Veteran futbolçumuz barəsində kassasiya şikayətinə baxılacaq

  • 25 yan 2018, 08:30

Dələduzluqda təqsirləndirilən veteran futbolçu Maşallah Əhmədovun barəsində Bakı Apellyasiya Məhkəməsinin qərarından zərərçəkmişin verdiyi kassasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub.

Ali Məhkəmədən Trend-ə verilən məlumata görə, kassasiya şikayətinə hakim İmran Hacıqayıbovun sədrliyi ilə baxılacaq. Məhkəmə prosesi fevralın 6-na təyin edilib.

M.Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin M.Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.

Binəqədi Rayon Məhkəməsində M.Əhmədov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sonradan Binəqədi Rayon Məhkəməsi M.Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edərək onu ev dustaqlığına buraxıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsində, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, M.Əhmədovun barəsində çıxarılmış birinci instansiya məhkəməsinin hökmü dəyişdirilərək cəzası 8 ildən 2 ilə endirilib. Həmin qərardan narazı qalan zərərçəkmiş Yusif Əzizov Ali Məhkəməyə müraciət edib.

M.Əhmədov ötən il oktyabrın 7-də saxlanıldığı Bakı İstintaq Təcridxanasından cəzasının dörddə üç hissəsini çəkdiyi üçün vaxtından 2 ay əvvəl azadlığa buraxılıb. Onun azadlığa buraxılması ilə bağlı apellyasiya şikayəti və apellyasiya protesti isə verilməyib.

Demokratik.Az

Oxşar xəbərlər