Prezident türkiyəli naziri qəbul edib
- 23 fev 2017, 12:28
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak ilə görüşüb.
Demokratik.Az rəsmi mənbələrə istinadən xəbər
verir ki, Berat Albayrak Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı
Əminə Ərdoğanın Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti təyin olunması münasibətilə Prezident İlham Əliyevə və xanımı
Mehriban Əliyevaya təbriklərini və salamlarını çatdırdı.
Dövlətimizin başçısı səmimi təbrikə və salama görə minnətdarlığını bildirdi,
onun da salamının Türkiyə Prezidentinə və xanımına çatdırılmasını xahiş etdi.
Prezident İlham Əliyev Türkiyənin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində
nazirlərin üçüncü toplantısında yüksək səviyyədə iştirak etməsinin önəmini
xüsusi vurğuladı. Dövlətimizin başçısı bu toplantının gələcək planların uğurla
reallaşdırılmasına mühüm töhfə verəcəyinə əminliyini bildirdi.
Türkiyədə keçiriləcək ümumxalq səsverməsinə toxunan Prezident İlham Əliyev
referendumun yüksək səviyyədə təşkil olunacağına, Türkiyə xalqının iradəsinin əksini
tapacağına və qardaş ölkənin həyatında bundan sonra yeni, daha sabit dövrün
başlanacağına əminliyini bildirdi. Dövlətimizin başçısı TANAP layihəsinin
uğurla icrasına verdiyi dəstəyə görə Türkiyə hökumətinə minnətdarlığını ifadə
etdi.
Söhbət zamanı dünyada və Avropada baş verən siyasi, iqtisadi böhran fonunda Azərbaycan
ilə Türkiyə arasındakı dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyədə
olması məmnunluqla qeyd edildi.
Demokratik.Az