Yolunu azmış şər maşınının naşı sürücüsünə ağsaqqal xəbərdarlığı...

  • 07 fev 2016, 17:25
Adını belə çəkməyi özümə sığışdırmadığım bir üzdəniraq saytda İkram Rafiqoğlu adlı zavallının ADAU ilə bağlı ikinci qərəzli yazısı işıq üzü görüb. Xeyli vaxtdır qaçıb gizləndikdən sonra yenidən zühur edərək ona-buna çamır atmaqla şou-biznes gözəlçələri kimi gündəmə qayıdacağını zənn edən İkram Rafiqoğlu bu dəfə ADAU-nun rektoru İbrahim Cəfərovu Rəsul Quluyevin adamlarına geniş meydan verməkdə suçlayıb... 

Bildirmək istəyirəm ki, İkram Rafiqoğlu zamanında ADAU-da oxuyub və bu təhsil müəssisəsinin məzunu olub. Ən azı ona burada dərs deyilib, zəhmət çəkilib və həyatda yerini tutması üçün gərəkən biliklər verilib. Əgər bu gün o hər şeyi unudub təhsil aldığı elm ocağına böhtan atırsa və bunu davamlı şəkildə edirsə, deməli, əqidə düz deyil, şagirdin ustadına kəm baxmasından başqa bunun adı yoxdur.

İkram Rafiqoğlu ADAU-dan niyə yazmağa başladı? 

Faktlarla demək daha doğru olar. Bir müddət əvvəl Rafiqoğlu yaxın bir xanım adamını burda işə düzəltdirmək istəyib. Sənədlərini də təqdim edib. Zarema Hüseynova ad - soyadlı xanımın isə burda işləməsi üçün boş yer olmayıb. Bu üzdən də müxbircik qəzəblənib və kim olduğunu sübuta yetirmək üçün "gücünü” göstərmək istəyib. Səbəb yalnız budur. Yazdıqları isə dəyərli bir tarixi olan universitetə şər və böhtandan başqa bir şey deyil. ADAU demək olar ki, hazırda bütün sahələr üzrə tarixinin ən şərəfli illərini yaşayır. Burada heç bir ixtisardan söhbət gedə bilməz. İkram isə "sokroşeniya"dan dil qəfəsə qoymur. Tələbə - müəllim münasibətləri olduqca şəffafdır, tədrisin bazası ilbəil güclənir, tələbələrin sosial problemləri vaxtaşırı həllini tapır. Tələbə üçün rektorla görüşmək, çətinliklərini bölüşmək heç vaxt problem olmayıb. O ki, qaldı tələbələrin rektorunu müdafiə etməsinə: bunun da səbəbi yalnız onlara göstərilən qayğıdır. Bir nəfər belə olsun tələbə dərsdən yayına bilməz.

Rafiqoğlu "mənbə bildirir ki" ifadəsini çox işlətsə də adını çəkmir. Özünün dediyi kimi yalnız mülahizələrini, əslində sərsəm yuxularını qələmə alır. Ona görə də onun cızmaqaraları qarabasmadan uzağa getmir və normal məntiqlə daban-dabana ziddiyyət təşkil etdiyindən kimsənin diqqətini də cəlb edəcək səviyyədə deyil. Amma biz bu cür qarayaxmaları cavabsız buraxdıqca sanki bir azğınlaşma cəhdi sezilir, ona görə də bu qeydlərim ona cavabdan daha çox "ağıll ol" xəbərdarlığı vermək, ağsaqqal öyüdü ilə təkcə yediyi qaba deyil, keçmişinə, olan-olmayan bioqrafiyasına tüpürməyə hazır olan, yaşı çox olsa da cocuq təfəkküründən xilas olmağa macal tapmayan İkram Rafiqoğluna bu cür yaramaz davranışlarından imtinaya səsləməkdir...

Azərbaycan Dövlət Aqrar Universitetinin çox sağlam kollektivi, dövlətinə, onun prezidentinə sadiq, hər zaman dövlətinin yanında olan böyük bir kontingenti var. Bu kollektivi okeanın o tayında yaşayan Rəsul Quluyevə bağlamaq isə gülüncdür və gülünc olduğu qədər də yalandır, şər - böhtandır.
İndi elə zaman deyil ki, nəyisə gizlətmək mümkün olsun. Yəni bir İkramın "bildiyini” guya dövlət və onun müvafiq qurumları bilmirmi? Bununla özü belə nə demək istədiyinindən xəbərsiz olduğunu təsdiq etmiş olur bu zavallı cocuq... 
ADAU-nun rektoru şəhərin ictimai-siyasi həyatında da həmişə fəal olub və kollektivi ilə birgə bundan qürur duyub. Burda da heç bir maraqdan və işlərə kölgə salmaqdan söhbət gedə bilməz.

Son olaraq bu yazını oxuyan hər kəsin bilməsi vacibdir ki, qaranlıq məqsədləri əsas bilib nəsə yazmağın cəzası çox ağır olur. Bax bu zaman kor körpüdən keçə bilmir. Amma ümid etmək olar ki, yolunu azmış bu sınıq-salxaq şər maşınının əyləci heç olmasa bu dəfə işləyəcək, əks halda ədalət mühakiməsi adlı körpüdən gedər-gəlməzə olmasa da bir neçə illik zindana yuvarlanacaq...

Qalib Rəhimli, 
ADAU-nun mətbuat xidmətinin rəhbəri
Oxşar xəbərlər