Xəbər lenti
Bütün xəbərlər

Britaniya baş naziri Trampı dəyişə biləcəkmi...

  • 28 yan 2017, 09:05

Elxan Şahinoğlu: "O, Tereza Meyi diqqətlə dinləyəcək, Böyük Britaniya ilə müttəfiqliyi gücləndirmək istəyəcək, ancaq Ağ Ev sahibi öz bildiyini edəcək”

 


ABŞ-a səfər edən Böyük Britaniyanın baş naziri Tereza Mey bir sıra maraqlı açıqlamalar verib. "Azadlıq” radiosunun məlumatına görə, Tereza Mey Trampla danışıqlardan əvvəl respublikaçıların Filadelfiyada keçirilən toplantısında etdiyi geniş nitqdə ABŞ prezidentinin siyasətinə şərik olduğu məqamları vurğulayıb, lakin fərqli məqamları da gizlətməyib.

Trampı Rusiya prezidenti Vladimir Putinlə ehtiyatlı olmağa çağıran baş nazir deyib ki, ABŞ daim dünyanın yükünü iftixarla çəkir və Britaniya bu yükə şərik olması ilə fəxr edir. Xanım Mey xatırladıb ki, hər iki dünya müharibəsinə ABŞ-ın müdaxiləsi son qoyub. O deyib ki, BMT-nin islahatlara ehtiyacı olsa da, ABŞ-ın və Qərbin yaratdığı bu təsisat bu gün də əhəmiyyətini saxlayır. Tereza Mey eyni sözləri NATO-ya da aid edib və deyib ki, alyans Qərbin müdafiəsində məhək daşıdır.

Britaniya baş naziri çıxışında deyib ki, Britaniya və ABŞ bundan sonra "dünyanı öz təsəvvürlərinə uyğun şəkildə formalaşdırmaq məqsədilə” müharibələr kimi keçmişin səhvlərini buraxmayacaqlar. Bununla belə, xanım Mey əlavə edib ki, "biz təhlükələr real olanda müdaxilədən çəkinərək bir kənarda dayanmamalıyıq”.

Bundan başqa, Britaniya baş naziri Rusiya və Avropa arasında gərginliyə vurğu edib, ABŞ prezidentini dolayısı ilə də olsa Putindən çəkindirməyə, ona inanmamağa, eyni zamanda Avropanı müdafiə etməyə çağırıb.

Baş nazirin bu açıqlamaları ilk növbədə Trampın hakimiyyətə gəldikdən sonra ABŞ-ın "dünya polisi” rolundan imtina edəcəyi ilə bağlı narahatlığı ifadə edir. Eyni zamanda yeni prezidentin NATO-nun fəaliyyətini tənqid etməsi, başqa ölkələrin daxili işlərinə müdaxilə etməmək və nəhayət Rusiya ilə münasibətləri yumşaldacağı ilə bağlı narahatlıq Britaniya hökumətində də ciddi narahatlıq var. Çünki İkinci Dünya Müharibəsindən sonra ABŞ faktiki olaraq Avropanın himayəçisi kimi çıxış edib. Eyni zamanda dünyada Qərbin liderliyini müdafiə edib. İndi isə dünyada müharibə və terrorun geniş yayıldığı, Rusiya ilə Avropa ölkələri arasında böhranın dərinləşdiyi bir vaxtda Trampın mövqeyi Avropa üçün ağır zərbə ola bilər. Bu həm də dünyada Qərbin siyasi rolunu zəiflədə bilər.


Siyasi şərhçi Elxan Şahinoğlunun fikrincə, Britaniya ABŞ üçün mühüm əhəmiyyətli müttəfiqdir. ABŞ-ın yeni prezidentinin Ağ Evdə ilk olaraq Böyük Britaniyanın baş naziri Tereza Meyi qəbul etməsi də ekspertə görə, bunun işarəsidir: "Bunun obyektiv səbəbi var. Böyük Britaniya ABŞ-ın strateji müttəfiqidir. Böyük Britaniya Avropa İttifaqında olduğu illərdə belə Amerikanın maraqlarının qoruyucusu kimi çıxış edib. ABŞ-ın o zamankı prezidenti Corc Buş İraqa müdaxilə qərarı verdikdə onu Avropa ölkələrinin liderlərindən məhz Böyük Britaniyanın baş naziri Toni Bler dəstəklədi. Bundan əvvəl isə 1980-ci illərdə ABŞ prezidenti Ronald Reyqan ilə Böyük Britaniyanın baş naziri Marqaret Tetçer arasında sıx əlaqələr var idi”.

Barak Obama dövründə iki ölkə arasında strateji müttəfiqlik bir qədər arxa plana keçsə də, E.Şahinoğluna görə, Ağ Ev Trampın dönəmində iki ölkə münasibətlərinin yenidən yüksək səviyyəyə çatacaq. Baş nazirin dəvəti də buna işarədir, ancaq istənilən halda münasibətlər yüksək səviyyədə olmayacaq: "Təsadüfi deyil ki, Barak Obama prezident olduğu gün Ağ Evdəki iş otağından Böyük Britaniyanın əfsanəvi baş naziri Uinston Çörçilin büstünü götürdü. Tramp isə əksinə Ağ Evə yerləşdiyi birinci gün həmin büstü yerinə qaytardı. Tramp bununla Londona işarə etdi ki, Böyük Britaniya ilə yenidən tamhəcmli strateji əlaqələr qurmaq istəyir. Buna baxmayaraq, Vaşinqtonla Londona arasında fikir ayrılıqları tam mənada ortadan qaldırmaq asan olmayacaq. 

Məsələn Trampın NATO-ya münasibəti tənqididir və ya Ağ Ev sahibi Rusiya ilə yaxınlaşmaq istəyir. London əksinə NATO-ni beynəlxalq təhlükəsizliyin vacib elementi sayır və Rusiyaya qarşı sanksiyaların yumşalmasını istəmir. Londonla Moskva arasındakı münasibətlər soyuqdur. Bunun iki səbəbi var. Birinci səbəb Londonda qətlə yetirilən Litvinenko olayıdır ki, Böyük Britaniya hökuməti Moskvadan şübhəlidir, ikinci səbəb Krımın işğalıdır. 

Ona görə də böyük ehtimalla Böyük Britaniyanın baş naziri Tereza Mey Trampa Rusiya ilə münasibətlərdə ehtiyatlı olmağa çağıracaq. Ancaq Donald Tramp o şəxslərdən deyil ki, kənar şəxsin fikrini qəbul etsin. Bəli, o Tereza Meyi diqqətlə dinləyəcək, Böyük Britaniya ilə müttəfiqliyi gücləndirmək istəyəcək, ancaq Ağ Ev sahibi öz bildiyini edəcək”.

KƏNAN
Oxşar xəbərlər