“Fərhad Əhmədovun “Aznar” şirkəti ləğv olunmur” təkzib

  • 02 okt 2017, 12:07

"Demokratik.Az”-ın 22 sentyabr 2017-ci il tarixli buraxılışında "APA-Economics" -ə istinadən "Milyarderin Azərbaycandakı şirkəti ləğv olunur” başlıqlı xəbər dərc olunub. Bir çox saytlarda da yayımlanan xəbərdə yalnışlığa yol verilib və "Az-nar" şirkəti ilə "AZNAR" səhvən eyniləşdirilib.

"Demokratik.Az" saytı olaraq oxucuların diqqətinə çatdırmağı borc bilirik ki, yayımlanan məlumatdan dərhal sonra, Teymur Əhmədov adına "AZNAR" QSC-nin rəhbərliyi yalnışlığı aradan qaldırmaqla haqlı olaraq xəbərə təkzib verilməsini tələb etmişdir.

Xəbərdə bildirilirdi ki, oktyabrın 25-də "Aznar" QSC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Məlumata görə, iclasın gündəliyinə "Aznar" QSC-nin ləğv edilməsi, ləğvetmə komissiyasının təyin edilməsi və ləğvetmə ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi kimi məsələlər daxildir.

 "Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar növbədənkənar ümumi yığıncağın çağırılmasına 15 gün qalmış gündəliyə daxil olan məsələlər üzrə müvafiq materiallarla Teymur Əhmədov adına "Az-nar" QSC-nin inzibati binasında tanış olmaq hüququna malikdirlər", - deyə mediada yayılan məlumatda vurğulanıb.

Mətbuat "Az-nar" QSC-ni Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədova məxsus şirkət kimi təqdim edib.

""Aznar” QSC-nin Səhmdarlarının Növbədənkənar Ümumi Yığıncağının çağırılması ilə bağlı "Xalq qəzeti"nin 22 sentyabr 2017-ci il tarixli sayında dərc edilmiş elanda redaksiya tərəfindən texniki yanlışlığa yol verilib.

Diqqətinizə çatdırırıq ki, ləğv edilməsi üçün səhmdarların ümumi yığıncağının müzakirəsinə çıxarılan hüquqi şəxs Teymur Əhmədov adına "Aznar” QSC (VÖEN: 6000083631 ) deyil, onun törəmə hüquqi şəxsi olan, əvvəllər "Göyçay Toxucu” ASC adı ilə fəaliyyət göstərmiş və sonradan adı "Az-nar” QSC (VÖEN: 6000162701) olaraq dəyişdirilmiş olan hüquqi şəxsdir.
Sözügedən yığıncağın Teymur Əhmədov adına "Aznar” QSC-nin Göyçay şəhəri, Natəvan küçəsi, 120 ünvanında yerləşən inzibati binasında keçirilməsi nəzərdə tutulduğuna görə, bir sıra kütləvi informasiya vasitələrində çaşğınlığa yol verilib. Və Teymur Əhmədov adına "Aznar” QSC-nin ləğv edilməsi ilə bağlı xəbərlər yayılıb. 

Bundan başqa, " Aznar” Direktorlar Şurasının sədri Fərhad Əhmədovun qardaşı Fərəc Əhmədov elə həmin gün Modern.az-a açıqlamasında xəbəri təkzib edib.

Sonda onu da bildirək ki, rəsmi dövlət qəzeti adını daşıyan "Xalq qəzeti"nin 22 sentyabr 2017-ci il tarixli sayında dərc edilmiş elanda redaksiya tərəfindən texniki yanlışlığa yol verilməsi biabırçılıqdır.

Beləliklə, "Demokratik.Az" saytı olaraq sözügedən xəbərdə "Az-nar"-ın səhvən Teymur Əhmədov adına "Aznar” QSC kimi təqdim olunduğunu bildirərək, Fərhad Əhmədova məxsus "Aznar” şirkətinin ləğv edilməyəcəyini bildiririk. Həqiqətə uyğun olmayan məlumatın bizim portalda da yayımlanmasına görə, oxucularımızdan və şəxsən " Aznar” Direktorlar Şurasının sədri Fərhad Əhmədovdan üzr istəyirik.

 

Demokratik.Az

 

Oxşar xəbərlər