Vahid Əhmədov: “Fazil Məmmədov ciddi xəstə idi”

  • 06 dek 2017, 17:18

"Fazil Məmmədovun xəstəliyi vardı və bundan xeyli əziyyət çəkirdi. Bununla əlaqədar olaraq, Prezident belə bir sərəncamla Fazil Məmmədovu Mikayıl Cabbarovla əvəzlədi. Fazil Məmmədov təcrübəli mütəxəssis olaraq, vergi sistemində kifayət qədər islahatlar apardı, hesab edirəm ki, bu islahatlar yeni nazirin rəhbərliyilə davam etdiriləcək”.

Virtualaz.org bildirir ki, bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov yerli KİV-ə vergilər naziri Fazil Məmmədovun istefaya göndərilməsinə münasibət bildirərkən deyib.

V.Əhmədov onu da qeyd edib ki, Mikayıl Cabbarov müxtəlif illərdə iqtisadiyyat nazirinin müavini işləyib: "Mikayıl Cabbarov təhsil sahəsində kifayət qədər islahatlara yer ayırmışdı. Hazırda Vergilər Nazirliyində də islahatlar davam etdirilməlidir. Doğrudur, 2016-cı ilin sonlarında vergi sahəsində kifayət qədər islahatlar aparıldı. Əhali ilə, sahibkarlarla vergi sistemi arasında olan münasibətlərin tənzimlənməsinə böyük ehtiyac var. O cümlədən, Vergi Məcəlləsində dəyişikliklər edilməsinə ehtiyac var. Yəqin ki, yeni nazir öz komandasını formalaşdırdıqdan sonra cənab Prezidentin tapşırığı ilə müəyyən islahatlara start verəcək. Çünki bu, indiki iqtisadi islahatlar çərçivəsində strateji yol xəritəsində öz əksini tapıb”.

Parlament üzvü deyib ki, nazir vəzifəsi strateji postdur, ona görə narahatlığa əsas yoxdur: "Vergilər Nazirliyində vergi sistemini bilən kifayət qədər savadlı, bacarıqlı kadrlar var. Nazirin müavini Sahir Məmmədxanov və digər müavinlər, departament rəhbərləri öz işlərinin öhdəsindən çox bacarıqla gəlirlər. Nazir strateji xəritəni müəyyən etdikdən sonra islahatları həyata keçirən bir şəxs olacaq. Ona görə də ciddi problem olacağını düşünmürəm”.

Təhsil naziri postuna kimin təyin olunacağına gəlincə, V.Əhmədov bunun Prezident İlham Əliyevin səlahiyyətində olduğunu bildirib: "Təhsil elə bir sahədir ki, bura təcrübəli şəxsin təyin olunması çox vacibdir. Nazir vəzifəsini müvəqqəti icra edən Ceyhun Bayramov da təcrübəli kadrdır. O da nazir postuna gətirilə bilər. Amma dediyim kimi, bu, ölkə rəhbərliyinin qərarına bağlı məsələdir”.

Oxşar xəbərlər