofobiyadan irəli gələn populizm xəstəliyinə tutulduğu dövr kimi səciyyələndirib.

Bunun fonunda Böyük Britaniyanın "Breksit”lə əlaqədar apardığı müzakirələr, Kataloniyadakı müstəqillik cəhdləri və Şərqi Avropada güclənən avroskeptizm cərəyanlarının artışı da bu ilin mənfi gəlişmələrndən biri olaraq qiymətləndirilib.

Müəllif bütün bunların, yəni Qərb demokratiyasının aldığı zərbələrin o cümlədən kiberhücumların, sosial şəbəkələrdəki manipulyasiyaların, dezinformasiyaların arxasında məhz Rusiya olduğunu söyləyir.

Bundan əlavə, Rusiya və İranın birləşərək BMT-ni heçə sayaraq Suriyada Əsəd hakimiyyətini saxladığı, həmçinin İranın İraq, Livan və Yəməndə mövqelərini gücləndirməsi və Qərbin bütün bunlara effektiv cavab verməkdə aciz qalması qeyd olunan hadisələrdəndir.

"Bütün bunlar yetməmiş, Tramp Qüdsü İsrailin paytaxtı olaraq tanımaqla fələstinliləri qəzəbləndirdi. Üstəlik, o, BMT-dəki çıxışında hər kəsi İranla imzalanan nüvə sazişinə son verəcəyi ilə hədələdi. İndi Yaxın Şərqdə baş verə biləcək istənilən hadisə Trampla İran arasında konfrontasiyanın dərinləşməsi ilə bağlı olacaq”, - yazıda bildirilir.

Müəllif bu qədər mənfi rənglərlə təsvir olunan 2017-ci ildə bəzi müsbət işlərin də görüldüyünü bildirib. Bunların içində o, BMT çərçivəsində 122 dövlətin iştirakı ilə nüvə silahının qadağan edilməsi haqında sazişin imzalanmasını, Braziliyanın korrupsiya qalmqallarından özünə gəlməsini, Kolumbiyanın partizan savaşından qurtulmasını, Cənubi Afrikada kleptokratiya və korrupsiyaya qarşı mübarizənin artmasını, o cümlədən Zimbabvenin Muqabe hakimiyyətindən canını qurtarmasını qeyd etmək olar.

Musavat.com

 
Oxşar xəbərlər