Deputat "Kürdüstan"ı dəstəkləyən kürd məmura görə DTX-ya səsləndi

  • 27 sen 2017, 20:43

"Azərbaycan pasportunu yandırmağa hazır olan şərəfsizlər vəzifəyə necə yerləşdirilib?"  

Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycanda rəsmi vəzifə tutan məmurun - Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyevin sosial şəbəkələrdə İraq Kürdüstanında keçirilən referenduma haqq qazandırmasını pisləyib.

Demokratik.Az xatırladır ki, kürd əsilli məmurun hərəkətləri böyük səs-küyə səbəb olub. Bunun ardından öz hərəkətlərinə bəraət donu geyindirməyə çalışan məmur unikal.org-a açıqlamasında hakimiyyət qurumlarına təhdidedici mesaj da verib. Deputat onun "Azərbaycan pasportumu yandıracağam” sözlərindən hiddətlənərək özünün feysbuk səhifəsində aşağıdakıları yazıb. Bu yolla DTX-ya səslənərək məmurun cəzalandırılmasını, haqqında ciddi araşdırma aparılmasını istəyib.

 

"Azərbaycanın mühüm dövlət qurumlarından biri olan Laçın rayon icra hakimiyyətində məsul vəzifəyə yerləşdirilmiş militan deyir ki, məni işdən Müstıqil Kürdüstana görə çıxardınız, mən də gedib Azərbaycan pasportumu yandıracağam. Yəni Müstəqil Kürdüstan naminə Azərbaycan pasportunu yandırmaq (ardınca Azərbaycan bayrağını yandırmaq gəlir, himnimiz oxunanda dalını çevirmək gəlir, qondarma Dağlıq Qarabağın müstəqilliyini dəstəkləmək gəlir.) ideyası illərlə formalaşmış düşüncədən xəbər verir və buna oldu-bitdi kimi yanaşa bilmərik. Bu, bizim dövlətimiz üçün gözlənilən təhlükə simptomlarından biridir. İndi görək təhlükəsizlik orqanları aydınlaşdıra biləcəklərmi hansı qurumlarda Ermənistan üçün və ya Rusiya üçün, yaxud İran üçün, ABŞ üçün Azərbaycan pasportunu yandırmağa hazır olan şərəfsizlər necə və kimlər vasitəsilə yerləşdirilib? Öz millətini, xalqını sevmək hər kəsin haqqıdır, hətta şərəf borcudur. Ancaq bu sevgini bəhanə edib Azərbaycan dövlətinin dəyərlərinə, milli maraqlarına qarşı tərbiyəsizlik etmək yolverilməzdir və bunun qarşısını hamılıqla almalıyıq".

"Demokratik.Az"

Oxşar xəbərlər