Bakı Lift İdarəsi rəisinin qamaqallı ailə İŞi uzanır

  • 02 iyul 2018, 18:01

Bakı Lift İdarəsinin rəisinin adı yenə də mətbuatın gündəminə gəlib. Bu dəfə rəis Qüdrət Şükürovun keçmiş kürəkəni ilə indiki kürəkəninin davası məhkəməlik olub.Nərimanov Rayon Məhkəməsində xuliqanlıqda ittiham olunan Elşən Əsgərli və onun dostları Azər Nəsibov, Nuray Bayramlının cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Musavat.com xəbər verir ki, hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Oqtay Əhmədov dindirilib.

O bildirib ki, hadisədən bir müddət əvvəl əmisi Şahin Məmmədovun evinə gedib: "Evdə olan zaman əmim dedi ki, Elşənlə görüş təyin edib və telefonda söyüşüblər. Biz də durub getdik görüşə. Hadisə bu cür oldu”.

Təqsirləndirilən Elşən Əsgərli isə bildirib ki, görüşü Şahin Məmmədovla razılaşıb: "Gənclikdə "Bazarstore” qarşısındakı görüşdük. Baxdım maşında 4 nəfər var. Çatan kimi məni söydülər. Hərəsi bir tərəfdən üstümə hücum çəkdi. Oqtay maşından qəribə taxta çıxardıb, maşının nömrəsini qırdı və gördüm ki, taxta ilə üstümə hücum çəkir. Polisə sığınmaq üçün qaçdım. Onlar polisin yanında məni döyməyə başladılar. Bu zaman çoxlu adam başımıza yığışdı. Həmin vaxtı əsgər yoldaşım da təsadüfdən ora gəlmişdi. Birinci o bizi aralayırdı, sonra onu da mənimlə birlikdə döydülər”.

Təqsirləndirilən şəxs bildirib ki, bu iş üzrə Oqtaya himayədarlar kömək edir: "Oqtayın atasının böyük himayədarları var. Elnur Cəfər adlı prokurorluq əməkdaşı onlara kömək edir”.

Suallara cavab verən Elşən Əsgərli bildirib ki, ötən il dekabrın 17-dən yanvarın 6-a qədər Ukraynada olub: "Orda olan zaman çoxsaylı zənglər gəlirdi. Sonradan "instagram”da mənə yazdılar. Nömrələri qoymuşdular. Yazmışdılar, nömrəyə zəng eləməyən "belə-belə” olsun. Mən də yığdım. Əmisi götürdü. Yenə təhqir elədi. Dedi ki, kişiliyin varsa gəl görüşək. Bu əvvəlcədən qurulmuş ssenari idi. Plana uyğun olaraq döyülən də, söyülən də mənəm. Lakin onun atasının statusu və pulu məni günahkar çxıardı.

İttiham aktına əsasən, Elşən Əsgərli tanışları – Azər Nəsibov və Nuray Bayramlı ilə birlikdə 7 yanvar 2017-ci il tarixdə paytaxtın Nərimanov rayonu, 2-ci Sülh döngəsi küçəsində keçmiş həyat yoldaşının hazırkı əri Oqtay Əhmədova qarşı xuliqanlıq ediblər.

İstintaq araşdırması zamanı E.Əsgərli və digər şəxslərin O.Əhmədova qarşı xuliqanlıq etməsinə səbəbi məlum olub.

E.Əsgərli O.Əhmədovun və əmisi Şahin Əhmədovun haqqında, eləcədə onların ailə üzvləri barəsində sosial şəbəkələrdə təhqiredici ifadələr işlətməklə, məlumatlar yayıb.

Bununla bağlı Nərimanov rayonu, 2-ci Sülh döngəsi küçəsində E.Əsgərli tanışları A.Nəsibov və N.Bayramlı ilə birlikdə həmin gün saat 18.30-da O.Əhmədovla görüşüblər.

Görüş zamanı O.Əhmədov E.Əsgərliyə hansı səbəbdən onun ailə üzvləri haqqında sosial şəbəkələrdə təhqiredici məlumatlar yaymaqla, onlardan əl çəkmədiyini, və əmisi Şahin Əhmədovu təhqir etdiyini bildirib. Bu səbəbdən onların arasında mübahisə yaranıb. Mübahisə zamanı E.Əsgərli O.Əhmədovun üz nahiyəsinə bir yumruq zərbəsi vurub. O.Əhmədovu vuran E.Əsgərli daha sonra Vaqif küçəsində olan "Azpetrol” yanacaqdoldurma məntəqəsi istiqamətində qaçıb. O.Əhmədov da idarə etdiyi avtomobillə onun arxasınca düşüb.

Yanacaqdoldurma məntəqəsinin yanında olan zaman O.Əhmədov mübahisəsini davam etdirib.
Bu zaman E.Əsgərli uca səslə O.Əhmədovun və onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib.
E.Əsgərli O.Əhmədovu yenə də vurmaq istəyərkən hadisə yerinə gəlmiş polis əməkdaşları – İlkin Həbibov və Rəsul Ağayev onu sakitləşəməyə çağırıblar, onun əl-qolunu tutaraq, O.Əhmədovu yenə də vurmaq istəməsinə imkan verməyiblər.

Bu vaxt E.Əsgərlinin tanışları – N.Bayramlı və A.Nəsibov münaqişəni sakitləşdirmək bəhanəsi ilə O.Əhmədovu bir qədər kənara çəkiblər. Orada A.Nəsibov O.Əhmədovun üz nahiyəsinə bir kəllə vurub. Daha sonra A.Nəsibov və N.Bayramlı zərbənin təsirindən yerə yıxılmış O.Əhmədovun bədənini müxtəlif nahiyələrinə zərblər vurub.

Həmin vaxt polis əməkdaşlarının əlindən çıxan E.Əsgərli O.Əhmədova hücum edib, onun ailə üzvlərini nalayiq ifadələrlə söyüb. Baş verən hadisə zamanı O.Əhmədov üz və bədən nahiyələrindən xəsarətlər alıb.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 221.2.1-ci ( bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək) və 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə) xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.

qudretXatırladaq ki, Elşən Əsgərli Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun keçmiş kürəkənidir. E.Əsgərli Şükürovun qızı Aysellə ailəli olub. Aysel boşandıqdan sonra Oqtay Əhmədovla ailə həyatı qurub. Bundan sonra tərəflər arasında sosial şəbəkələrdə, əsasən də instagram hesablarından bir-birlərinin ünvanlarına təhqiredici ifadələr və ittihamlar səsləndiriblər.

Bu qalmaqaldan sonra Qüdrət Şükürovun da adı mətbuatda hallanıb. Lift idarəsinin rəisi qızının ikinci dəfə keçirilən toyuna 400 min manatdan çox pul xərclədiyi bildirilir.

Oxşar xəbərlər