Jurnalist prezidentə yuxusunu danışıb və yuxusu çin çıxıb

  • 20 noy 2017, 13:59

Qırğızıstan prezidenti Almazbek Atambayevin səlahiyyət müddəti noyabrın 24-də başa çatır. Atambayevi oktyabrın 15-də keçirilmiş prezident seçkisində qalib gələn Sooronbay Jeenbekov əvəzləyəcək.

60 yaşlı Almazbek Atambayev 6 ildir Qırğızıstanın prezidentidir. Postu tərk etmək ərəfəsində dövlət başçısı 6 illik fəaliyyətinin yekununa həsr olunmuş mətbuat konfransı keçirib. Konfransda məzəli hadisə də baş verib.

Novator.az xəbər verir ki, Qırğızıstanın "De-Fakto” qəzetinin baş redaktoru Amantur Musaqulov dövlət başçısına sual vermək əvəzinə yuxusunu danışıb.

Baş redaktor deyib ki, yuxuda prezidentin ona saat bağışladığını görüb. Yuxusunu danışandan sonra baş redaktor prezidentdən saatını yadigar istəyib.

Almazbek Atambayev dərhal saatı qolundan açaraq jurnalistə bağışlayıb və gülə-gülə deyib: "Yaxşı ki, klassik kostyumumu yuxuda görməmisən, saatla qurtuldum”.

Daha sonra prezident saat bağışladığı jurnalistə üzünü tutaraq "Amantur, özünü qoru!” deyib.

Oxşar xəbərlər