TƏHSİL EKSPERTİ "YIXIB-SÜRÜDÜ" - Məktəbdaxili Nəzarət nədir və niyə tətbiq olunmur ?

  • 22 sen 2018, 11:59

"Demokratik.Az"- ın məlumatına görə, təhsil üzrə tanınmış ekspert Elşən Qafarov özünün facebook səhifəsində təşkil etdiyi növbəti canlı yayımında "Məktəbdaxili nəzarət nədir, niyə tətbiq olunmur?" mövzusunda TN-in və orta məktəblərdə direktorların xoşagəlməz fəaliyyətini sərt tənqid edib.

Ekspert "Təhsil qanunu"nun müvafiq maddələrinin tələblərinin pozulduğunu, nazirlik tərəfindən məqsədli özbaşınalıqlara yol açıldığını, rayon təhsil şöbələrində rüşvət müqabilində formalaşdırılan "korrupsiya (qara) kassaları"na son qoyulmalı olduğunu dilə gətirib. Ekspertin dediyinə görə, nazirlik təhsil sahəsində baş verənləri durdurmağa, tədbir görməyə sanki maraqlı deyil. Nəticədə, təhsil siyasəti kənardan erməni düşmənlərimizin bizə arzulaya biləcəyi, görmək istədiyi kimi idarə olunur. Ölkənin bilik səviyyəsinin mənfiyə doğru istiqamət aldığı fikri artıq ortadadır. Valideyinlər də Azərbaycanda ümumtəhsilin faciəvi halda olduğunu bilir.

Elşən Qafarov hesab edir ki, təhsil ictimaiyyəti və əhali ələ salınır, 2017-18 tədris ilində olduğu kimi, yeni tədris ilinin də "keyfiyyətli tədris"dən bəhs ediləcəyi gözlənilən biabırçılıqdır. Sosial media layihəsi adı altında saxta profillərlə ağızlarına gələn cəfəng fikirlər yazan nazirlik trollarını da qınayıb, ekspert onların qəpik-quruş müqabilində anti-təhsil fəaliyyətlərini pisləyib.

Məktəb direktorlarının təyinatından və onlara keçirilən təlimlərdən heç bir fayda əldə edilmədiyini bildirən Elşən Qafarov deyib ki, nazirlik belə süni yollarla, təhsil səriştəsizliyi ilə gənc nəslin gələcəyinin məhvinə çalışırlar. Ekspert tutarlı suallarla nazirliyə müraciət edib: "Siz cəmiyyətə hansı mesajları verirsiniz, belə fəaliyyətsizliyinizlə nə demək istəyirsiniz? Siz bu idarəetmənizlə lağ edirsiniz, azından nazirlik bundan sonra idarəolunmaz ümumtəhsil siyasətini düzəltməlidir. Bugünün şagirdləri kütləşdirirsiniz ki, bu azərbaycanşılığa, gələcək qüdrətli və güclü dövlətçilik siyasətinə uyğun deyil. Gözləyə bilmərik ki, belə davam etsin, təhsilimiz bərbad durumdadır. Ümidliyəm ki, nazir ölkəni gəzəcək, təhsil adamlarını dinləyib, dərdlərinə çarə qılacaq. Nazir axı niyə təhsil müəssisələrindən qaçır? Kimlər Cehun Bayramovun qabağını kəsir ki, nazir olandan sonra xarakterini dəyişib?...".

Ekspert Naxçıvan təhsilindən də danışıb və Muxtar Respublikanın təhsilinin bizdən fərqli, əmin əllərdə olduğunu bildirib.

Və sonda, Elşən Qafarov təhsili idarə edən şəxslərə bir daha çağırış edərək məktəbdaxili nəzarət sistemində fərqli dəyişikliyə səsləyib. O, bütün təhsil ictimaiyyətini susmağa, təhsilimizi düşdüyü xaosdan çıxarmaq üçün cəhdlər etməyə dəvət edib.

"Demokratik.Az" ekspertin canlı yayımının videosunun tam versiyasını oxuculara təqdim edir: 


Oxşar xəbərlər