Rid Mikkelsen: “Amerikalı kəşfiyyatçı” Azərbaycan mediasında nə axtarır?

  • 03 sen 2021, 20:34
ABŞ kəşfiyyatçısı Azərbaycan mediasında nə axtarır? Əldə etdiyimiz məlumatlar bu sualı aktuallaşdırdı.
Məlumata görə, Rid Mikkelsen adlı şəxs Azərbaycan media orqanlarının redaksiyalarını ziyarət edir, özünü ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi kimi təqdim edərək, müəyyən suallar ünvanlayır.

Bu suallar əsasən bir neçə punktdan ibarətdir:

- Redaksiyanın heyəti neçə nəfərdən ibarətdir?
- Redaksiyanın mövqeyi necədir, müxalifət, yoxsa iqtidaryönümlüdürmü?
- Maliyyə mənbələri haradandır?
- Dövlət tərəfindən tapşırıqlar verilirmi, verilirsə, kimlər verir və s.

Rid Mikkelsen adlı şəxsin redaksiyalara xəbərsiz gəlməsi media orqanlarının rəhbərliyində və əməkdaşlarında çaşqınlıq yaradır. Bəzən “amerikalı” istədiyi məlumatları əldə edə bilir də.

O da maraqlıdır ki, Rid Mikkelsen adlı şəxs ziyarət etdiyi redaksiyalara görüşlə bağlı heç kimə məlumat verməməyi xahişı edir.

Bu fakt həm informasiya təhlükəsizliyi, həm də dövlətin təhlükəsizliyi üçün ciddi risklər yaradır.

Ən təhlükəli məqamlardan biri isə Rid Mikkelsen adlı şəxsin həqiqətən ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı olub-olmamasıdır.

Əgər bu şəxs səfirliyin əməkdaşıdırsa, o zaman ABŞ səfirliyi media orqanlarında nəyi öyrənmək istədiyinə aydınlıq gətirilməlidir.

Əgər Rid Mikkelsen səfirliyin əməkdaşı deyilsə, ABŞ səfirliyi buna da aydınlıq gətirməlidir. Çünki heç kim bu şəxsin hansısa ölkənin kəşfiyyatçısı olduğuna zəmanət verə bilməz və bunun aydınlaşdırılması həm də ABŞ-ın ölkəmizdəki səfirliyi üzərindəki şübhələrə son qoya bilər.
Rid Mikkelsen adlı şəxsin təqdim etdiyi vizit kartın saxta olduğu ehtimalı da böyükdür, bunu vizit karta baxdıqda da görmək olar.

Media orqanlarını bu faktla bağlı ehtiyatlı olmağa, özünü ABŞ səfirliyinin əməkdaşlı kimi təqdim edən bu şübhəli şəxsi qəbul etməməyə dəvət edirik.

Demokrat.az
Oxşar xəbərlər